Azərbaycanda kinoteatr hərracda

azerbaycanda-kinoteatr-herracda
Oxunma sayı: 682

“Araz” kinoteatrı gələn ay hərraca çıxarılacaq. Bu xəbər yəqin ki, kino həvəskarlarını bir elə də üzmədi. Çünki zaman o zaman deyil. Nə kinoya baxan var, nə kinoteatra gedən. “Araz” kinoteatrı da başqa kinoteatrlar kimi son illərdə qapılarını kinosevərlərin yox, biri-birini dəlicəsinə sevənlərin üzünə açıb. Bu həqiqətdir. Bu gün isə kinoteatr hərraca çıxarılır.

Amma deyilənlərə görə, gələcəkdə kinoteatr profilini dəyişməyəcək. Yəni, nə vaxtsa burada kino seyr edənlər yenə də bu şansı əldə edə biləcək. Bunu kinoteatrın direktoru Nəriman Əzimov deyir. Onun sözlərinə görə, 2006-cı ildə “Araz”ın özəlləşdirilməsi ilə bağlı prezident sərəncam imzalayıb: “Hərrac da bununla bağlıdır, avadınlıqlar da satılacaq”.

Kinoteatrın avadanlıqları da satılır. Cəmi 49,5 min manata. Nəriman Əzimov deyir ki, sovet dövrü dağılandan bu avadanlıqlar dəyişdirilməyib. Əslində yenilənməsinə ehtiyac var. Elə binanın özü də əsaslı təmir olunsa, yerinə düşər.

Direktor əvvəlki illərlə müqayisədə kino izləmək istəyənlərin sayının da xeyli azaldığı qənaətindədir. Biletlərin qiyməti isə 4 manatdan bir qədər artıqdır. Təxminən bu gün kinoteatrda film seyr edənlərin sayı qədər.

Qeyd edək ki, Bakıda ümumilikdə 4 dövlət, 2 özəl kinoteatr fəaliyyət göstərir. Dövlətin kino fonduna daxil olan kinotearlar isə hamısı təsərrüfat hesablıdır. Yəni özləri öz başlarını dolandırmaq məcburiyyətindədirlər. Məsələn, “Şuşa” kinoteatrın yerləşdiyi ərazi satıldığından bir müddət əvvəl yerlə yeksan edilib.

Bir əsrdən çox tarixi olan “Vətən” kinoteatrın bir hissəsi sahibkarlara icarəyə verilsə də, hələ də fəaliyyətini davam etdirir. Divarlarda asılan afişalardan da məlum olur ki, burada milli kinomuza daha çox üstünlük verirlər. Gündə 4 seans nümayişi olan kinoteatrda biletlər cəmi 3 manata olsa da, 50 nəfərlik zalın dolması nadir hallarda baş verir.

Bu gün Bakıda barmaqla sayılacaq kinoteatr var ki, onların tamaşaçı qıtlığı yoxdur. Qalanları “Araz” kinoteatrının günündədir. Əksəriyyəti çayxana kimi fəaliyyət göstərir. Yaxşı bilirlər ki, kinoya gələnlər çay içməyə gələnlərdən qat-qat azdır. Görəsən kinoteatrda kinoya baxmaq istəyənlərin sayı çay içənlərin sayından çox olacağı vaxt gələcək? Deyə bilmərik. Çünki bu gün hamı evində oturub qarşısında da bir stəkan çayla ən yaxşı kinoları seyr etmək imkanındadır. Onda görəsən kinoteatrlara ehtiyac qalırmı?