“Azərbaycanda möhtəşəm şounun şahidi olacağıq” - Fotolar

azerbaycanda-mohtesem-sounun-sahidi-olacagiq-fotolar
Oxunma sayı: 700

Avqustun 31-i və sentyabrın 1-də Eurovision Mahnı Müsabiqəsinin Məşvərət qrupunun Bakıda ilk iclası olub. Toplantıda İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin may ayında keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandırıb. Həmçinin “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən işlər, təşkilati məsələlər müzakirə edilib. Eurovision Mahnı Müsabiqəsinin təşkili ilə əlaqədar İctimai Teleradionun təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında Məşvərət qrupuna məlumat verilib. Fondun sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələri ilə tanışlıqdan sonra Məşvərət qrupunun üzvləri bu əməkdaşlığın Eurovision Mahnı Müsabiqəsinin uğurlu keçirilməsi üçün əhəmiyyətli olacağını bildiriblər.

Məşvərət qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırıb. “Bu onu göstərir ki, müsabiqəyədək hər şey çox gözəl olacaq. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır”-deyə Frank-Dieter Freiling bildirib.

Eurovision TV-nin direktoru Yorqan Frank EBU ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın Eurovision Mahnı Müsabiqəsi ilə bitməyəcəyini deyib. O, Eurovision Mahnı Müsabiqəsinin 56 ildir yaşadığını və uzunömürlü bir televiziya layihəsi olduğunu diqqətə çatdırıb. “Müsabiqədə ev sahibi hər il bir yenilik edir. Bu mahnı müsabiqəsi hər dəfə yenidən başlayır və ev sahibliyi edən hər bir yayımçı layihəyə bir yenilik gətirir. Bakıda keçirilən iclas bizi çox ruhlandırdı. Əminəm ki, biz növbəti il Azərbaycanda möhtəşəm şounun şahidi olacağıq”.

Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekker indiyədək görülən hazırlıq prosesini yüksək dəyərləndirdiklərini və “Eurovision-2012”-nin yaddaqalan şou olacağını bildiriblər.

Məşvərət qrupunun üzvləri İctimai Televiziyada şirkətin texniki imkanları tanış olublar. Qonaqlar yaradıcı heyətlə görüşdə Eurovision Mahnı Müsabiqəsi ilə bağlı fikirlərini bölüşüblər.

Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək.