Azərbaycanın Müdafiə Nazirliyindən şok açıqlamalar

azerbaycanin-mudafie-nazirliyinden-sok-aciqlamalar-
Oxunma sayı: 659

"Azərbaycan Silahlı Qüvvələri ermənilərin cəbhə xəttində etdiyi hər həmləyə ikiqat cavab verir". Bunu təmas xəttində keçirdiyi mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

E. Sabiroğlu bu gün Silahlı Qüvvələrimizin bölgədə ən güclü orduya çevrildiyini, Ermənistan silahlı qüvvələrinin isə sürətlə tənəzzülə uğradığını bildirib. Onun sözlərinə görə, bunu könüllü şəkildə Azərbaycan tərəfinə keçən Ermənistan ordusunun əsgərləri də bəyan ediblər.

“Onların ilk sözü bu olub ki, "ya əsgərlər ya da komandirlər tərəfindən incidilmişik. Ya da işgəncə verilib ki, biz də Azərbaycan tərəfinə təslim olmuşuq. Bir də aclıq, yemək üzündən". Bəzi əsgərlər deyir ki, valideynlərimiz bizə yemək gətirməsəydi biz acından ölərdik”, - deyə nazirlik rəsmisi qeyd edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi daim sülh danışıqlarını pozur və üstəlik Azərbaycanı militar siyasət aparmaqda günahladırır. Ancaq E.Sabiroğlu bildirib ki, danışıqların uzanması səbəbi ilə Azərbaycana müharibədən başqa yol qalmır.

“Onlar uşağı belə öldürməkdən çəkinmirlər və bundan fərəh hissi duyurlar. Fariz Bədəlovun 9 yaşı var idi və o müharibənin nə olduğunu bilmirdi, əlində silah tutmamışdı. Lakin görün düşmən nə qədər qəddar, qaniçəndir ki, uşağa da qıyır. Son mərhələdə Azərbaycan əsgəri xalqın, dövlətin, Ali baş komandanın ona ümidlərini doğruldacaq və torpaqlarımızı azad edəcək. Bunu düşmən bilməlidir. Bunun üçün biz hazırlıq işləri aparırıq. Birinci hazırlıq ondan ibarətdir ki, aşağı təbəqədən tutmuş korpuslara qədər hərbi təlimlər keçirilir”.

Müdafiə Nazirliyinin rəsmisi son günlərdə erməni snayperlərinin fəallaşması barədə suala da münasibət bildirib. O qeyd edib ki, ermənilər nə qədər vururlarsa da 2 qat da cavabını alırlar.

Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhə xəttində bir qrup ictimaiyyət nümayəndəsinin hərbi hissələrdəki şəraitlə, qoşunların döyüş hazırlığı ilə tanış olmasına yönəlmiş tədbir keçirib. Məqsəd silahlı qüvvələrdə şəffaflığı təmin etməkdir. Cəbhənin Füzuli istiqamətində ön xəttə yerləşən hərbi hissələrdən olan millət vəkilləri, QHT nümayəndələri və jurnalistlərdən ibarət olan nümayəndə heyəti əvvəl hərbi hissədəki şəraitlə və hərbi hissənin poliqonunda Azərbaycan respublikasının müxtəlif hərbi texnikası ilə tanış olublar. Daha sonra qonaqlara hərbi texnika və silahlar nümayiş etdirilib, əsgərlər silahlardan müxtəlif hədəflərə atəş açıb. Hər bir silahdan 3 dəfə atəş açılıb və hər bir atəş hədəfə tam dəyib.