Azərbaycanda vəkil müdafiə olunur

azerbaycanda-vekil-mudafie-olunur
Oxunma sayı: 682

Vətəndaş cəmiyyəti qurumları etiraz aksiyalarına qərar verdi
Dünən Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə vəkil Elçin Namazova və digər vəkillərə qarşı son zamanlar başlanan təzyiq kampaniyası ilə bağlı tədbir keçirilib. ABŞ, Norveç səfirliklərinin, həmçinin, ATƏT və başqa beynəlxalq qurumların, yerli hüquq müdafiə təşkilatları nümayəndələrinin və hüquqşünasların iştirakı ilə keçirilən tədbirdə vəkillərə qarşı təzyiqlər barədə danışılıb.
Hüquq müdafiəçisi Pərviz Həşimlinin sözlərinə görə, hakimiyyətin siyasi partiyalara, azad mediaya, vətəndaş cəmiyyəti qurumlarına qarşı apardığı səlib yürüşü bu gün vəkillər institutunun da taleyini sual altına alıb: «Hesab edirəm ki, tanınmış vəkil Osman Kazımov, Anar Qasımov, Xalid Qurbanov və nəhayət, Elçin Namazova qarşı başlanan bu təzyiq və təqib kampaniyası hakimiyyətin şüurlu siyasətinin nəticəsidir. Adını çəkdiyim insanlar o şəxslərdir ki, onlar siyasi həbslərin qurama olduğunu öz cəsarətləri ilə ifşa ediblər. Vətəndaşlar siyasi əqidələrinə, və konstitusion hüquqlarından istifadə etmək istəklərinə görə, saxta, qurama ittihamlarla həbsə atılırlar. Bu həbsləri həyata keçirən istintaq və məhkəmə orqanlarının saxtakarlığını isə vəkillər ortaya çıxarır. Dünyaya bəlli olur ki, Azərbaycanda insanlar günahsız yerə həbsxanalara atırlar. Demək olar ki, ölkənin müxtəlif bölgələrində vəkillik institutu tam sıradan çıxarılıb. Gəncə şəhərində həbs edilən Bəxtiyar Hacıyevi müdafiə etmək üçün yerli vəkillər xidmətdən rəsmən imtina ediblər. Bir neçə vəkilimiz qalır ki, onları da sıradan çıxarmaqla, hakimiyyət qarşıdakı repressiya siyasətini daha da gücləndirmək məqsədi güdür».
Hüquq müdafiəçisinin sözlərinə görə, vəkillərə qarşı təzyiqlər həm də onu göstərir ki, hakimiyyət qarşıdakı seçkilər dövründə həbsləri kütləviləşdirəcək və vəkillərsiz bu həbslərə hüquqi don geyindirmək istəyi asan olacaq: «Ona görə də biz bəri başdan bu siyasətə qarşı mübarizə aparmalıyıq. Azərbaycanın hüquq toplumunun vahid mövqeyini elə bu tədbirdən elan etməliyik. Burada müxtəlif Qərb ölkələri səfirliklərinin və beynəlxalq qurumların nümayəndələrini görürəm. Və mən təşəkkür edirəm ki, yaranmış vəziyyət onların da diqqət mərkəzindədir. Ümid edirəm ki, hakimiyyətlə dialoqlarında həmin qurumlar bu probemin ciddiliyini qaldıracaqlar».

Elçin Namazov: «Müxalifəçiləri müdafiə etməməyim üçün dəfələrlə mənə xəbərdarlıq ediblər»
Barəsində cinayət işi başlanan vəkil Elçin Namazov isə indiyədək ona qarşı edilən təzyiqlər söz açdı. Vəkilin sözlərinə görə, ona ilk təzyiq Bəxtiyar Hacıyevi müdafiə edərkən gəlib: «Buna görə dəfələrlə təhdid təzyiqlərə məruz qalmışam. Bundan sonra həbs edilən dindarların və müxalifətçilərin məhkəmədə hüquqlarını qorumuşam. Bu proseslərə çıxdığıma görə, dəfələrlə Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmışam. Mənə açıq bildiriblər ki, hakimiyyətin əlehdarlarının proseslərinə çıxmayım. Əlbəttə ki, özünə hörmət edən vəkil bundan çəkinməməlidir. Mənə dəfələrlə heç bir səbəb göstərmədən kollegiyaya çağırıblar. Ancaq bu çağırışların əsassız olduğunu nəzərə alaraq, getməkdən imtina etdim. Çünki, hər dəfə eyni sözləri eşitməkdən də bezmişdik».
Barəsində cinayət işinin qaldırılması və Vəkillər Kollegiyasından çıxarılması barədə Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayevin qərarına toxunan E.Namazov bunu sifariş kimi dəyərləndirib: «Onun sözlərinə görə, bu yolla müstəqil vəkilləri sıradan çıxarmaq istəyirlər».

Novella Cəfəroğlu: «Yaranmış vəziyyətlə bağlı ölkə başçısına, Ədliyyə Nazirliyinə, həmçinin, beynəlxalq qurumlara müraciət göndərilməlidir»

Tədbirdə çıxış edən hüquq müdafiəçisi Novella Cəfərovoğlu konkret təkliflərlə çıxış etdi. Onun sözlərinə görə, Elçin Namazova və digər vəkillərə qarşı təzyiqlərin dayandırılması üçün vətəndaş cəmiyyəti qurumları səfərbər olunmalıdır: «Ayrı-ayrı təşkilatların bu işə qoşulması xeyirdi. Amma n xeyirlisi hamının birlikdə bu prosesdə olmasıdır. Mən təklif edirəm ki, yaranmış vəziyyətlə bağlı ölkə başçısına, Ədliyyə Nazirliyinə, həmçinin, beynəlxalq qurumlara müraciət göndərilməlidir».
Azərbaycanda cəsarətli vəkillərin sayının az olduğunu deyən hüquq müdafiəçisinin sözlərinə görə, yerdə qalanların da sıradan çıxarılması pis tendensiyaya aparır:: Vəkillik fəaliyyətinə qadağa qoyulan vəkillərdən biri də Vidadi İsgəndərlinin vəkili Xalid Bağırovdur. Mən onun necə cəsarətli vəkil olduğunun Vidadi İsgəndərlinin məhkəməsində şahidi olmuşam».

Emin Hüseynov: «Vəkillər Kollegiyasının qarşısında piket keçirilsin»
RATİ sədri Emin Hüseynov deyilənləri dəstəkləməklə yanaşı vəkillərin müdafiəsi üçün piketlərin başlanmasını da təklif etdi. Onun sözlərinə görə, Vəkillər Kollegiyasının qarşısında vətəndaş cəmiyyəti qurumları və vəkillər etiraz aksiyası keçirə bilər.
İntiqam Əliyev: «Ölkədə 10-15 müstəqil vəkilin olmasından narahat olurlar»
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev də hesab edir ki, vəkillərə qarşı təzyiqlər təsadüfü deyil: «Müəyyən mərhələ olur ki, hakimiyyət siyasi partiyalara, azad mətbuata qarşı səlib yürüşü həyata keçirir. İndi isə növbə vəkillərindir: «Ölkədə bir demokratın olması demokratiya mübarizəsi üçün əsas şərt sayıla bilər. Hakimiyyət üçün 10-15 vəkilin qalması da eyni şeydir. Ölkədə 10-15 müstəqil vəkilin olmasından narahat olurlar. Ona görə də çalışırlar ki, həmin şəxsləri də sıradan çıxarsınlar».
Vəkil İradə Cavadova da yaranmış situasiyadan narahatçılığını ifadə etdi. Elçin Namazovu professional vəkil kimi xarakterizə edən İ.Cavadova onun məhkəmədə hansısa qanunsuzluq etməsinə inanmadığını dedi. Bununla belə o, təklif etdi ki, Elçin Namazov da öz növbəsində üzləşdiyi qanunsuzluqlarla bağlı məhkəməyə müraciət etsin.
Vəkil Osman Kazımov isə məhkəmə proseslərindəki hakim qanunsuzluqlarından danışdı. Onun sözlərinə görə, Elçin Namazovla bağlı qərarın heç bir hüquqi əsası yoxdur. Bununla belə o, bildirdi ki, Elçin Namazovun prosesdən kənarlaşdırılması müdafiəçisi olduğu Rüfət Hacıbəylinin vəkilsiz qalması ilə nəticələnib.
Tədbirin sonunda qərara alındı ki, ölkə başçısı və beynəlxalq qurumlara müraciət qəbul olunması ilə yanaşı, həm də etiraz aksiyaları keçirilsin. Qarşılıqlı müzakirələrdən sonra qərara alındı ki, piket keçirilməsi ilə bağlı gələn həftə Bakı meriyasına müraciət edilsin.