Bəyanat oyunu və qısqanc ürəklər

beyanat-oyunu-ve-qisqanc-urekler
Oxunma sayı: 868




ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr Qarabağ münaqişəsi ilə bağlı bəyanat verdi. Hətta bəyanat verilməzdən əvvəl Azərbaycanın rəsmi şəxsləri və qeyri-rəsmi ekspertləri bu bəyanatın məğzi qalsın bir qırağa, bəyanat faktının özünü çox ciddi bir məqam kimi qəbul edirdilər. Bu bəyanatın erməniləri dalana dirəyəcəyini söyləyənlər də vardı – hələ bu bəyanat verilməzdən əvvəl.

Bəyanat verildi. Standart cümlələr, öyrəşdiyimiz sülh çağırışı və ...
İndi hamı bu bəyanatın “ruh yüksəkliyi ilə yaşayır” sanki. Bəyanatın niyə verildiyi isə heç kimi düşündürmür. Ermənilərə siyasi-diplomatik dəstək verən ABŞ, hərbi dəstək verən Rusiya və mənəvi dəstək verən Fransa ermənilərdən üz döndəribmi? İnsan nə qədər sadəlövh olmalıdır ki, bu sayaqlamaya inansın. Amma biz sadəlövh və inamlı xalqıq axı.
Bilirəm bu yazının ilk iki abzasın oxuduqdan sonra belə bir sual yaranacaq – Bu bəyanat niyə verilib?

Onda bir az geri qayıdın. Bu bəyanatdan əvvəl hansı sənədlər qəbul edilib? Çox uzaq keçmiş deyil. Təxmini əks-ardıcıllıq belədir:
* Milli Məclisin bəyanatı
* Avropa İttifaqının qətnaməsi
* YAP-ın bəyanatı
* Beynəlxalq təşkilatların Bakı ofislərinin bəyanatları
* ATƏT-in Minsk qrupunun hesabatı

Bunlar son iki ayda ərsəyə gələn sənədlərdi. Bu sıralamada maraq doğuran məqam ardıcıllıqdır. Sənədlərdən biri Azərbaycanda demokratiyaya aiddirsə, onun ardınca qəbul olunan isə mütləq Azərbaycan-Ermənistan münaqişəsinə aiddir.

Beynəlxalq təşkilatlar Azərbaycandan demokratiya tələb edəndə, Azərbaycan Qarabağı tələb edir. Və yaxud əksinə.

Hələlik son bəyanat Qarabağ münaqişəsi ilə bağlıdır. Həmsədr ölkələrin prezidentləri münaqişə ilə bağlı öz sözlərini dedilər.

Hər üç həmsədr ölkədə isə 2012-ci il prezident seçkisi ilidir. 2012 Azərbaycanda həm də “Eurovision” ilidir. 2012 həm də dünyanın son ilidir deyirlər, hərçənd ki, mən buna inanmıram.

Hələ ki, Azərbaycan hökuməti demokratiyanı, Minsk Qrupunun həmsədrləri Qarabağı Azərbaycan xalqına qısqanırlar.

Nə qədər ki, Azərbaycan hökuməti demokratiyanı, Minsk Qrupunun həmsədrləri Qarabağı Azərbaycan xalqına qısqanacaqlar deməli hələ dünyanın axırı deyil. Dünyanın axırı olsaydı Azərbaycan hökuməti demokratiyanı, Minsk Qrupunun həmsədrləri də Qarabağı Azərbaycan xalqına verərdi. İnsan nə qədər qısqanc olmalıdır ki, dünyanın axırı çatdığını bilə-bilə Azərbaycan xalqını demokratiyadan və Qarabağdan ayrı saxlasın.
Amma öz aramızdı Azərbaycan xalqı da nə demokratiyanı, nə də Qarabağı ürəkdən sevmir. Sevsəydi ya ona qovuşardı, ya da şam kimi əriyərdi. Yəqin Azərbaycan xalqı da bilir ki, hələ dünyanın axırı deyil ha, qovuşar də. Qismət olsa.