“Azərbaycandan Zimbabveyə qədər...” - Hesabat

azerbaycandan-zimbabveye-qeder-hesabat
Oxunma sayı: 650

Dövlət katibi bildirib ki, hər bir ölkənin vətəndaşı öz hökumətini formalaşdırmaq, onların hüquq və azadlıqlarına təminat verən konstitusiyasını müəyyənləşdirmək hüququna malikdir: “Və bu, keçid dövrünü yaşayan hər bir ölkənin insanlarına da aiddir, onlar azadlıqları və hüquqları boğmağa çalışanlara qarşı mübarizə aparıb demokratik dövlət qurmaq ümidlərini itirməməlidir”.

ABŞ dövlət katibi bəyanatında mənfi rakursda yalnız iki ölkənin adını çəkib. Xanım Klinton Azərbaycanla Zimbabveni qeyd edib: “Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini ifadə etdiklərinə, müdafiə etdiklərinə görə hələ də həbsxanalarda saxlanılır. Bu gün biz bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq. Biz insan haqlarını müdafiə edən və buna görə sıxışdırılan insanların yanındayıq”.

Qeyd edək ki, bloqqerlər həbsdə olarkən Hillari Klinton Azərbaycana səfəri zamanı onların azadlığa buraxılması tələbini səsləndirmişdi. O zaman hakimiyyət yetkililəri bu tələbə sərt reaksiya vermişdilər və bloqqerlər həmin tələbdən xeyli sonra azad edilmişdilər. Bəs, bu dəfə Azərbaycan hakimiyyəti ABŞ-dan gələn tələbə əməl edəcəkmi? İctimai Palata həbsdəki üzvlərinin bu bəyanatdan sonra azad olunacağına ümid edirmi?
İctimai Palatanın İnsan Hüquqları Komitəsinin sədri Vidadi Mirkamal öncə bildirdi ki, İP Azərbaycan kimi potensialı olan ölkənin bu hakimiyyətin demokratiya və insan haqlarını pozması nəticəsində Zimbabve ilə eyni sıraya düşməsindən həm təəssüflənir, həm də hiddətlənir: “Belə görünür ki, artıq ABŞ kimi superdövlət Azərbaycandakı vəziyyətlə Zimbabvedəki vəziyyətin eyni olduğu qənaətinə gəlib. Azərbaycanı artıq Zimbabve ilə müqayisə edirlər. Azərbaycan hakimiyyətinin yanlış siyasətinin ölkəmizi dünyada bu vəziyyətlə üz-üzə gətirəcəyi barədə biz dəfələrlə xəbərdarlıq etmişik. Hakimiyyətə dəfələrlə rəsmi çağırış etmişik, Yol Xəritəsi təqdim etmişik ki, nə qədər gec deyil ölkədə demokratik dəyişikliklər edilsin. İqtidar isə heç bir çağırışa, irəli sürülən təkliflərə məhəl qoymamaqda davam edir. Ona görə vəziyyət gəlib bu həddə çatdı ki, ölkəmiz Afrikanın ən dəhşətli vəziyyətdə olan ölkəsi ilə eyni tutulur. Zimbabve ilə müqayisə olunduğumuza görə Klintonu ittiham etməyin əsası yoxdur. Günahkar öz ölkəmizin hakimiyyətinin yanlış siyasi xətt yürütməsidir”.

V.Mirkamal hesab edir ki, hakimiyyət siyasi məhbusların azad olunması tələbinə əməl etməli olacaq: “Bu iqtidar dərk etməlidir ki, artıq bir-iki il əvvəlki dövr yoxdur. Artıq dünya dəyişir. Biz bəyan etmişik ki, dəyişən dünyada siz də, Azərbaycan da dəyişməlidir, başqa yol yoxdur. Bunlar dəyişməsə, dünya, xalq bunları dəyişəcək. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, vaxtında dəyişməsəniz, sabah xalq ayağa qalxanda dünyanın dəstəyi olacaq və xalq bütün xanimanınızı dağıdacaq. Artıq Klinton açıq bəyan edib ki, ABŞ hüquqları uğrunda mübarizəyə qalxan xalqların yanında olacaq. Biz İctimai Palata olaraq istəyirik ki, Azərbaycanda dəyişikliklər islahatlar yolu ilə, sivil yolla baş versin. Hakimiyyət dərk etməlidir ki, əslində bizim istəyimiz onların da xeyrinədir. Artıq ABŞ və beynəlxalq təşkilatlarda da əminlik yaranıb ki, Azərbaycandakı hakimiyyət o qədər sərvət toplayıb ki, demokratik dəyərləri, dünyanın çağırışlarını heçə sayırlar. Ona görə beynəlxalq birlik tədricən sərt üzünü göstərməkdədir. Klintonun çağırışı Azərbaycanda böyük dəyişikliklər olacağının siqnalıdır. Azərbaycan iqtidarı bu tələbdən sonra da siyasi məhbusları, xüsusən də 2 aprel aksiyasına görə qanunsuz həbs olunan vicdan məhbuslarını azad etməsə, hakimiyyətə qarşı çox böyük beynəlxalq təzyiq olacaq. Həmin təzyiqlərin qarşısında bunlar duruş gətirə bilməyəcəklər və əlavə ciddi problemlərlə üz-üzə qalacaqlar. Bunu unutmamlıdırlar və siyasi məhbusları təcili azad etməlidirlər”.

Musavat.com