Bakıda rəis müavininin qardaşı xanım iş adamını soydu

bakida-reis-muavininin-qardasi-xanim-is-adamini-soydu
Oxunma sayı: 820

Bakıda xanım iş adamına qarşı azyaşlı övladının gözləri qarşısında amansız cinayət törədilib. “Qafqazinfo” xəbər verir ki, cinayəti törədən şəxslərdən biri paytaxt polisində yüksək vəzifə tutan polis zabitinin qardaşıdır.

Nizami polisindən portalımıza verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində yaşayan 40 yaşlı Səbinə Miryaqubovaya qarşı baş verib. Belə ki, o, avqustun 20-də saat 17 radələrində 4 yaşlı qızı ilə evinə gedərkən gözlənilməz halla üzləşib. Yolun kənarında dayanmış “VAZ-21 015” markalı avtomobilin sürücüsünün yanında əylşən şəxs həmin yerdən keçən xanımın çantasını əlindən alaraq qaçıb. Qadın içində mobil telefon və 170 manat pul olan çantasını əlindən buraxmaq istəməyəndə cinayətkarlar onu yolda 10 metrdən artıq sürüyüb.

Bədən xəsarətləri alan qadın polisə müraciət edib. Dərhal əməliyyata başlayan polis cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Emil Hacıyev və 23 yaşlı Tural Səfərzadəni həbs edib. Saxlanılan şəxslər ilkin ifadələrində qadını üzərində xeyli qızıl əşyaları olduğundan zəngin zənn etdiklərini və buna görə də soyduqlarını deyiblər.

Qeyd edək ki, cinayətdə şübhəli bilinən T.Səfərzadə isə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin rəis müavini Zəka Səfərovun qardaşıdır.