Azərbaycana Ayətullah lazımdırmı? - Dəyərləndirmə, Yenilənib

azerbaycana-ayetullah-lazimdirmi-deyerlendirme-yenilenib
Oxunma sayı: 660

“Azərbaycan dünyəvi dövlətdir, nəzərdə tutulan ayətullalar isə dini hövzələrdə hazırlanır. Məncə, irəli sürülən təklif ayətullahın olması ilə bağlı deyil, yəqin ki, bu anlamda mərceyi-təqlid dərəcəsində olan müctəhiddən söhbət gedir. Bu da yenə dini mərkəzlərin vəzifəsinə daxildir”. Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Rəsul Mirhəşimli Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan üçün müctəhidin olub-olmaması əhəmiyyətli məsələ deyil: “Müctəhidi təqlid etmək İslam dininin hökm və vacibləri üçün keçərlidir. Bu hal ibadət edənlərə aid məsələ olduğu üçün xüsusi ruhani yetişdirməyə ehtiyac yoxdur”.

Rəsul Mirhəşimli qeyd edib ki, ölkədə olan problemlər yerli ayətullahın olub-olmaması ilə bağlı deyil: “Bu ölkədə ən böyük problem dini inanclı insanların hüquqlarının pozulması, məscidlərin bağlanması, sökülməsi ilə bağlıdır. Artıq bir ilə yaxındır inanclı insanların qız övladları hicab qadağası ilə bağlı təhsil hüququndan məhrum ediliblər. Ölkədə vicdan azadlığının təmin olunması ilə tələblər irəli sürülməlidir. Dini ibadətləri icra etmək baxımından ölkə müsəlmanları QMİ-nin tövsiyələri, dini kitablardan, alimlərin yazdıqlarından öyrənə bilirlər”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə bildirib ki, Sərdar Cəlaloğlu bəzi məsələləri öyrənməlidir: “Mən hesab edirəm ki, bu barədə nə isə deməyə ehtiyac yoxdur, dostumuz Sərdar bəy bu istiqamətdə bəzi məsələləri daha dərin öyrənməlidir. Bəlkə də özü Ayətullah təyin etmək istəyir”.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu isə bu mövzularla bağlı heç bir xüsusi şərhinin olmadığını deməklə kifayətlənib.

İlahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu isə hesab edir ki, elm sərhəd tanımır: “Alimlər yalnız doğulduqları şəhərin, ölkənin olmurlar, hansı sahəyə aid olmasından asılı olmayaraq, elm - ümumbəşəri dəyərdir. Ümumbəşəri dəyər isə bütün bəşəriyyətindir! Nyuton, yaxud Eddinqton İngiltərənindirlərmi? Kant və ya Hegel Almaniyanındırlarmı? Edison Amerikanındırmı? Karl Popper haralıdır, kimindir? Əlbəttə, hamımızın! Tusilər, Bəhmənyarlar kimindir? Bütün dünyanın deyillərmi? Amma o biri tərəfdən, əlbəttə arzumuz və amalımızdır ki, Azərbaycanımızdan da elmin bütün sahələrini təmsil edən dahi, cahanşümul, dünya şöhrətli alimlərimiz olsun. Məsələn, nanotexnologiya, aerodinamika, biofizika kimi, ilahiyyat elmləri sahəsində də”.
Elşən Mustafaoğlu bildirdi ki, ötən əsrin əvvəllərində Ayətullah Hacı Şeyx İbrahim Badkubeyi kimi müctəhidlər ərsəyə gətirib vətənimiz: “Amma əfsuslar olsun ki, ateist sovetlər rejimi 70 il elmin bu sahəsini məhv etdi, alimlərimizi həbsə aldı, sürgün etdi, qətlə yetirdi. Elmi-dini hövzələri qadağan etdi. İndi bu sahədə ciddi boşluq hiss olunur ki, bunu kompensasiya etmək labüddür. Amma bu, şüarla olacaq iş deyil”.
“Ayətullah – İslam elmləri sahəsində ən yüksək akademik dərəcəyə çatmış alimlərə deyilir. Yəni müctəhid. İlahiyyat elmlərində bu dərəcəyə çatmaq üçün isə ölkəmizdə lazımi şərait yaradılmalıdır – fundamental dini elmləri öyrədən, tədqiq edən təsisatlar, elmi-dini hövzələr, akademiyalar formalaşmalıdır. Bu, zəruridir və məhz belə bir şəraitdə Azərbaycanımızın da böyük İslam alimləri yetişə bilər. Ümid edək ki, inşəallah, ölkəmizdə ilahiyyat elmlərinin belə yüksək səviyyədə tədrisi və təhqiqi istiqamətində addımlar atılacaq və əsrlər boyu iftixar etdiyimiz alim-üləmalarımızın irsini yeni nəsillərimiz layiqincə davam etdirəcəklər”- deyə o, qeyd edib.


Fatimə Kərimli