Babam birinci dəfə nənəm rəhmətə gedəndə öldü - Esse

babam-birinci-defe-nenem-rehmete-gedende-oldu-esse-
Oxunma sayı: 2782

Kəndimizdən bir neçə kilometr aralıda babamın ferması yerləşirdi. Bakının bic, hiyləgər adamlarının əlindən canımı çəkib qoyunların, quzuların, atların, inəklərin arasında yaşamaq mənə Məcnun xoşbəxtliyi kimi görünürdü və elə vaxtlar olurdu ki, gecələr elə qoyunlarla bir yerdəcə yatırdım. Babam öz biliyimə, özü də yüksək balla universitetə girdiyimə görə sürüsünün içindən mənə bir qoyun da ayırmışdı. Babamın qoyunları o qədər çox idi ki, sürünün ucunu əks tərəfə döndərmək üçün bir yumurta bişib qurtaran vaxt qədər yüyürə-yüyürə yol getmək lazım gəlirdi. Ona görə də babam həmişə mənə deyirdi ki, sən sürünün o başında dayan, mən bu başında. Hərdən də elə olurdu ki, sürünün o başında dayanan babam papağını başından çıxarıb əlində yelləyə-yelləyə mənə işarə eləyib nəsə deyirdi. O saat nənəmin sözü yadıma düşürdü. Nənəm babama deyirdi ki, düzün ortasında Lelin kimi əlini nə yelləyirsən, bir yaxına gəl görüm. Düzdü, bu sözü mən demirdim babama. Çünki, bu ifadə ən çox nənəmin öz dilində və özü də məhz babama deyiləndə şirin səslənirdi. İndi nənəm sağ olsaydı babamın nə demək istədiyini o saat anlayadı. Mən isə babamın bu işarəsindən heç nə başa düşmürdüm. Yüyürə-yüyürə yenidən babamın yanına qayıdırdım. Bu cür hallar dəfələrlə təkrarlanırdı.

Babam birinci dəfə nənəm rəhmətə gedəndə öldü. Nənəmin yoxluğu təkcə babamı deyil, fermamızın demək olar ki, bütün sakinlərini - atları, qoyunları, itləri, inəkləri bərk sarsıtmışdı. Fermada atlar, itlər, qoyunlar və ən çox da babam elə bil yetim qalmışdı. Bircə babamın mənim üçün ayırdığı qoyun rahat və xoşbəxt idi, sayəmdə xoş bir güzəran sürürdü.

Bilirdim ki, atam öz doğma anasını - nənəmi çox istəyir. Baxmayaraq ki, nənəm öləndə atam ağlamadı. Ancaq mənim gözümdə ən çox ağlayan elə atam idi. O, başqaları kimi başına-gözünə, dizinə döyməsə də göz yaşları içinə yağış kimi yağırdı. Əmilərimin başı hələ ki, hüzrə qarışmışdı. Mənim gözüm isə babamın mənim üçün ayırdığı qoyunda idi. Fikirləşirdim ki, babam və əmilərim mənim qoyunumu nənəmin hüzrünə kəsilən qoyunların içinə daxil eləyə bilər. Demirəm bilərəkdən, yox! Qarışığa düşə bilər. Ona görə də öz qoyunumu da qabağıma qatıb adamların gözündən o ki var uzaqlaşdım və demək olar ki, düz şər qarışana qədər evə qayıtmadım. Babam əvvəllər də fermamızda hər həftə 1, qonağımız olanda isə ayrıca qoyun başı qanadırdı. Mən onda gözlərimi yumurdum. Baxa bilmirdim. Ətindən də yemirdim heç. Ümumiyyətlə, heç bir qoyunun kəsilməyini istəmirdim.

Nənəmin ölümü ilə hamımızın içində dərin bir boşluq yaranmışdı. Adamların biri-biri ilə kəlmə kəsməyə dili gəlmirdi. Başı hüzr məclisinə qarışan bibilərim, əmilərim elə bil nənəmin ölüm xəbərini 40 gün sonra, məhz indi eşidiblər. Böyük bibimin nənəmin qoşqabda yarımçıq qalmış yeməyini ağlaya-ağlaya evin ortasına qoyub kənarında dizin-dizin sürünə-sürünə dövrə vurmağı mənim uşaq ürəyimi parça-parça eləyirdi. Ortancıl bibim ölümündən bir neçə gün əvvəl nənəmin uzun qara hörüklərini dibindən kəsib evdə saxlayırdı. Bibimin o hörükləri ovucları ilə üzünə sıxıb ağlamağı yaddaşımın dərinliklərində əbədi kök salıb. Əmilərimin isə evdən mümkün qədər uzaqlaşmaq, bu ağır itkini unutmaq qədər qaçmaq fikrindəydilər. Ancaq nə fayda! Hara getsəydilər nənəm ordaydı. Bircə, atam sakit dayanmışdı. Onun gözləri nənəmin yarımçıq qalmış dava-dərmanlarında idi. Nənəm elə bilirdi ki, dünyanın ən xeyirli dərmanı valeryandır. Yəqin ölüm ayağında olanda belə fikirləşirmiş ki, ona bir cüt valeriyan versələr tamam sağalar. Hətta bibimin balaca qızının bir qutu valeriyanı qabağına töküb bir-bir udması belə o dərmanın etibarını nənəmin gözündə öldürməmişdi. Nənəm yenə də valeriyana inanırdı və bəlkə də son anda öz vaxtsız ölümünün səbəbini məhz bu dərmanın evdə gec tapılmasında görürdü.

Vaxt ötdükcə hiss olunurdu ki, nənəm yavaş-yavaş unudulur. Unudulmaq əsl ölümdür və mən get-gedə hiss eləməyə başlayırdım ki, nənəm doğurdan da ölüb. Əvvəllər nənəmin əl dəsmalı babamın cibində olardı. Ancaq indi babam nəyin ki, nənəmin əl dəsmalını, hətta o dəsmalı hansı paltarının cibində olduğunu belə unutmuşdu. Artıq nənəmin toxuduğu corablar, sırıdğı yorğan-döşək, oxuduğu nəğmələr, bayatılar və hətta fermamızda hər kəsin dilinin əzbəri olan, hər dəfə xatırlayıb güldüyümüz “Lelin kimi əllərini nə yelləyirsən” sözü belə babamın yaddaşından tamamilə silinib getmişdi. Bəziləri bunu babamın etirabsızlığı ilə əlaqələndirirdi. Bu məsələdən bibilərim, əmilərim də narazı idilər. Bütün bu dedi-qodulara, söz-söhbətlərə məhəl qoymayan yeganə adam isə atam idi. Atam babamın bu dünyada tək yaşaya bilməyəcəyini yaxşı bilirdi və o, nənəmin tezliklə unudulmağının tərəfindəydi. Hətta anamın kəskin etirazlarına baxmayaraq atam Cəlilabad rayonundan fermamıza yeni biri “ana” da gətirdi. Əslində, yeni anamız fermamız, atımız, inəklərimiz və xüsusən babamın mənim üçün ayırmış olduğu qoyuna (bəlkə də mənə xoş getsin deyə) öz doğma nənəmdən daha çox rəğbət bəsləyirdi. O da doğma nənəm kimi nəğmələr oxuyur, bayatılar deyirdi. Səsi də gözəl idi. Ancaq bilirdim ki, bütün bunlar nə babama, nə də fermamızın digər sakinlərinə öz doğma analarının səsi qədər əziz deyildi. O “Cəlilabad şairi” nin Aran torğaını öz doğma nənəm kimi ayağa qaldıra biləcək poetik ifadələrlə zənginliyi heç mənə də inandırıcı gəlmirdi. Ancaq fikirləşirdim ki, o da qadındır, onun da öz hissləri, duyğuları, arzuları var və onu da bilirdim ki, bizim üçün doğma və əziz olan bu “Şirinqum” çölündə yaşamaq “Cəlilabad şairi” üçün də bir o qədər xoş deyildi. Əri Qarabağ döyüşlərində şəhid olmuşdu və 25 il tək yaşadıqdan sonra bizim fermamıza ikinci dəfə gəlin köçmüşdü. Onu da deyim ki, o “Cəllabad şairi” bilirdi ki, mən babamın sevimlisiyəm və mənim ürəyimə yol tapmağın yeganə yolu babamın mənim üçün ayırmış olduğu qoyunu sevmək, oxşamaq və əzizləməkdi.

Babamı ikinci dəfə atam evləndirdi. Bunu qohumlar arasında atamdan savayı demək olar ki, istəyən yox idi. Mən onda çox uşaqdım və bu cür ailə məsələləri dərinliyinə qədər anlaya bilmirdim. Üzdə anama xoş getsin deyə atamın bu hərəkətinə kəskin etiraz eləsəm də ürəyimin dərinliyində bir “əhsən” kəlməsi də varıydı. Ancaq anamın bu məsələ barədə atama dediyi yekun söz hələ də qulaqlarımda son zəngimin səsi kimi cingildəyir: “Kökünüzdə var etibarsızlıq”. İndi-indi anlayıram ki, o vaxt anamın babamın ikinci dəfə evlənməsi məsələsinə kəsin etiraz səbəbinin kökündə təkcə öz qaynanasına olan böyük sədaqəti dayanmırmış, eyni zamanda düşünüb və xəyallarında fikirləşirmiş ki, nə vaxtsa o da nənəm kimi bu dünyadan vaxtsız-vədəsiz köçüb getsə (Allah eləməsin) atam da babamın bu gündən əsasını qoyduğu ənənəyə sadiq qalacaq. Əslində anamı da qınamalı deyildi. Axı o qadındır və bu cür hisslərlə yaşaması olduqca təbiidir. Ancaq şəxsən mən indinin özündə də babamın ikinci dəfə evlənməyinin tərəfindəyəm və eyni zamanda fikirləşirəm ki, o vaxt atamın atmış olduğu o müdrik addımı mən də olsam atardım. Çünki o, bilirdi ki, babam tək yaşaya bilməyəcək və odur ki, atamın uzaqgörənliyi sayəsində babam 10 il artıq yaşadı.

P.S Bir müddət sonra babamın mənim üçün ayırmış olduğu qoyunun öz yatdığı yerdə öldüyünü gördüm. Bu fermamızda bəlkə də öz əcəli ilə ölən yeganə qoyun idi.

Kəramət Böyükçöl