Azərbaycanın poladəritmə zavodları “əridilir”

azerbaycanin-poladeritme-zavodlari-eridilir-
Oxunma sayı: 2470

Bu fikirlər «Baku Steel Company»nin rəsmi saytında yerləşdirilən ilk cümlədir. Amma həqiqətən belədir, müəssisə yüksək ranqlı himayəçilərinin hesabına qanunsuz vasitələrlə birinci olmağa çalışır. Bu isə ölkədə sahibkarlığın boğulmasına, emal sənayesinin tənəzzülünə və metallurgiya sahəsində inhisarçılığın yaranmasına gətirib çıxarır.

Xatırladaq ki, şirkət 2001-ci ildə məşhur iranlı iş adamı Paolo Pərviz tərəfindən yaradılıb. O zaman iş adamına dəstək göstərən iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs ediləndən sonra, müəssisə P.Pərvizin əlindən alındı. Hazırda «Baku Steel Company»nin əsas sahibinin Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov olması barədə fikirlər səslənir.
P.Pərviz 2005-ci ildə müəssisəni təhvil verəndən sonra metallurgiya sahəsində özbaşınalıq hökm sürməyə başladı. Belə ki, bu MMC Bakı Polad Əritmə Zovadunu zorla ələ keçirdi. Zovadun 97 faiz səhmi Zülfüqarlı qardaşlarına məxsus olub. Qardaşların himayədarı olan sabiq iqtisad inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra mülkiyyətə əl qoyuldu. 2005-ci ildə qardaşlara səhmlərinin öncə 80 faizinin, daha sonra qalan 17 faizi satmağa məcbur ediblər. Beləliklə, müəssisə «Baku Steel Company»nin ixtiyarına keçib. Zavodda 20 min tondan artıq metalı talan edilib, bahalı avadanlıqlar metalloma çevrilib, burada çalışan 3 mindən artıq insan işsiz qalıb.
Məhkəmə çəkişmələri zamanı üzə çıxdı ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun nəzarətində olan Bakı Poladtökmə Zavodunun səhmlərinin 80 faizinin sahibi Lerikli fəhlə Gəray Məmmədovun adına keçrilib. Prosesin gedişində G.Məmmədov müəssisəni zavodun yeni rəhbərliyinin sürücüsünə «satdı».

Son bir ildə isə «Baku Steel Company»nin hegomonluğu sərhəd tanımır. Şirkət xüsusi qoçular saxlayır, kiçik metaləritmə zavodlarına hücum çəkir, onların avadanlıqlarını, xam malını əlindən alır.

Keçmiş deputat Nazim Məmmədova məxsus olan «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsinin və «Şəhriyar 99» metaləritmə müəssisələrinə də eyni qayadda hücum çəkərək qapatmağa çalışıblar.

Dünən isə Müşfiqabad qəsəbəsi yaxınlığında bir neçə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb. «Baku Steel Company»nin 20-25 qoçusu yanlarında «KamAZ»larla və dəmir yükləyən kranla gələrək, heç kimə məhəl qoymadan müəssisələrdə metalları yığmağa başladılar. Əraziyə polis çağrılsa da, heç bir yardım etmədən gediblər.

Daha bir hücum isə Bakının Zabrat qəsəbəsində yerləşən «R.A.N.K» MMC-yə olub. Zavodun bütün məhsulları aparılıb, müəssisənin isə fəaliyyətini dayandırmaq göstərişi verilib.

Maraqlıdır, «Baku Steel Company» adından edilən açıq cinayətkarlıq faktı hüquq mühafizə orqanları tərəfindən susqunluqla qarşılanır. Nə Daxili İşlər Nazirliyi, nə Vergilər Nazirliyi, nə Dövlət Əmlak Komitəsi olaylara reaksiya verir.

«Baku Steel Company» inhisarçı, varlı müəssisə olsa da işçiləri rəhbərlikdən kəskin narazıdır. Şirkət səhmdarlarına hədə-qorxu gələrək, onların dividentlərini vermir, payçıların sayını süni şəkildə azaltmağa çalışır. Bir müddət əvvəl mətbuat konfransı keçirən
«Bakelektroqaynaq» ASC-nin səhmdarları «Baku Steel Company»də baş verən özbaşınalıqlardan şikayət etmişdilər. Qeyd edək ki, «Baku Steel Company» «Bakelektroqaynaq» ASC-nin əsas payçısdır. Səhmdar Şahin Əlizadə bildirib ki, 2008-ci ildə cəmiyyətin üzərində nəzarətin Araz Ağalarovun əlinə keçdiyinə dair şaiyələr yayıldıqdan sonra səhmdarlar ona müraciət ünvanlayıb. Şahin Əlizadənin sözlərinə görə, səhmdarlar ümid edib ki, Araz Ağalarov ASC-ni normal hala salacaq. Amma vəziyyət bir qədər qəlizləşib. Müəssisə rəhbərliyi tərəfindən səhmdarları alçaldır, dividentlər ümumiyyətlə verilmir, heç bir yığıncaq isə çağrılmır. Baş verən qanunsuzluqla bağlı Vergilər Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə şikayət olunsa da, hər hansı bir tədbirin görülüməsinə cəhd belə olunmayıb.

Bütün baş verənlər hadisələr ölkə Konstitusiyasının pozulması, özəl mülkiyyətin toxunulmazlığı hüququnun ayaq altına düşməsi deməkdir. Hadisələr göstərir ki, ölkədə özəl mülkiyyətə və şəxsi təhlükəsizliyə heç bir təminat yoxdur.

Ekspertlərin rəyinə gəldikdə əsas dəyərləndirmə metallurgiya bazarının tam ələ keçirilməsi uğrunda mübarizəni göstərir. Bazar bununla monopoliyalaşır və «Baku Steel Company»nin ixtiyarına keçir. Bəllidir ki, ölkədə böyük tikinti-quraşdırma işləri gedir. Burada armatur bazarı üçün böyük imkanlar açılıb. «Baku Steel Company» isə bu imkanları tam olaraq ələ keçirmək istəyir.

“Bizim yol”