Azərbaycan Tacikistana uduzdu

azerbaycan-tacikistana-uduzdu
Oxunma sayı: 734



"Ginnesin rekordlar kitabı" çərşənbə axşamı Düşənbədə təntənəli açılış mərasimi keçirilən bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu tanıdı. Kitabın nümayəndəsi Devid Çembers müvafiq sertifikatı Tacikistan Prezidenti İmaməli Rəhmana təqdim edib. Məlumatı CA-News yazır. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, ölkə başçısı hündürlüyü 165 metrə çatan bayraq dirəyinin tikintisində iştirak edən bütün inşaatçı və mühəndisləri təbrik edərək bildirib ki, qumaş parçanın eni 30 metr, uzunluğu 60 metrdir. "Bu, dünyada ən hündür bayraq dirəyidir", - o deyib.

Ümumi çəkisi 310 ton olan ən yüksək bayraq dirəyinin tikintisinə ötən il noyabrın 24-də - Dövlət Bayrağı Günü başlanılıb. Bu il mayın 24-də isə Tacikistanın dövlət bayrağının texniki qaldırılması baş tutub.

Dünyada ən hündür bayraq dirəyinin quraşdırılması ilə ABŞ-ın "Trident Support" şirkəti məşğul olub. Bu şirkət bundan əvvəl Bakının mərkəzində hündürlüyü 162 metrə çatan bayraq dirəyini ucaldıb. Bu şirkət həmçinin Aşqabadda (133 metr), İordaniyada (Əkaba -132 metr), Əmmanda (127 metr), eləcə də Əbu-Dabidə bayraq dirəkləri ucaldıb.

Düşənbənin mərkəzində inşa olunan bayraq dirəyinin dəyəri barədə məlumat verilmir.