Bakı İrəvana zəmanət verdi - Gəlsinlər

baki-irevana-zemanet-verdi-gelsinler-
Oxunma sayı: 687



Azərbaycan növbəti ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində Ermənistan da daxil olmaqla bütün ölkələrin nümayəndə heyətləri üçün lazımi şərait yaratmağa hazırdır.

“Ermənistan nümayəndələri müsabiqədə iştirak etmək üçün digər ölkələrin iştirakçıları ilə bərabər hüquqlara malikdirlər, burada heç bir problem yoxdur”, - deyə Mədəniyyət və Turizm Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

“Müsabiqənin şərtlərinə uyğun olaraq Azərbaycan Bakıda keçiriləcək “Eurovision-2012”-nin bütün iştirakçılarının iştirakını təmin etməyə hazırdır”, - deyə öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov qeyd edib.

Qeyd edək ki, Ermənistanın “Jamanak” qəzeti yazıb ki, Ermənistan 2012-ci ildə Azərbaycanda “Eurovision” müsabiqəsində iştirak edəcək. “Yaxın zamanlarda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası Ermənistanın Bakıda “Eurovision-2012” müsabiqəsində təmsil ediləcəyini elan edəcək. Hazırda namizəd müzakirə edilir”, - deyə qəzet yazır.

Azərbaycan dueti Eldar Qasımov və Nigar Camal bu il “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi olublar. Qaydalara görə, növbəti müsabiqəni qalib-ölkə təşkil edir.