Bəşər Əsədin generalı üsyançılara qoşuldu

beser-esedin-generali-usyancilara-qosuldu-
Oxunma sayı: 656

Suriya ordusunun şimal bölgəsi üzrə kəşfiyyat xidmətinin rəis müavini general Mustafa Əhməd əl Şeyxin iki həftə əvvəl Türkiyəyə qaçdığı ortaya çıxdı. Bəşər Əsəd hakimiyyətinə qarşı üsyanın başladığı ötən ilin martından bu yana Suriya ordusundan qaçan ən yüksək rütbəli hərbçi olan Əl Şeyxin üsyançı zabitlərin yaratdığı Azad Suriya Ordusuna qatıldığı deyilir.

Ölkənin şimalında silahlı qüvvələrin iki əsas komandanlarından biri olan Mustafa əl Şeyx verdiyi açıqlamasında Azad Suriya Ordusunun Türkiyənin Hatay bölgəsində yerləşən düşərgəsinin rəhbəri, polkovnik Riyad əl Əsədin yanına gəldiyini söyləyib. Əl Şeyx Suriya Milli Şurasının lideri Burhan Qalyunla görüşdüyünü bildirib.
“Reuters” agentliyinə danışan general əksəriyyəti sünni müsəlman olmaq üzrə təxminən 20 min əsgərin Suriya ordusundan qaçdığını deyib. Mustafa əl Şeyxi Əsəd rejiminə qarşı silahlı mübarizə aparılması məqsədiylə yaradılmış Azad Suriya Ordusunun formalaşdırılmasına köməklik etdiyini vurğulayıb. Onun sözlərinə görə, əgər 25-30 min əsgər və 6-7 nəfərlik partizan qruplar formalaşdırılsa Bəşər Əsədin əmrindəki hökumət qüvvələrini yarım il ərzində çökdürmək mümkün olacaq.

General Suriya ilə Türkiyə arasında elan olunması müzakirə edilən bufer zonanın da Əsəd rejiminə ciddi zərbə vuracağını deyib: “Əgər belə bir şey olsa, Suriya orudusunun bir neçə peşəkar hərbi birləşməsində xidmət keçənlər qaçacaqlar. Bununla da Əsəd rejiminin çöküşü tezləşə bilər”.

azadliq.info