Azərbaycan səhiyyəsinin “xəstəliyi” niyə müalicə olunmur?

azerbaycan-sehiyyesinin-xesteliyi-niye-mualice-olunmur
Oxunma sayı: 2687

13 yaşlı leykoz xəstəsi Mahir Orucov Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan dəcəllik etdiyinə görə çıxarılıb. Bu barədə uşağın anası Dilarə Orucova “Bizim Yol” qəzetinə məlumat verib. O deyib ki, dövlət xəstəxanasında tibb bacılarına verməyə pulu olmadığına görə uşağını ağır vəziyyətdə institutdan çıxarıblar. “Bəhanə gətirdilər ki, uşağın dəcəllik edir. Uşağı qoluma verdilər ki, çıx get buradan. Oğlumun immuniteti zəifləmişdi. Analizlərində göstərilirdi ki, qanda leykositlərin miqdarı 1,8-dir, amma normada 4,9 olmalıdır. Trombositlər 55-dir, amma normada 6000-7000 olmalıdır. Bədənindəki “kletkalar” 100 olmalıdır, ancaq oğlumda tək-tək idi. Oğlumu 31 avqustda bu vəziyyətdə xəstəxanadan çıxardılar”.

Dilarə Orucova xəstəxanadan çıxdıqdan sonra şöbə müdiri Gülya xanımla əlaqə saxlayıb. Müdir deyib ki, xəstəxanadan icazəsiz uşağı çıxarmaq olmaz. Amma valideynin geri qayıtmağa pulu olmayıb. “Həmin gün vağzalda oğlumla 1 manatsız qalmışdıq. Axırda bir sürücü bizi pulsuz Tərtərə gətirdi. Uşaq 40 dərəcə qızdırmada komaya düşdü. Tərtər rayon Uşaq xəstəxanasına gətirdik. İki gün komada yatdı. Həkimlərin hamısı uşağı ayıltmağa çalışırdılar. İndi 38 dərəcə temperaturu var. Boğazı da səpib. Həkim də deyir ki, Qan İnstitutuna aparılmalıdır, burada onu müalicə edə bilməzlər”.
Dilarə Orucova bildirib ki, oğlu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 1 ildə 6 dəfə kimyaterapiya alıb. İnstitutda xərclədiyi pulların sayı-hesabını bilməyən valideyn yenidən ora qayıtmağa çəkinir. “Neçə “paçka” pul xərcləmişik. Sistem qoşmağa 2 manat, qan köçürməyə 5 manat pul alırdılar. Qanı özüm tapırdım, onu köçürməyə də 5 manat istəyirdilər. Xəstəxanadan çıxanda 1 manat da pulumuz qalmamışdı”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli “Bizim Yol” qəzetinə deyib ki, İnstitutun direktoru Sultan Əliyev, şöbə müdiri və uşağın müalicə həkimi ona bildiriblər ki, xəstənin stasionar müalicə almasına ehtiyac olmayıb. “Mahir Orucov iki il o xəstəxanaya gəlib. Həkimlər deyir ki, xəstə ev şəraitində müalicə ala bilər. İnstitutda ağır xəstələr yerləşdirilir”.
Həkimlər deyib ki, uşaq xəstəxanadan çıxandan sonra komaya düşə bilməzdi. “O, tam normal halda xəstəxanadan çıxarılıb. Dedilər ki, valideyn istifadə edib xəstəxanada çox qalmaq istəyir. Amma uşaq evdə müalicə almalıdır”.
Dilarə Orucova həkimlərin dediklərini təkzib edib. O bildirib ki, uşağı 2 il yox, 1 ildir leykoz xəstəsidir. “Uşağım xəstəxanadan çıxanda pis vəziyyətdə idi. Analizlərin hamısı bunu sübut edir. Könül xanım mənə dedi ki, “bura kurort deyil” uşağını apar” .

Mahir Orucov hazırda Tərtər rayon uşaq xəstəxanasında müalicə alır. Xəstəxananın baş həkimi Hicran Rəhimli “Bizim Yol” qəzetinə məlumat verib ki, Mahir Orucov klinikaya daxil olanda vəziyyəti ağır olub. “3 gün komada yatdı. Bədən temperaturu 40 dərəcə idi. Burada onu müalicə etmək üçün heç bir şərait yoxdur. Uşağın vəziyyəti dəyişən kimi anası da ölüb, dirilir. Bu uşağı təcili Bakıya aparmaq lazımdır”.