BBC-nin Mançesterdəki binası qarşısında etiraz - Foto

bbc-nin-mancesterdeki-binasi-qarsisinda-etiraz
Oxunma sayı: 1924

Azərbaycanlılar BBC-nin Mançester şəhərindəki binası qarşısında aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup”u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə BBC teleradioyayım korporasiyasının Mançester şəhərindəki binası qarşısında aksiya keçirilib.

Aksiya Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət cəlb etmək məqsədi ilə təşkil olunub.

Aksiyaya qatılan soydaşlarımız Ermənistanın müharibə cinayətlərini, eləcə də Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının minalardan təmizlənməsi üçün xəritələrin verilməsinə dair çağırışları əks etdirən posterlər nümayiş etdiriblər. Posterlərdə “Mina xəritələrini verin”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir”, “Bizi minalardan xilas edin” şüarları əks olunub.

Aksiya iştirakçıları hazırladıqları bəyanatı BBC rəsmisinə təqdim edib və beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərinə, azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmasına biganə qalmamağa, ölkəmizin haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıblar.

Aksiya zamanı yerli sakinlərə Ermənistanın törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.