Baş daşından Heydər Əliyevin büstü ilə olan şəkli qopardılan şəhid - Anım

bas-dasindan-heyder-eliyevin-bustu-ile-olan-sekli-qopardilan-sehid-anim-
Oxunma sayı: 1962

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Daxili Qoşunların baş leytenantı Bünyadəli Qulamoğlunun 55 illik yubileyinə həsr edilən tədbir keçirilib. “Qafqazinfo”nun məlumatına görə, tədbir şəhidin adını daşıyan 285 nömrəli məktəbdə baş tutub. Mərasimdə məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonra Bünyadəli Qulamoğlunun ailə üzvləri, döyüş yoldaşları çıxış edib. Məktəbin direktoru Malik Qurbanov çıxışında söyləyib ki, onlar şagirdləri Bünyadəlinin ruhunda böyütməyə çalışırlar.

Onun döyüş yoldaşı Salam Hadıyev Bünyadəli haqqında xatirələrindən, keçdiyi döyül yolundan danışıb: “Elə olub ki, Bünyad gecə vaxtı tankın işığını söndürərək qaranlıqda beş-altı kilometr yolu piyada gedib ki, düşmən görüb atəş açmasın. İxtisası arxa cəbhə təminatı olsa da, həmişə hücumda olub”.

Şair Oqtay Rza da tədbirdə şəhidə həsr etdiyi şeiri oxuyub.

Daha sonra şəhidin böyük qardaşı Nabatəli Qulamoğlu çıxış edib və bildirib ki, ona həsr edilən tədbirlər atıq 20 ildir keçirilir: “Mən hər il bu tədbirdə iştirak edən insanlara təşəkkür edirəm. Biz onların qarşısında borcluyuq. Ancaq mənim qardaşım şeirlərdə, məqalələrdə təsvir edildiyi kimi qeyri-adi insan olmayıb. O, adi bir vətəndaş, normal insan olub. Vətənini də məhz belə sevib. Məncə, elə vətəni sevmək üçün adi insan olmaq lazımdır”.

B. Qulamoğlunun digər qardaşı, professor Əbülfət Qulamoğlu (Pələngov) çıxışında maraqlı detallara diqqət çəkib. O, deyib ki, qardaşının adı iki dəfə Milli Qəhrəmanlığa namizəd kimi təqdim edilsə də, bu ad ona verilməyib: “Doğrudur, dövlətimiz onun xidmətlərini qiymətləndirib. Adı əbədiləşdirilərək orta məktəbə verilib. Həmin bu məktəb prezidentin sərəncamı əsasında təmir edilib və dövlət başçısı şəxsən, onun açılış mərasiminə qatılıb. Bundan başqa, prezident İlham Əliyevin sərəncamı ilə Bünyadəli Qulamoğlu göstərdiyi hərbi xidmətlərə görə, “İgidliyə görə” medal ilə təltif olunub. Yəni biz narazı deyilik. Lakin məhz bu gün mən bəzi detalları açıqlamaq istəyirəm. Qardaşım hələ 1991-ci ildə Naxçıvanda xidmət edərkən həmin vaxt Heydər Əliyevə olan simpatiyası səbəbindən onun Naxçıvan Muxtar Respublikadakı büstü qarşısında, hərbi formada şəkil çəkdirir. 1992-ci ildə isə o, bildiyiniz kimi şəhid olur və Şəhidlər Xiyabanında dəfn edilir. Qardaşımın baş daşına məhz Heydər Əliyevin büstünün önündə çəkdirdiyi şəkil vurulur. Ancaq Daxili Qoşunların o zamankı komandanı olan Fəhmin Hacıyev Bünyadəlinin baş daşından həmin şəkli qopartdıraraq, başqa şəkillə dəyişdirilməsini tələb edir. Və məhz bu amilə görə qardaşımın adı iki dəfə Milli Qəhrəman almaq üçün təqdim edilsə də, onun adı siyahıdan çıxarılır. Biz bu gün heç kimdən incimir və öz qardaşımızla fəxr edirik. Həm də inanırıq ki, vaxt gələcək, onun fəxri adları, qazandığı medallar sırasına Milli Qəhrəman adı da əlavə olunacaq, haqq öz yerini tapacaq”

Sədan Bünyadova