Azərbaycanda “ət imtahanı” başlayır

azerbaycanda-et-imtahani-baslayir-
Oxunma sayı: 670




Bir müddət əvvəl dövlət başçısı keçirdiyi müşavirələrin birində ölkədə yumurtanın qiymətinin qalxmasını müzakirə predmeti edərək, bu məhsulun süni bahalaşmasının qarşısını almışdı. Məhz yüksək səviyyədə müdaxilədən sonra inhisarçıların yumurtanın qiymətini qaldırması dayandırılmışdı. Hazırda elə bir iqtisadi əsas görünmədiyi halda, ölkədə ətin qiyməti bahalaşdırılıb. Indi ətin bir kiloqramı bəzi yerlərdə 10 manata satılır. Rəsmi qurumlar bu qiymət artımını süni amillərlə izah edir.
Amma qəzetimizin araşdırması nəticəsində qiymət artımının bir neçə səbəbinin olduğunu ortaya çıxarmışıq. Onlar sırasında öncə mal-qaranın istifadə etdiyi yemin qiymətinin baha olmasını qeyd etmək lazımdır. Digər tərəfdən, Azərbaycanda istifadə olunan mal-qaranın ətlik deyil, universal cins olması ətin qiymətinə təsir edən amillərdəndir.
Amma ətin qiymətinin qalxmasında bürokratik əngələr də az deyil. Hazırda bazarlarda bir ət piştaxtası üçün alınan qeyri-rəsmi ödəniş artırılıb. Eyni zamanda ayrı-ayrı ət dükanlarına baytarların, polislərin, vergi müfəttişlərinin reydlərinin də artmasının ətin bahalaşmasına təsiri var. Halbuki bu istiqamətdə haqq yığımının qarşısının alınması ətin qiymətinin ucuzlaşmasına ciddi təsir edə bilərdi. Bəs görəsən, rəsmi qurumlar müvafiq tədbirləri niyə reallaşdırmır?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da təsdiq etdi ki, ət satışı ilə məşğul olanlara tətbiq olunan qeyri-rəsmi ödənişlər, ayrı-ayrı məmurların aldıqları aylıqlar da ətin qiymətinə təsir edir. Ətin qiymətinin hazırkı mövsümdə qalxmasının məntiqdən uzaq olduğunu deyən V.Məhərrəmli vurğuladı ki, ətə tələbatın aşağı düşdüyü dönəmdə qiymətlər bir qayda olaraq aşağı düşməlidir: “Amma hazırda biz əks prosesi müşahidə edirik. Halbuki hazırda ətlik üçün bağlanan mal-qaranın sayı azalıb. Bu da sırf tələbatla bağlı olan prosesdir. Çünki hazırda ətə tələbat aşağı düşüb. Amma bütün il boyunca mal-qara üçün istifadə olunan yemin qiymətinin bahalaşmasına baxmayaraq, bu istiqamətdə heç bir tədbir görülmürdü. Bu da ətin qiymətinə təsir edən amildir. Ələxsus ətlik deyil, yalnız universal mal-qara cinsinin olduğu Azərbaycanda”.

V.Məhərrəmovun sözlərinə görə, ətlik mal-qara cinsindən fərqli olaraq universal mal-qara cinsinin kökəldilməsi uzun vaxt və məsrəf tələb edir. Məsələn ətlik mal-qara cinsində 1 kiloqram çəki artımı üçün bir gün tələb olunurdusa, universal cinsdə bu müddət 3-4 gündür. Azərbaycanın bu istiqamətdə qonşu Gürcüstan, hətta Ermənistandan geri qaldığını deyən V.Məhərrəmov əlavə etdi ki, bu ölkələrdə artıq ət satışı və istehsalı gəlirli biznes sahəsinə çevrilib.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vurğuladı ki, ətin qiymətinin bahalaşmasına qeyri-rəsmi ödənişlərin həddindən artıq şişirdilməsinin təsiri var: “Bu, istehlakçıların hüquqlarının birbaşa pozulmasıdır. Rüşvət artırıldıqca ət satışı ilə məşğul olan sahibkarlar öz hüquqlarını qorumaq yerinə qiyməti bahalaşdırırlar. Istehlakçıların hüquqlarını məhz bu pozur. Dövlət məhz istehlakçıların pulları üzərində dayanır. Istehlakçıları istismar edən sistemə son qoyulmalıdır”.

“Azadlıq” qəzeti