Azərbaycan terrorunun coğrafiyası – Məqalə

azerbaycan-terrorunun-cografiyasi-meqale-
Oxunma sayı: 1433



Cənubi Qafqazın geosiyasi məsələlər üzrə eksperti Anjela Elibeqov “Azərbaycanda terrorizmin inkişaf tendensiyaları” mövzusunda yazdığı məqalədə maraqlı məqamlara toxunub. “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, ekspert 2001-ci il 11 sentyabrda baş verən terror hadisəsindən bir gün əvvəl ABŞ konqresinin Azərbaycanda Usama Ben laden və “Əl-Qaidə”nin fəaliyyətinə dair sənədlər nəşr etdiyini bildirib. Çox adamın xəbərsiz olduğu bu sənədlərdə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qondarma “Dağlıq Qarabağ Respublikası”na qarşı müharibəyə minlərlə əfqan mücahidlərini cəlb etməyə başlayıb.

Azərbaycan terrorunun coğrafiyası


Son 10 ildə ABŞ, Rusiya, Kanada, Böyük Britaniya, İsrail və digər ölkələrin dəfələrlə Azərbaycanı terror təhlükəsinin ehtimalı nöqteyi-nəzərindən etibarsız dövlətlərin siyahısına daxil edib. 11 sentyabr terrorundan əvvəl “əl-Qaidə”nin Bakıda aktiv nümayəndəliyinin olduğu və buradan ABŞ Keniyadakı səfirliyini partlatmaqla bağlı əmrin faksla göndərildiyi yazılır.

2000-ci ildə Amerika xüsusi xidmət orqanları Bakıda kimyəvi və bioloji silah almağa cəhd edən, həmçinin Nayrobidə baş verən terror aktında ittiham edilən “əl-Qaidə” bölmələrindən birini rəhbəri Əhməd Salam Mabrukanı saxlayıblar.

Kubada yerləşən Quantanamo həbsxanasında saxlanılan Azərbaycan vətəndaşlarından biri P.Siracovun əfvindən sonra onun ölkəsinə qayıtmaqdan imtina edərək, Slovakiyada sığınacaq əldə etdiyi bildirilir. Bununla yanaşı, Azərbaycanın rəsmi olaraq İnterpolun xətti ilə terrorizmdə günahlandırılan 30 nəfəri axtarışa verdiyi qeyd edilib.


Terror təşkilatları


2009-cu ildə Azərbaycanda “əl-Qaidə” və digər terror təşkilatları ilə əlaqəsi olan 9 terrorçu və ekstremist qrup zərərsizləşdirilib. Lakin onlardan bəziləri hələ də fəaliyyət göstərir. Məsələn, “Ceyşullah” terror təşkilatı ABŞ dövlət departamenti tərəfindən dünyanın ən təhlükəli 39 ekstremist qrupunun siyahısına daxil edilib.

Ekstremist təşkilat “Hizbut-Təhrir”in Azərbaycandakı filialı barədə yazan ekspert təşkilat üzvlərinin Bakıda yerləşən ABŞ səfirliyi və beynəlxalq təşkilatlara qarşı terror aktı törətmək cəhdlərində günahlandırıldıqlarını xatırladıb. Azərbaycanda “Müsəlman qardaşları”, “Qutbiyya”, “Cihad” kimi terrror təşkilatlarının bir vaxtlar aktiv fəaliyyət göstərdiklərini qeyd edib.

Beynəlxalq terrorizmin maliyyələşdirilməsi

2003-cü ilə qədər Azərbaycanda terror təşkilatlarına sponsorluq edən “Beynəlxalq Xeyriyyə Fondu” fəaliyyət göstərirdi.
Alman qəzeti olan “Frankfurter Allgemeine Zeiung” bir vaxtlar Dağıstan döyüşçülərini maliyyələşdirmək üçün pulların Azərbaycanda yerləşən ərəb banklarının filiallarından onların hesablarına köçürüldüyü barədə məlumat vermişdi. Döyüşçülər, həmçinin Azərbaycanın cənub sərhədlərində nüfuzlu sponsorlara malikdirlər.


Azərbaycan terroru Cənubi Qafqazda

Keçən il Rusiya ərazisində rəhbəri Azərbaycan vətəndaşı İlham İslamlı olan radikal islam sektası “Nurçular”ın fəaliyyətinə qadağa qoyulmuşdu. Sekta Rusiyada kəşfiyyat fəaliyyəti, pantürkizm və panislamist təbliğatı ilə məşğul olurdu, çeçen terrorçuları ilə əməkdaşlıq edirdi.
Şimali Osetiya-Alaniya respublikasında ekstremizm və gənclərin vəhhabiliyə cəlb edilməsi təbliğatı ilə də Azərbaycanı vətəndaşı olan Abdulla Tahirov məşğul olurdu. Dağıstan ərazisində isə onun həmyerlisi terrorçu Hacı Hacıyev məhv edilmişdi.

Digər bir Azərbaycan vətəndaşı kikboksinq üzrə dünya çempionu Arif Abidov Rusiyanın federal güclərinə qarşı İnquşetyada, NATO qüvvələrinə qarşı isə Əfqanıstanda döyüşlərdə iştirak etdiyinə görə ittiham olunmuşdu.

Çeçenistan prezidenti Ramzan Kadırov bir vaxtlar bəyan etmişdi ki, çeçen terrorçularına silahlar Gürcüstan və Azərbaycandakı sovet silah anbarlarından çatdırılır. Həmçinin, bu iki ölkə ərazisindən Dağıstan və İnquşetiyaya döyüşçülərin çatdırılması təmin olunurdu.
Bu fəaliyyətləri əlaqələndirən və xüsusi əməliyyatlar zamanı məhv edilən “Əl-Qaidə”nin Dağıstandakı nümayəndəsi “Doktor Məhəmməd” 2008-ci ildə Azərbaycan və Dağıstanda terror təşkil etməyi planlaşdırmışdı.
Bundan başqa, Cənubi Qafqazda Rusiya təhlükəsizlik qüvvələri ilə döyüşdə yaralanan terrorçu və döyüşçülər müalicə üçün Azərbaycan və Gürcüstana gəlirdilər.


Terrorçularla bağlı saxta məhkəmə prosesləri

Livan vətəndaşları olan Karaki Əli Məhəmməd və Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Əl-Qaidə” də hazırlıq keçdikdən sonra rəhbərlərinin göstərişi ilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-ni partlatmaq üçün Azərbaycana göndərilmişdilər.

Livanlılara Bakıda 15 il həbs verdikdən sonra İsrail KİV-də belə bir informasiya getdi ki, həmin terrorçuları bir daha “Hizbullah”ın Azərbaycan ərazisindən öz məqsədləri üçün istifadə etməyəcəyinin qarşılığında Livana gizli göndərildilər.

Keçən il Əfqanıstan və Pakistanda qanunsuz silahlı qruplaşmalarda iştirakına görə ittiham edilən 13 Azərbaycan vətəndaşının məhkəmə prosesi onunla yekunlaşdı ki, onların bir hissəsinə minimum cəza müddəti verildi, bir hissəsi məhkəmə zalından birbaşa azadlığa buraxıldılar.

2009-cu ildə Əfqanıstanda azərbaycanlı terrorçu “Abdulla” ləqəbi ilə tanınan Azər Misirxanov məhv edilib. Daha sonra terrorizmdə və dövlət çevrilişinə cəhddə ittiham edilən 31 Azərbaycan vətəndaşı həbs edilib. Ekspert onların arasında Misirxanovun şəriki olan, Qarabağ döyüşlərində iştirak edən Rəşid Mustafayevin də olduğunu qeyd edir.


“Səidin dəstəsi” adı ilə tanınan (Səid Dadaşbəyli) təşkilatın isə 11 üzvü dövlət çevrilişinə cəhddə, cəsusluqda, soyğunçuluqda və dövlətə xəyanətdə ittiham olunublar. Lakin məhkəmə prosesi zamanı onların günahları sübut olunmasa da məhkəmə onlar barədə 9 ildən 14 ilə qədər həbs qərarı verdi. Ekspert bildirir ki, onlar Bakı-Tbilisi—Ceyhan neft kəmərinin fotoşəkillərini çəkərək kadrların gizli şəkildə İrana göndərilməsində ittiham ediliblər. Maraqlısı isə odur ki, həmin şəkilləri internetdə hər bir kəs rahat şəkildə əldə etmək imkanına malikdir.


Sonda isə ekspert qeyd edir ki, Azərbaycan hökuməti terror fəaliyyətlərinə nəzarət etmək vəziyyətində deyil, bu isə o deməkdir ki, indiki hadisələrin inkişafının nəticələri bütün region üçün gözlənilməz ola bilər.



Səidə