Azərbaycanda qeyri-rəsmi istismar - İşgəncə

azerbaycanda-qeyri-resmi-istismar-isgence-
Oxunma sayı: 787



Novruz bayramında Azərbaycanda bir həftə qeyri iş günü olacaq.
Nazirlər Kabineti də hələ bir ay öncədən martın 20-dən 27-dək olan günləri ölkədə bayram günləri elan edib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bayram günləri iş günü hesab edilməsə də, həmin günü evdə süfrə başında deyil, işdə keçirənlər də az olmayacaq.
Mövzumuz dövlətin elan etdiyi rəsmi bayram günlərində, qeyri-rəsmi istismar edilənlər barədədir. Ancaq bu hal təkcə Novruz bayramı günləri elan olunan istirahət həftəsi ilə yekunlaşmır. Azərbycanda vəziyyət o həddədir ki, hətta bir çox qurumlar, özəl şirkətlər, firmalar belə qadınları 8 Mart günü işə çıxartmaqdan çəkinmir. Özü də Azərbaycanda insanların bayram günləri işə çıxarılması bir yana, onların konkret iş saatından artıq, 10-12 saat işlədilməsi kimi acınacaqlı vəziyyət də mövcuddur.

Bəs nəyə görə ölkədə Əmək Məcəlləsinə əməl edilmir? İşçini istirahət, bayram günlərinə həsrət qoyanlar niyə cəzalandırılmır? İşçilərin hüquqlarının pozulmasına niyə göz yumulur?

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, bayram və ya istirahət günlərində vətətndaşların qeyri-qanuni işə cəlb olunmaları Əmək Məcəclləsinin müvafiq bəndinin pozulması deməkdir: “Həmin günlərdə vətəndaşlar yalnız ikiqat əməkhaqqı hesablanmaqla işlədilməlidirlər. Həmçinin, əvəzində işçiyə başqa günlərdə istirahət günü verilməlidir. Həftənin 7 günü vətəndaşın əməyinin istismar edilməsi qanunla qadağandır”.

Millət vəkili, hüquqşünas Çingiz Qənizadə isə deyir ki, özəl müəssisələrdə vətəndaşların əmək hüquqlarının pozulması kimi hallara dəfələrlə rast gəlinir: “Dəfələrlə təklif etmişəm ki, bu məsələ nizamlanmalıdır. Deyim ki, problem təkcə özəl qurumlarda deyil, dövlət qurumlarında da müşahidə olunur. Vergilər, ədliyyə, gömrük, polis orqanlarında çalışan işçilərin də saat 6-dan sonra gecə saatlarınadək işlədilməsi, hətta şənbə, bazar günləri də işə çağırılması halları var. Bu da bir çox ailələrdə narazıçılığa gətirir, onların ailə üzvlərinə vaxt ayırmamasına səbəb olur. Özəl qurumların isə işçilərini bayram, istirahət günlərində işlətməsi qanunsuzluqdur. Artıq dövlət qurumları bu sahəyə nəzarət etməlidirlər. Ümumiyyətlə bu halları pisləyirəm”.

Məlumat üçün deyək ki, Əmək Məcəlləsinin 3-cü bəndinə görə, iş günləri hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov da deyir ki, bayram günlərində işçilərin işə cəlb olunmasının qanun pozuntusu olsa da, gündəlik həyatı təmin edən bəzi müəssisələrin işini dayandırmaması normaldır: “Elə iş yerləri var ki, orada iş dayana bilməz. Məsələn, ərzaq mağazaları, çörəkbişirmə sexləri, tibb müəssisələri, nəqliyyat vasitələri, qarovulçular istirahət və bayram günlərindən asılı olmayaraq iş başında olmalıdırlar. Amma əvəzində onlara digər günlərdən ikiqat əmək haqqı və sonradan istirahət verilməlidir”.

M. Məhərov həmçinin deyib ki, Xidmətə bu barədə şikayət daxil olarsa, araşdırma aparmağa hazırdırlar.

Xatırladaq ki, Əmək Məcələsinin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilməlidir. Bundan əlavə Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün də ödəniş həyata keçirilməlidir.

Ancaq reallıq bundan ibarətdir ki, bu gün Azərbaycanda faktiki olaraq sözügedən qanuna əməl edilmir. İnsanların iş saatlarından artıq, bayram günləri işlədilməsi isə orta əsr yırtıcılığının nümunəsidir. Bəs nəyə görə Avropaya inteqrasiya edən bir ölkədə insanlar hələ də orta əsr üsul-idarəsi ilə istismar edilir. Müvafiq qurumlar hara və kimə baxır?..

Nigar Məmmədli