Azərbaycanda eşşəyə abidə qoydular

<b>Azərbaycanda eşşəyə abidə qoydular</b>
Oxunma sayı: 346

Şamaxının yeni icra başçısı Asif Məmmədovun qəribəlikləri bitib-tükənmək bilmir. Əvvəlcə Şamaxının mərkəzində uzun illərin ağaclarını kökündən çıxarıb, şəhərin başqa hissəsinə transfer edən yeni icra başçısı daha sonra icra hakimiyyətinin binasında üzərlik yandırmaqla sakinlərin təəccübünə səbəb oldu.

Sakinlər deyir ki, Asif Məmmədov demək olar ki, hər gün oturduğu binada üzərlik yandırır. İcra başçısı hesab edir ki, ona göz dəyə bilər. Şamaxılılar icra başçısının bu qəribəliklərinə birtəhər dözürlər. Amma Asif Məmmədovun başqa bir “kəşfi”nə heç cür dözə bilmirlər. Hardansa icra başçısının ağlına gəlib ki, Sabir, Seyid Əzimin və başqa dahi şəxsiyyətlər yetişdirən Şamaxının girəcəyində eşşək abidəsi qoymaq lazımdır. Şamaxı sakinləri hesab edir ki, bu abidə bütövlükdə şirvan camaatına təhqirdir. Bəlli deyil ki, Asif Məmmədov niyə eşşəyin xatirəsini əbədiləşdirib, bu dördayaqlı heyvan niyə icra başçısının diqqətini bu qədər cəlb edib. Amma o bəllidir ki, bu abidə Şamaxı sakinlərinin, şəhər ictimaiyyətinin, ziyalıların hiddətinə səbəb olub. Dünən gün ərzində redaksiyamıza bununla bağlı çoxsaylı zənglər olub. Şamaxının tanınmış ziyalıları Asif Məmmədovun eşşəyə hörmətinin ifadəsi olan həmin abidəni biabırçılıq adlandırıb. Və bizdən xahiş ediblər ki, bu rüsvayçılıq barədə məlumat verək. Ki, bəlkə “yuxarılar” Asif Məmmədovu yola gətirib həmin abidəni sökdürə bildilər.

“Azadlıq” qəzeti


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi