Azəriqazbank Əli Əkbərlə bağlı açıqlama yaydı

azeriqazbank-eli-ekberle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 682

Məsələylə bağlı Azəriqazbank da bu gün açıqlama yayıb. Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, son günlər, bəzi kütləvi informasiya vasitələrində AGBank haqqında yayılan və bankımızın nüfuzunu zədələməyə hesablanmış əsassız və böhtan xarakterli məlumatlara cavab olaraq bildiririlir ki, ölkəmizin etibarlı və tanınmış banklarından olan AGBank – Azərbaycan Respublikasının qanunvericiliyinə bağlı, müvafiq beynəlxalq konvensiyalara sadiq, biznes meyar və prinsiplərinə əməl edən, aralarında Beynəlxalq Maliyyə Qurumu kimi nüfuzlu təşkilatların da olduğu səhmdarlarının maraq və mənfəətlərini daim düşünən və qoruyan, KİV-lə münasibətlərini şəffaflıq və dostluq təməlləri üzərində quran, müştərilərinə qarşı məsuliyyətli və vicdanlı bir maliyyə institutudur: “Bankımız haqqında mütəmadi olaraq iftira xarakterli məlumatlar yayan mətbu orqanlara xatırladırıq ki, AGBank özünün pozulan hüquqlarını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsi əsasında, məhkəmə yolu ilə bərpa etmək haqqını özündə saxlayır və bu tipli xoşagəlməz hallar təkrarlandığı təqdirdə, məhz bu üsulla qarşı tərəflə münasibətlərini aydınlaşdırmağa hazırdır.

Həmçinin, son günlər gündəmə gələn yazıçı-naşir qarşıdurmasında bankımızın adının hallanması, Qanun nəşriyyatının bizə aidiyyəti olmayan məsələlərə dair bizdən izahat tələb etməsi başa düşülən deyil və çox güman ki, hansısa texniki yanlışlıqdan irəli gəlir. AGBank olaraq rəsmən bildiririk ki, AGBank-da “İctimaiyyətlə Əlaqələr Departamenti” adlı bir departament mövcud deyil və onun Əli Əkbər adlı əməkdaşı yoxdur.

Ümid edirik ki, bundan sonra KİV, fiziki və hüquqi şəxslər bankımız haqqında dəqiqləşdirilməmiş məlumatların yayılmasına rəvac verməyəcək; demokratiya, plüralizm, söz və ifadə azadlığı kimi dəyər və prinsiplərə kölgə salmayacaq və bütün ixtilafları qarşılıqlı müzakirə, danışıqlar və fikir mübadiləsi əsasında həll etməyə çalışacaqlar”.