Azerfon 4G texnologiyasının tətbiqinə hazırlaşır - Fotolar

azerfon-4g-texnologiyasinin-tetbiqine-hazirlasir-fotolar
Oxunma sayı: 852

Hazırkı GSM və 3G şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirən və müasirləşdirən mobil operator Azerfon-un müştəriləri tezliklə mükəmməl rabitə xidmətlərindən faydalana biləcək. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Nokia Siemens Networks (NSN) şirkəti ilə imzalanan müqaviləyə əsasən Azerfon şəbəkənin genişləndirilməsi üçün 65 milyondan artıq ABŞ dolları sərmayə qoyaraq Azərbaycanda yüksək keyfiyyətli şəbəkə keyfiyyətini təmin etmək üzrədir. NSN şirkəti bunun üçün artıq hazırlıq işlərinə başlayıb və yeni şəbəkə artıq 2011-ci ilin sonuna tamamlanacaq. Müqaviləyə əsasən Nokia Siemens Networks Azerfon-un şəbəkəsini ən müasir avadanlıqlarla təchiz edəcək.

“2011-ci il Azerfon abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. 2011-ci ildə şəbəkə təkmilləşdirilməsi planımıza əsasən, biz GSM və 3G stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırır, şəhərin bütün metro stansiyalarında tam şəbəkə əhatəsini təmin edir və Azərbaycanın mobil internet sürətində növbəti sıçrayış olacaq LTE (4G) şəbəkəsinin quraşdırılmasına başlamışıq” – deyə Azerfonun Baş İcraçı Müdiri cənab Yurgen Pitz bildirib. “Biz şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 3G və 4G texnologiyası təchizatında dünya lideri ola Nokia Siemens Network (NSN) şirkətini icraçı qismində seçdik və bu əməkdaşlıq nəticəsində 2011-ci ilin sonunadək ölkə üzrə bizim 1600-dən artıq (GSM/3G/4G) stansiyalarımız tam fəaliyyətdə olacaq. Beləliklə, ilin sonunadək Azerfon Azərbaycanda yüksək keyfiyyətli şəbəkə əhatəsi təmin etmiş olacaq. Həmçinin, bu il biz şəhərin metro stansiyaları və stansiyalar arası tunel xətlərində də keyfiyyətli şəbəkə quracağıq . Məqsədimiz hər iki brendimizin, - Nar Mobile və Azerfon-Vodafone-nun, istifadəçilərini müasir şəbəkə, ən yaxşı xidmətlər və ən sərfəli qiymətlərlə təmin etməkdir“ – cənab Pitz qeyd edib.

“Biz Azerfonun 2011 şəbəkə modernizasiyası və genişləndirilməsi planının icraçısı seçildiyimiz üçün çox şadıq. İmzaladığımız müqavilə GSM şəbəkəsinin modernizasiyası, yeni 3G stansiyalarının quraşdırılması və LTE (4G) şəkəsinin Nokia Siemens Networks avadanlıqları və həlləri əsasında qurulmasını nəzərdə tutur. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru şəbəkəsinin əsaslı yenilənməsi üçün NSN şirkətini seçib və beləliklə, 2011-ci ildə şirkətin abunəçiləri dünya standartlarına tam cavab verən mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər. Biz Azərbaycan abunəçiləri üçün ən qabaqcıl rabitə xidmətlərini təqdim etməyə imkan verən müasir şəbəkəni Azerfon şirkətinə təqdim edəcəyimizə görə fəxr edirik”- deyə, NSN-nin MDB ölkələri üzrə Rəhbəri cənab Ernst Nassl bildirib.

Şirkət haqqında:

Azerfon MMC öz kommersiya fəaliyyətinə 27 Mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib. Azerfon Azərbaycan mobil rabitə bazarının ən dinamik və yenilikçi mobil rabitə operatorudur. Azerfon Azərbaycanda ilk dəfə olaraq Nar Mobile vasitəsilə bütün rabitə xidmətlərində manatla tarifikasiyanı təqdim edib və 2009-cu ildə Azərbaycanın ilk 3G operatoru kimi 3G texnologiyası əsasında xidmət və məhsullar təqdim edib. Vodafone ilə strateji tərəfdaşlıq imzalamaqla, Azerfon sürətli genişzolaqlı mobil rabitə və ən yaxşı rouminq xidmətləri ilə tanınan ikinci Azerfon-Vodafone ticarət nişanının əsasını qoyub.

AZERFON şəbəkəsi Azərbaycan Respublikasının ərazisinin 80% əhatə edir. Bu günədək AZERFON şəbəkəsindən 1,7 milyona qədər abunəçi istifadə edib. www.azerfon.az

Nigar Məmmədli