Bakıda narkotik istifadəçisi gürcü oğru tutuldu

bakida-narkotik-istifadecisi-gurcu-ogru-tutuldu
Oxunma sayı: 649

Nəsimi rayon polis idarəsinin əməkdaşları üzərində marixuana gəzdirən Gürcüstan respublikasının vətəndaşı Kvarasxeliya David Teymuroviçi həbs edib. Narkotik vasitələrin aludəçisi olan David ilkin ifadəsi zamanı marixuananı şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. İdarədə aparılan araşdırmalar zamanı isə saxlanılan şəxsin ölkəmizdə başqa cinayətlərə də imza atdığı məlum olub.

Nəsimi RPİ CAŞ-nin rəis müavini Ramiz Mehdiyev şübhəli şəxsin Nəsimi və Binəqədi rayonlarında oğurluq etdiyini deyib.

Qeyd edək ki, David polis tərəfindən saxlanılan zaman tanınmamaq üçün əvvəl ad və soyadı haqda səhv məlumat verib. Davaid Kvarasxeliyanın Sulutəpə qəsəbəsində kirayə yaşadığı mənzilə baxış keçirilən zamanı isə onun əsl kimliyi ortaya çıxıb.

Davidin oğurluq etdiyi mənzilləri hansı üsulla seçdiyinə gəlincə isə, əcnəbi vətəndaş burada maraqlı bir üsuldan stifadə edirmiş. Saxlanılan şəxs girəcəyi evlərdə bir kimsənin olub-olmamasını müəyyən etmək üçün mənzillərin qapılarına xüsusi işarələr də qoyurmuş.

“Evlərə girməzdən əvvəl qapılara reklam kağızları yapışdırırmış. Sonradan gəlib baxırmış əgər həmin kağız cırılmayıbsa bilirmiş evdə heç kim yoxdur, mənzilə daxil olurmuş” – deyə Ramiz Mehdiyev bildirib.

Faktla bağlı Nəsimi rayon polis idarəsində saxlanılan şəxs barəsində cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq tərəfindən Davidin Nəsimi, eləcə də paytaxtın başqa rayonlarında digər cinayətlər edib-etməməsi araşdırılır.