Azərbaycanın dövlət büdcəsində əhəmiyyətli artım

azerbaycanin-dovlet-budcesinde-ehemiyyetli-artim
Oxunma sayı: 648




Bu gün Milli Məclisinin İqtisadi siyasət komitəsində 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Maliyyə Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan komitənin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov 2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklər barədə millət vəkillərinə geniş məlumat verib. Nazir qeyd edib ki, dəyişiklin nəticəsində dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq, gəlirlər 17 038 milyon manat, xərclər isə 17 672 milyon manata çatdırılacaq. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.

2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti barədə danışan nazir S.Şərifov bildirib ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılması olub.

Eyni zamanda, Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qurunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş Fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb edilməsi tələb olunur.

S.Şərifov həmçnin dövlət və icmal büdcələrin gəlir və xərclərində edilmiş dəyişikliklər, ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsi üçün konkret tələb olunan vəsaitin məbləği barədə ətraflı məlumat verib.

İclasda çıxş edən millət vəkilləri Azərbaycan prezidenti İlham Əliyevin ölkədə baş vermiş təbii fəlakət və digər fövqəladə halların nəticəsinin aradan qaldırılması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı irəli gələn maliyyə məsələlərinin həlli üçün atdığı addımı yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə olunması barədə qərar qəbul olunub.