Azərbaycanda abort qadağan olunacaq

azerbaycanda-abort-qadagan-olunacaq
Oxunma sayı: 738

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev cümə axşamı Trend-ə bildirib ki, komitənin hazırladığı "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanun layihəsinə ediləcək əlavədə təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı edilən müayinə və selektiv abortlar qadağan olunacaq.

Onun sözlərinə görə, qanun layihəsinə təklif olunan əlavəyə görə, bu müayinəni aparan həkimlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
"Selektiv abortun həyata keçirilməsini valideyn sifariş verir, bu onun arzusu ola bilər. Amma onunla məşğul olan həkimlər var ki, məsuliyyət onların üzərində olmalıdır", - Quliyev deyib.

"Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" hazırlanan qanun layihəsində qeyd olunur ki, cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

"Bu o deməkdir ki, süni texnologiyaların tətbiqi ilə dünyaya uşaq gəlirsə, həmin uşağın cinsini seçmək olmaz. Dünyanın əksər ölkələrində bu qadağalar var. Şərq, müsəlman mentalitetinə görə, hamı oğlan uşağı arzulayır, ona görə demoqrafik proseslərdə müəyyən əngəllər törəyə bilər", - Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, Sosial siyasət komitəsinin iclasında qanun layihəsinin sonuncu müzakirəsi keçiriləcək və Milli Məclisin plenar iclasına təqdim olunacaq. Quliyev deyib ki, bu qanun qəbul olunandan sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq dəyişikliklər də olunacaq.