Bəs olimpiya kompleksləri?

bes-olimpiya-kompleksleri
Oxunma sayı: 676

53 olimpiyaçımızın yerdə qalan, mübarizəni davam etdirən hissəsinə bəri başdan böyük uğurlar, xeyli medallar arzulayıb Londondan qayıdaq... Salyana. Yaxud lap elə Beyləqana, Naxçıvana, Astaraya, Goranboya, Qusara... O yerlərə ki, oralarda milyonlarla maya qoyulmaqla üzü işıldayan idman-olimpiya kompleksləri tikilib. O komplekslərin təntənəli açılışı olub. Kəsilən qırmızı lentlərin AzTV ekranlarında bərq vuran parıltısı YAP-çı deputat Siyavuş Novruzovun incə, duyğulu ruhunu oxşayıb. Köksünü fərəh hissi ilə doldurub. Ürəyini dağa döndərib.

Siyavuşun ruh halı bilmirəm indi necədir. Ancaq onu deyim ki, 10 idmançımızdan cəmi biri uğura bənzəyən nəticə göstərib. O da məncə (elə səncə də!) Şamaxıdakı, ya da İmişlidəki üzü alkoponlu olimpiya kompleksində məşq edibən yetişməyib. Valentin Xristov bolqar “azərbaycanlısıdır”. AZAL-ın və Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Əsgərov o bolqar balasına Allah bilir neçə milyon maya qoyub gətirib oğuz elinə ki, dart bala, dart.

Mənə də elə bu ağır gəlir ki, 20 ildir YAP hakimiyyəti kimi ağırdan da ağır qurğuşun yükünün altında dözən, dizini də qatlamayan azərbaycanlıların arasından özümüzün bir Validimizi, Vahidimizi tapıb yetişdirmək olmazdımı? Onlar guya iki dəfəyə 286 kilonu qaldıra bilməzdi? Sən öl demirəm, bu ölsün, Qaradağın daş karxanalarında, Bakının qul bazarlarında beş Xristov ağırlığında yükü uf demədən qaldırıb gəzdirə bilən elə şaqqalı, ərdəmli müsəlman balaları var ki... Sadəcə onları axtarıb tapmaq, qayğısına qalmaq, yetişdirmək, vətəni sevdirmək lazımdır. Sadəcə bunlar...

İdmanda legionerlərin olmasının əleyhinə deyiləm. Dünyanın hər yerində belə praktika var. Amma ta bu qədər ağ eləmək də olmaz ki. Azərbaycan olimpiya millisinin heyətinin yarıdan çoxu gəlmə “azərbaycanlılar”, milliləşdirilmiş idmançılardır. Bir daha deyirəm: özümüzünkülərə nə olub, onların yolunda milyonlar xərclənən əcnəbilərdən nəyi kəmdir?

Hər yerdə olimpiya kompleksləri, hovuzlar tikib ağzına qıfıl vurmaqla deyil e. Monqolustanda camaat heç aftafasına da tökməyə fərli-başlı su tapmır. Səhralıq yerdir. Amma üzgüçüsü Oyunqerel Qantumur birinci yeri tutur. Bizim - dənizqırağı ölkənin “milli” üzgüçüsü Oksana xanım Hətəmxanova isə... suyu süzülə-süzülə elə ilk gündən evə qayıdır. Yaxud 55 idmançı arasında 39-cu yeri tutmaq nə demək?

Velosipedçimiz Yelena Çalıx yola çıxandan bir neçə dəqiqə sonra... yarışlardan yoxa çıxdı. Ay balam, nəvə oynatmaq yaşına çatmış 38 yaşlı arvadın nə işi var axı böyük fiziki güc sərfi tələb edən olimpiya idman oyunları növündə, konkret olaraq velosiped belində? Bu da eşq-məhəbbət, yaxud güllə atıcılığı deyil ki, yaşın fərqi olmaya. Belə şeylərdə var. Özü də bal kimi. Camaat olimpiadaya 18-25 yaşlı gənc, enerjili idmançılarla gedir ki, uğur qazanmaq şansı daha artıq olsun. Çinə baxın də. 16 yaşlı üzgüçüsü Ye Şiven olimpiya çempionu olmağı hələ bir qırağa dünya rekordu da müəyyən elədi. Yenin yediyi pul, kapital bizimkilərə baxanda bəlkə on qat azdır...

Bilirəm, indi bəziləri etiraz edəcək ki, olimpiadada əsas məsələ qələbə, medallar yox, iştirak etmək faktının özüdür. Çox sarsaq və mənasız arqumentdir. Qətiyyən belə deyil. Ona qalsa, olimpiadalarda iştirak etməyən heç bir dövlət yoxdur. Acından ölən xırda və kasıb dövlətlər, məsələn, Somali, Haiti də orada iştirak edir. Nolsun?!

Bilirəm, indi bəzi iqtidar bülbülləri bu yazdıqlarımızı yenə debilcəsinə “uğuru gözü götürməzlik” adlandıracaq. Yox, idmançılarımıza bir daha, bir daha uğurlar, bol-bol şanslar arzulayırıq. Amma gözlədiyimiz uğur gəlməyəndə bunun səbəbi barədə də yazmalıyıq axı. Azərbaycan idmanın inkişafına xərclənən pulların məbləğinə görə bəlkə də 3-5 ölkədən biridir. Adamı bu pulların boş yerə yanması yandırır axı...

Sözümün canı budur: öz uşaqlarımıza qayğı göstərin, əcnəbi dalınca qaçmayın. Azərbaycan 1996-cı il Atlanta olimpiadasından bəri qızıllı-gümüşlü üst-üstə 17 olimpiya medalı qazanıb. Onlarınsa cəmi 3-nü bahalı əcnəbilər Bakıya gətirib. Bu rəqəmlər sizə doğrudan da heç nə demir?!