“Azərbaycanda milyonçular leqallaşmalıdır” - Müsahibə

azerbaycanda-milyoncular-leqallasmalidir-musahibe-
Oxunma sayı: 1004





Hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Qafqazinfo”ya müsahibəsi



- Sonuncu müsahibənizdə bir sıra maraqlı ifadələr səsləndirmisiniz. Bu cür fikirlərinizə görə, məmur dostlarınız Sizdən incimədi ki?..

- Mən 20 ilə yaxın hüquq-mühafizə orqanlarında, Ədliyyə sistemində müxtəlif vəzifələrdə işləmişəm.Məhkəmə-Ekspertiza İnstitutunun direktoru olanda hüquq-mühafizə orqanlarının rəhbərləri, sıravi işçiləri ilə professional əlaqələrim olub. Hüquq-mühafizə sistemində çalışanların əksəriyyətini tanıyıram. Digər tərəfdən hüquq elmilə məşğul olduğumdan bu sahədə Azərbaycanda və kənarda çalışan elm adamlarını da yaxşı tanıyıram. Ona görə də, hansısa fikri işlədəndə hər şeyi nəzərə alıram. Sözügedən müsahibədə isə heç kimi təhqir və tənqid etməmişəm, sadəcə olaraq, çalışmışam ki, öz fikrimi çatdıram.
Bizim eradan əvvəl yaşamış çinli filosof belə bir söz deyib: “Səhvlərimi düz çatdıran müəllimim, yaxşı hərəkətlərimi düz çatdıran dostum, mənə qərəzli yanaşansa düşmənimdir”. Bu mənada mənə elə gəlir ki, inciməyə heç bir əsas yoxdur.


- Siz vaxtaşırı Azərbaycandakı hüquqi vəziyyətə, məhkəmə sistemi ilə bağlı məsələlərə toxunursunuz. Son müsahibənizdə də bu məsələyə qayıtmısınız. Məsələn, təklif edibsiniz ki, Azərbaycanda müstəqil İstintaq Komitəsi yaradılmalıdır və bu qaçılmazdır. Bunun bir qədər şərhini verə bilərsinizmi?

- Dövlət müstəqilliyimizin bərpasından sonra yaranan yeni qurumlarda müəyyən islahatlar aparılıb. Əslində, islahatsız mümkün deyildi və islahatlara getdik. Bu bir prosesdir, bütün sahələrdə olduğu kimi hüquq sahəsindəki islahatları da kimsənin dayandırması mümkün deyil, prosesi yalnız yubandırmaq olar. Bu baxımdan islahatlarla bağlı başlayan proses hələ də davam edir, nə vaxt qurtaracağını bilmirik, hazırda ən inkişaf etmiş ölkələrdə davam edən islahatlar bizdə də getməlidir zaman bunu tələb edir. Düşünürəm ki, hüququ islahatlarım tərkib hissəsi olaraq Azərbaycanda da Rusiyada olduğu kimi vahid İstintaq Komitəsinin yaranması reallığa çevriləcək.

- Yəni burada söhbət ondan gedir ki, vahid İstintaq Komitəsinin olması dövlətin tabeliyində olan analoji qurumların fəaliyyətinə müsbət təsir edə bilər.

- Burada söhbət bu qurumların fəaliyyətinə nəzarətdən gedir. Lakin vahid İstintaq Komitəsinin yaranması o demək deyil ki, bu quruma nəzarət edilə bilməz, nəzarət onsuz da olmalıdır. Fikrimcə, indiki mərhələdə vahid İstintaq Komitəsinin yaranması çox vacibdir. Bu isə o deməkdir ki, Daxili İşlər Nazirliyinin tərkibində olan İstintaq İdarəsi, eləcə də, MTN və digər təşkilatlardakı (təxminən 7 mərkəzi icra orqanlarında) bu sayaq anoloji qurumlar vahid İstintaq Komitəsində cəmləşməlidir. Belə bir təkliflə 1992-94-cü illərdə mətbuatda çıxış etmişdim, konsepsiya hazırlamışdım. Təəssüf ki, mənim təkliflərim praktikada tətbiq olunmadı, amma Rusiyada bu yaxınlarda ondan yararlanaraq belə bir qurum təsis etdilər. Ona görə də, deyirəm ki, bu bizdə də yaranacaq, sadəcə, geci-tezi var. Həmçinin deyirəm ki, pasportların verilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində olmamalıdır. Daxili İşlər Nazirliyinin fəaliyyətini daha konkret və operativ olmasını təmin etmək üçün struktur dəyişiklərinin aparılması məqsədəuyğundur. Mənim fikrimcə, bu qurum, əsasən iki funksiyanı həyata keçirməlidir: cinayətkarlığın qarşının alınması profilaktikası və cinayətkarların axtarılıb tapılması.

- Yəni, müstəqil pasport qeydiyyat idarəsi olmalıdır?

- Yox, sadəcə olaraq, pasportların verilməsinin təşkili DİN-dən alınıb yerli icra strukturlarına verməlidir. Niyə uşaq anadan olanda doğum haqqında şəhadətnaməni VVAQ-ın nümayəndəsi verir, pasportu isə polis?

- Bir məsələ var. Azərbaycanda insanlar məhkəməyə, hüquq sisteminə inanmırlar. Bəlkə də islahatların gecikməyinin səbəbi cəmiyyətin reaksiyasına bağlıdır. Azərbaycan insanı nədənsə öz problemini hüquqi müstəvidə həll etməkdən qaçır. Bu barədə nə deyə bilərsiniz?

-Sözügedən problem, təkcə Azərbaycana aid deyil, bütün postsovet respublikaları üçün xarakterikdir. Ola bilər, birində bir az yumşaq formadadır, amma eləsi var ki, diqqəti daha çox cəlb edir. Yəni Rusiya, Özbəkistan, Tacikistan və Moldovada da belə hallar var. Təbiidir, obyektiv və subyektiv səbəblərlə bağlıdır. Ona görə ki, təzə qurumlar fəaliyyətlərini hələ əməlli-başlı formalaşdıra bilməyiblər. Vətəndaşların da məhkəməyə, hüquq mühafizə orqanlarına inamı azalıb, heç kimə sirr deyil ki, hüquq mühafizə orqanlarının bəzi nümayəndələri özlərini insanların gözündə nə günə salıblar, ad çəkmək istəmirəm hamı hər şeyi bilir, cinayətkar olublar, bəziləri. Bu insanlara inam itib, inam dövlət başçısına qalıb. İnsanlar öz problemlərinin ədalərli həllini hüquq mühafizə orqanlarında, məhkəmədə yox, dövlət başçısında görürlər və tapırlar. Fəqət cəmiyyətimiz həm də, gərək öz rəhbərinə kömək etsin, təkcə tələb yox.

- Amma, bu düz deyil axı...

- Əlbəttə düz deyil. Əvvəla, qanuna görə elə məsələlər var ki, onun həlli Prezidentin səlahiyyətində deyil. Məsələn, iki vətəndaş arasında yaranmış mülki mübahisəni Prezident həll edəsi deyil, bu, məhkəmənin səlahiyyətindədir.
Hamı Prezidentə müraciət edirsə, ondan ümid gözləyirlərsə, məhkəmə sistemi nəyə lazımdır?
Məhkəmə sistemi oqədər inam yaratmalıdır ki, insanlar ona o qədər inansınlar ki, məcbur olub ayrı dövlət orqanlarına müraciət etməsinlər.
Məhkəmə sistemi - ƏDALƏTİN TƏNTƏNƏSİNİ TƏMİN EDƏN QURUM - öz adını cəmiyyətin gözündə, öz gözlərində ALLAHIN qarşısında tam bərqərar etməyə məhkumdur. Bu zamanın tələbidir, mütləq tələbidir.

- Bu yaxınlarda ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı hesabat yaymışdı. Hesabatda Azərbaycan hüquq-mühafizə orqanları rəhbərlərinin sauna saxlaması faktı öz əksini tapmışdı. Ondan əvvəlki il də Azərbaycanda narkomaniyanın dəhşətli bir problemə çevrildiyi, hətta orta məktəblərə gedib çıxdığı açıqlanmışdı. Azərbaycan buna müxtəlif səviyyələrdə reaksiya verib. Sizin müşahidələrinizi, düşüncələrinizi, reaksiyanızı öyrənmək istəyirəm.

- Mən qəti deyə bilmərəm Azərbaycanda belə faktlar var, ya yoxdur. Əslində, dünyanın bir çox ölkələrində analoji faktlarla rastlaşmaq olar elə Rusiyanın özündə də. Bu yaxınlarda Moskvada prokuror və onun müavini və başqaları haqqında bu məsələ ilə əlaqədar cinayət işi qaldırılıb. Xeyli funksioner həbs olunub. Onlar gizli kozinolar və digər qanunla qadağan olunmuş obyektlərə himayədarlıda ittiham olunurlar. Rusiya cəmiyyətinə bu cür faktlar məlumdur ki, hüquq mühafizə orqanlarının bəzi nümayəndələri özlərinin professional fəaliyyətlərinin tam əksinə hərəkət ediblər. Yəni cinayətkarlara himayədarlıq ediblər. Hansı təşkilatlar ki, belə halların qarşısını almalıdır, özləri həmin cinayətin müəllifidirlər. Eyni problemlər bizdə də, digər respublikalarda da mövcuddur.

- Rusiya ilə müqayisələr apardınız. Bu o deməkdir ki, hələ də “Böyük qardaş” təsiri yaxamızdan əl çəkməyib...

- Dediyim kimi, postsovet məkanında gedən proseslər oxşardır, cinayətin strukturu, xarakteri bütün respublikalarda təxminən eynidir. Məsələn, Azərbaycanda hansı cinayət nə qədər törədilibsə, o biri respublikalarda da təxminən o qədərdir. Bu sırada təkcə Gürcüstanı istisna eləmək olar, hesab edirəm ki, hüquq və qanunvericilik və həyatımızın digər sahələrində gürcülər daha çox islahatlar aparıblar.
Bu problem bilirsiniz, nə ilə bağlıdır? Mən sovetlər dönəmində qanunvericilik idarəsinin rəisi işləmişəm, o zaman bizə faktiki olaraq Moskvadan hansısa qanunun modelini göndərirdilər. Biz də qanunu onun əsasında hazırlasaq da, respublikada fəaliyyət göstərən elm adamlarını, hüquqşünasları dəvət edər, mümkün olan əlavələri edərdik. İndi nə baş verir, hazırda təkcə biz yox, digər MDB respublikaları da gözlərini Moskvaya dikiblər. Orada qəbul olunmuş sənədlərin böyük əksəriyyətini köçürürlər. Mən bir hüquqşünas olaraq faktlarla danışmağa üstünlük verirəm. Məsələn, mən Rusiyanın Cinayət Məcəlləsini bütün respublikalardakı anoloji məcəllələrlə müqayisə etdim. Hamısında cinayətə eyni tərif verilib. Amma Fransanın və ya İsveçrənin Cinayət Məcəlləsini müqayisə etsək, bu, tamamilə ayrı şeydir.
Görünür, köhnə stereotiplər hələ də beyinlərdən çıxmayıb. Biz həmişə düşünürük ki, özümüz nəsə yaratmağa qadir deyilik, bizə gərək kimsə desin ki, bunu necə etmək lazımdır, başımızı işlətməyək, faciə budur.

- Sizin böyük elmi-praktik təcrübəniz var. Sizin dediyinizdən belə nəticə çıxarmaq olar ki, biz hələ də köhnə sovet mühitindən, düşüncə tərzindən qopa bilməmişik. Amma, Azərbaycanda deyirlər ki, Avropaya inteqrasiya edirik, artıq Avropanın bir parçasıyıq. Məsələn, “Avroviziya”nı qazanmışıq. Halbuki, söhbət mahnı müsabiqəsində birinci yer tutmaqdan getmir, söhbət həm də dəyərlərin dəyişməsindən və s.-dən gedir.

- Bizim bəlamız ondadır ki, özümüzə inamımız yoxdur. Hesab edirik ki, nəyisə özümüz yarada bilmərik, mentalitetimizi, adət-ənənəmizi, öz inkişaf prosesimizi, şəraitimizi nəzərə alıb hansısa bir qanunu yarada bilmərik. Niyəsə biz belə düşünürük? Bu, düzgün deyil. Mən Azərbaycanda və kənarda yaşayan çoxlu sayda azərbaycanlı tanıyıram ki, onlar isetedadlarına, bilik və bacarıqlarına görə, digər millətlərin nümayəndələrindən heç də geri qalmırlar.
Hərdən mən Azərbaycan telekanallarına baxıram. Bəzilərində Rusiya və Türkiyə telekanallarından daha primitiv təkrarlanan proyektlər görürsən. Bu telekanallar cəmiyyətin hüquqi, siyasi inkişafına nə təsir göstərə bilər ki? Onların göstərdikləri nədir, primitiv şoular, kim-kimi boşadı, kim-kimi aldı, kim ilan yedi, kim min dəfə “jim” etdi, kim barmağının üstündə oynadı, kim falçılıq etdi, kim nəyi etiraf etdi və s. Niyə universitet səviyyəsində riyaziyyatı bilən bir məktəblini həmin verilişlərə çıxarmırlar, ilan yeyəni, divara çıxanı, falçını təbliğ edirlər? Bəlkə kəndlərimizdə 9-10 yaşında riyaziyyatı ali məktəb səviyyəsində bilənlərimiz yoxdur? Təbii ki var, ancaq biz axtarmırıq.
Telekanallarda gedən bu proses cəmiyyətin intellektual inkişafını ləngidir. Görünür ki, hələ bizə böyük zaman lazımdır ki, bu prosesin qabağını alaq.

- Biz öyrəşmişik ki, belə şeyləri yuxarıdan desinlər, tapşırıq versinlər. Ancaq bu yaxınlarda yuxarıdan deyilənlər də kömək olmadı. Məsələn, televiziyaların birində evləndirmə verilişini bağıasalar da, az sonra yayımını bərpa etdi. Bizi elə bil toya tutublar...

- Onun üçün də belə təbliğat getsə, istedadları axtarmasaq, biz heç vaxt nə elmi cəhətdən inkişaf edə biləcəyik, nə də ayrı sahədə. Əksinə, biz indi beynini yox, əlini, ayağını, boğazını işlədəni tapırıq, milləti isə beyinləri daha parlaq insanlar sabaha aparacaqlar.

- Söz ki, Rusiya, Azərbaycan, bir sözlə, MDB-dən düşdü bir sual vermək istəyirəm. Azərbaycanda belə bir təəssürat var ki, artıq bütün MDB-də Gürcüstan bir nümunəyə çevrilir. Söhbət müsbət mənada nümunədən gedir.

- Gürcüstanı digər respublikalarla müqayisə etməkdə çətinlik çəkərəm. Çox şeyi gözümlə görməmişəm, amma orada tanıdığım insanlar var. Eşitdiyimə görə, Gürcüstan nə islahatlar aparırsa, nə yeniliklər edirsə hamısını Qərbdən götürüb, islahatlar digər respublikalardan fərqlidir, müsbət işlər çox görülüb. Orada insanların insanların hüquq-mühafizə orqanlarına inamı xeyli artıb. Bizim respublikada da müsbət işlər çoxdur, gördüyünüz bu inkişaf göydən düşməyib ki. Gərək ədalətli olasan.

- Yəni MDB-də artıq nümunəvi bir Gürcüstan modeli var...

- Daxildə aparılan islahatlarda biz sərbəstik. Məsələn, qanunvericilikdə dəyişiklik etmək məsələsində Moskvadan asılı deyilik. Əgər hesab ediriksə ki, bu dəyişiklik bizim millətimizə, inkişafımıza xidmət edəcək, onu əlimizdən kim ala bilər? Yəni, çox şey bizim özümüzdən asılıdır.
Onu da qeyd edim ki, bu günki MDB dövlətləri uzun müddət hamısı bir yerdə yaşayıb, iqtisadi, siyasi, hətta ailəvi, hərtərəfli münasibətlər o qədər bir-birinə bağlıdır ki, nəinki bir-birindən qopmaq mümkün deyil, heç lazım da deyil. Sadəcə olaraq, hamı bir-biri ilə eyni səviyyədə münasibət qurub, mehriban yaşamalıdır.

- Gələn il Rusiyada prezident seçkiləri keçiriləcək. Ancaq indidən çoxları belə düşünür ki, prezident Pitindir. Bu niyə belədir?

- Putin hakimiyyətə gələndən sonra Rusiyada böyük dəyişikliklər, böyük inkişaf oldu. Həm daxildə, həm də xarici siyasətdə. Güclü dövlətlər məhz Putinin dövründə Rusiya ilə hesablaşmağa başladılar. Putinin sayəsində Rusiya özünün qol gücünü iqtisadi tərəfdən göstərdi. Hazırda Rusiya iqtisadi imkanları, təbii sərvətləri hesabına Avropanı özünə bağlayıb. Neft, qaz və s. görə Avropanın bir çox dövlətləri strateji cəhətdən Rusiyadan asılıdır.
Bu uğurların əldə olunmasında Putinin yeritdiyi daxili və xarici siyasəti mühüm rol oynayıb. Məqsədsə Rusiyanı superdövlətə çevirməkdir ki, burada sirr yoxdur. Kim istəməz ki, onun dövləti dünyada lider olsun? Mən də istəyirəm ki, Azərbaycan dünyanın ən aparıcı ölkəsi olsun. Yəni mən millətimi sevdiyim kimi Putin də öz millətini sevir, milləti də onu. O, dağılmış Rusiyanı bərpa edib. İndiki Rusiya bu gün nəyə nail olubsa, hamısı Putinin hesabınadır, reytinqi Rusiyada çox yüksəkdir.
Düzdür, Putinin Qərb ölkələri ilə münasibətləri birmənalı deyil, problemlər mövcuddur, daha müstəqil siyasət yeridir, Rusiyanın mənafeyini hamıdan yuxarıda tutur. Yeritdiyi siyasi xəttin perspektivini konkret bilir və ona inanır.

- Sizə jurnalistlər həmişə Putinlə şəxsi dostluğunuzla bağlı sual verirlər. Onunla ənənəvi görüşünüz bu il də oldumu?..

- Bəli, iyulun 8-də tələbə yoldaşlarımızla bir yerdə istirahət etdik. Bu dəfə də Putin bizi bir yerə yığdı, belə tədbirlər həmişə onun təşəbbüsü ilə olur.

- Yəni, bütün tələbə dostları onun yanındadır.

- Əyalətlərdə yaşayanlar da var. Məsələn, tələbə yoldaşımızın biri Xorvatiyada yaşayır, biri Türkmənistanda...

- Onların hamısı tanınmış biznesmenlərdir, yoxsa sadə adamlar?

- Vəzifədə olanlar azdır. Əksəriyyəti hakim, vəkil işləyir, çünki Rusiyada vəkillik məşhurdur.

- Sizin əsas biznes fəaliyyətiniz Rusiya ilə bağlıdır. Azərbaycanda da biznes qurmaq fikriniz varmı?

- Elə oldu ki, biznes fəaliyyətim Moskvada başladı. Ona görə də, bizneslə bağlı bütün layihələrimi Moskvada həyata keçirdim. Digər tərəfdən Rusiya böyükdür, orada daha çox imkanlar var.
Azərbaycanla bağlı maraqlı layihələr, təkliflər olsa ona da baxmaq mümkündür. Cəlbedici bir proyekt olsa, təbii ki, məmnuniyyətlə Azərbaycana investisiya qoya bilərəm. Demək istəyirəm ki, nə mən yaxşı proyektə rast gəlməmişəm, nə də mənə təklif etməyiblər. Zavod, fabrik, otel tikmək və s. bu kimi proyektləri nəzərdə tuturam. Rusiyada bizim yaxşı otel proyektlərimiz var, uğurlu da alınır. Yəni, bu işi Azərbaycanda da görə bilərik.

- Bu yaxınlarda Azərbaycanın əməkdar hüquqşünası adı aldınız. Niyə sizi bu ölkədə işləməyə dəvət etmirlər?

- Əgər desəm ki, mənə elə təkliflər olmayıb, düz alınmaz, elə bir təklif olub, özü də dövlət başçısından, təklifə görə minnətdaram. Sadəcə olaraq, mən dövlət işindən çoxdan uzaqlaşmışam. Yenidən dörd divarın içinə qayıtmağım mənə ağır olar, artıq çox sərbəst, azad adamam.

- Sizin maraqlı addımlarınızdan biri də Ramil Səfərovla görüşünüz oldu. Necə etmək olar ki, Ramili Azərbaycana ekstradisiya etmək mümkün olsun.

- Mən bu məsələ ilə məşğul olmuşam, onun özü ilə də görüşmüşəm. Yəni, Ramil yaddan çıxmayıb, ekstradisiyası məsələsinə gəlincə... Fakt faktlığında qalır ki, o, cinayət törədib, bunu danmaq mümkün deyil. Macarıstanda da, başqa yerlərdə də bununla bağlı məsələ qalxanda onu vəkil kimi müdafiə etmədiyimi deyirəm. Demirəm ki, o cinayət törətməyib, ona haqsız yerə cəza veriblər, qətiyyən yox. Lakin iki müddəanın əleyhinəyəm. Birincisi, hüquqşünas kimi hesab edirəm ki, cəza çox ağırdır, hakimin qərarı müzakirə olunmsa belə. Macarıstanın Cinayət Məcəlləsinə görə, ona 20-25 il də cəza vermək olardı. Ömürlük cəza çox ağırdır, o cür cinayət törədənlərə Macarıstanda 20-25 il cəza verirlər. Həmçinin məhkəmə Ermənistan Azərbaycan münasibətlərini, müharibə şəraitini nəzərə almalı idi, amma almayıb. Nəzərə almalı idı ki, o cinayət etiraf edib. Bircə şeyi deməyib, mənimlə təkbətək görüşündə dedi ki, o anda gözünün qarşısına çox şey gətirib. İkincisi, cinayət törədib, cəzasını çəkir. Beynəlxalq hüquq normalarına görə, o Bakıya ekstradisiya oluna bilər. Mən çox istəyirəm onun ekstradisiyası baş tutsun.

- Bayaq siz cinayətin statistikasından danışdınız. Maraqlıdır ki, niyə MDB ölkələrində baş verən cinayətlər eyni xarakterli olur?

- Biz islahatlardan söhbət açdıq. Bu islahatlar həm də cinayətkarlığın qarşısını almağa xidmət etməlidir, məqsəd budur. Yəni nə ediriksə edək, elə edək ki, cinayətkarlıq azalsın. MDB ölkələrində baş verən cinayətləri müqayisə edəndə biz 1991-ci ilə və həmin ildən indiyə qədər olan müddəti götürürük. Şəxsən bizim ölkədə müstəqillik dövründə cinayətkarlığın səviyyəsi artıb. Bu proses köhnə postsovet məkanındakı respublikaların hamısında oxşardır. Heç biri deyə bilməz ki, biz müstəqil olandan sonra cinayətkarlıq azalıb. Bunun səbəblərindən biri ondan ibarətdir ki, SSRİ dövründə sərbəst hərəkət etmək az idi. Bunlar hamısı azadlıqla bağlıdır. Azadlıq olan yerdə sərbəstlik çoxdur, sərbəstlik olan yerdə də həmişə qeyri-qanuni hərəkətlər çox olur.
Əsas səbəblərdən biri də insanların, cəmiyyətin hüquqi savadının aşağı olması, cəmiyyətdə gedən iqtisadi proseslərin qeyri-sabitliyi, postsovet məkanında yaranmış ölkələrin gənc olması və s. ilə bağlıdı.

- Hansı ölkədə cinayət çoxdursa, deməli orada daha çox sərbəstdirlər. Məntiqlə belə olur?

- Yox, elə demək olmaz, burada obyektiv səbəblərlə yanaşı subyektiv səbəblər də var. 1987-ci ildə Azərbaycanda ildə orta hesabla 14 min cinayət törədilib, 2007-də isə 19 min. Bizdə 2000-2010-cu illər ərzində hər il orta hesabla 18 min cinayət törədilib. Bu vəziyyəti Avropa ölkələri ilə müqayisə edək. Müqayisə edəndə əhalinin sayını nəzərə almaq lazımdır. Məsələn, bizim əhali sayına görə Avstriya və İsveçrəyə uyğun gəlir. Əgər bizdə ildə 18 min cinayət törədilirsə, Avstriyada bu rəqəm 8 mindir, İsveçrədə isə 6 min. Deməli, İsveçrədə bizdən 3 dəfə az cinayət törədilib.
Çox pis haldır ki, Azərbaycanda ölüm hadisələri çox olur. Məsələn, hər il orta hesabla 200-ə yaxın ölüm, qətl hadisəsi baş verir. Bizdə narkotik maddələrlə bağlı cinayətlər də getdikcə artır. Respublikadakı bütün cinayətlərin 10-15 faizi narkotika ilə bağlıdır. Hamı axtarır ki, bunun səbəbi nədir? Səbəbini tapmayanda mübarizə aparmaq da çətindir. Azərbaycanda son zamanlar cinayətin artmasının səbəblərindən biri Qarabağ məsələsidir. Milyona yaxın qaçqın, yersiz, yuvasız qalmaq, qaçqın olmaq bilirsiniz nə deməkdir? İşsizlik, pis yaşayış və s. bunlar hamısı gətirib cinayətə çıxarır. Axır vaxtlar bizdə alkoqolizm cinayətin çoxalmağına çox təsir edir və s.

- XX əsrdə Azərbaycanın neft milyonçuları var idi, hansı ki, biz hər gün onları xatırlayırıq. Məsələn, Tağıyev, Muxtarov, Əsədullayev kimi. Bu gün isə onlardan daha zəngin olan məmurlar, oliqarxlar, milyonçular, biznesmenlər var, amma, onları xalq sevmir. Sizcə bu təzad nə ilə bağlıdır?

- Hansısa ölkədə olan varlı, milyonçu insanların, oliqarxların sayı, o ölkənin özünün varlılığını, kasıblığını göstərir. Məsələn, Qırğıstanda sonuncu dəfə inqilab olanda, ölkənin büdcəsini açdılar və məlum oldu ki, orada 16 milyon avro var. Eşidibsiniz ki, Qırğıstandan milyarder çıxa, yoxdur, çünki kasıb ölkədir. Rusiyada milyarder çoxdur, bu onun göstəricisidir ki, varlı ölkədir. Həmçinin Amerika və Çində. Yəni, demək istəyirəm ki, ölkədə varlıların çox olmağını yaxşı hal kimi qəbul etmək lazımdır. Bu, ölkənin özünün inkişafı, varlılığı deməkdir. Amma, söhbət halal puldan, halal var-dövlətdən gedir, Rusiyada kimlər milyarderdir, biz hamısını bilirik, leqallaşıb. Mən çox istərdim ki, Azərbaycanda da milyonçular leqallaşsınlar. Hamı bilsin ki, filankəs milyonerdir, iş adamıdır. Niyə də bilməsinlər? Məsələn, desinlər ki, Əhməd meyvə-tərəvəz biznesi sahəsində oliqarxdır, bu sahəylə məşğuldur. Cəmiyyət onları tanımalıdır, gizlənməyin yeri yoxdur. Əgər sən təmiz pul qazanırsınızsa, cəmiyyət niyə bilməsin ki? “Forbes” jurnalı mütəmadi olaraq milyarderlərin, milyonçuların siyahısını dərc edir. Niyə Azərbaycanda elə bir jurnal olmasın? Söhbət oğrudan yox, xalis pul qazananlardan gedir ki, bunları da cəmiyyət tanımalıdır. Bu, bütün dünyada belədir. Bu həm də hakimiyyət və dövlət üçün də lazımdı. Bilsin ki, onun vətəndaşı hansı sahədə hansı işlə məşğuldur.
Yadıma bir misal düşdü, bir filosof deyirdi ki, bir varlı çox xəsis olur, varını o qədər qoruyur ki, elə bilir ki, onundur. Var-dövlətini də heç cürə xərcləyə bilmir, sanki onun deyil. Demək istəyirəm ki, var-dövlət məbləği ilə deyil, necə istifadə olunması ilə ölçülür. Tağıyev pulunun çoxluğuna görə yox, onu ağıllı xərclədiyi üçün yadda qalıb. Tağıyev və digər milyonçular o zaman leqallaşmışdılar, gizlin fəaliyyət göstərmirdilər.
Bizdə çox zaman oliqarx-məmur ifadəsi işlədilir. Mən bunun əleyhinəyəm, oliqarx məmur olmamalıdır. Baxın, Rusiyadakı oliqarxların heç biri vəzifədə, dövlət işində deyil. Dövlət işində işləyən adam oliqarx ola bilməz. Söhbət yaxşı mənada oliqarx olmaqdan gedirsə, o heç vaxt məmur ola bilməz.

- Tez-tez eşidirik ki, Rusiyada hansısa azərbaycanlı iş adamını öldürüblər. Bura avtoritetlər də daxildir...

- Mən eşitməmişəm ki, hansısa tanınmış azərbaycanlı qətlə yetirilsin. Düzdür, avtoritetlərin öldürülməsi ilə rastlaşıram, amma onların öz aləmi var. Rusiya böyük dövlətdir, azərbaycanlıların sayı da çoxdur. Orada 2 milyon azərbaycanlı yaşayır, onların da içindən kimsə ölə və ya öldürə bilər. Təkcə Azərbaycanın özündə ildə 200 adam öldürürlər.
Amma bu heç bir milli zəmində baş verməyib, Rusiyada azərbaycanlılara böyük diqqət və hörmət var.