“Bizə qarşı təxribat etmək istəyirlər” - Açıqlama

bize-qarsi-texribat-etmek-isteyirler-aciqlama
Oxunma sayı: 711

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı fəallarına və Qərargaha müraciət etmiş şikayətçilərə qarşı son günlər İmişlidə edilən təzyiqlərlə bağlı ötən gün qurum bəyanat yayıb. “Qafqazinfo”ya verdiyi açıqlamada Qərargahın koordinatoru Oqtay Gülalıyev deyib ki, bu ilin aprel ayında 43 nəfər İmişli rayon sakini ““Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək ötən ilki daşqın və qrunt suları nəticəsində evlərinin yararsız hala düşdüyünü, rayonda evlərin tikintisi zamanı ayrı- seçkiliyə və korrupsiyaya yol verildiyini bildirir və onlara köməklik göstərməmizi xahiş ediblər: “Biz 1- 2 iyunda İmişliyə səfər edərək 38 evə baxış keçirdik. Səfərdən öncə biz daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı əsas səlahiyyətli qurum olan Fövqəladə Hallar Nazirliyini bu barədə məlumatlandırdıq, ümumi fikir mübadiləsi apardıq və razılaşdıq ki, öncə “Kür” Qərargahı olaraq evlərə baxış keçirək, şikayətçiləri dinləyək. Sonra bu evlərə baxışı FHN nümayəndələri ilə birgə aparaq. Səfərdən sonra biz İmişlidə və rayonun Soltanmuradlı, Yalavac, Yuxarı Qaralar, Bəcirəvan və digər kəndlərində baxış keçirdiyimiz 38 evin siyahısını FHN- ə rəsmən təqdim etdik. Bizim rayona səfərimizdən sonra icra qurumları və polis “Kür” Qərargahının yerli fəallarına və bizə müraciət etmiş şikayətçilərin evlərinə gedərək onlara hədə-qorxu gəlməyə başlayıblar. Ötən il daşqınların baş verdiyi ilk gündən bizim sistemli və davamlı fəaliyyətimiz, problemləri aşkara çıxarmamız, tutduğumuz obyektiv mövqe, eləcə də son zamanlar bir sıra dövlət qurumları, həmçinin Fövqəladə Hallar Nazirliyi ilə olan əməkdaşlıqdan narahat olan bəzi qüvvələr Qərargah üzvlərinə qarşı qara piar və şantaj fəaliyyətinə başlayıblar. 01-02 iyun 2011-ci il tarixdə İmişli səfərimizdən sonra bəzi maraqlı qüvvələr “Kür” Qərargahı adından istifadə edərək evləri daşqınların və qrunt sularının təsirinə məruz qalmış sakinlərdən ərizə toplayır və onlara bildirirlər ki, sizin evinizə yenidən baxış keçiriləcək və sizə ev tikiləcək. Hətta bəzi insanlardan bu məqsədlə rüşvət də istənilib. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu insanların bir qismi İmişlidə “domkom” evlər idarəsi deyilən qurumun işçiləri, eləcə də kənd icra nümayəndələridir. Mən bildirirəm ki, bütün bunlar “Kür” Qərargahına qarşı təxribat cəhdidir, təşkilatı gözdən salmaq üçündür. Bu insanların heç birinin cinsindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq bizim təşkilata aidiyyatı yoxdur. Və bu kimi cılız, çirkin işlər bizi öz fəaliyyətimizdən, prinsiplərimizdən döndərə bilməz. Mən fürsətdən istifadə edib aidiyyatı qurumlara, hüquq- mühafizə orqanlarına müraciət edirəm ki, bu insanlar haqqında ciddi ölçü götürülsün”.


O. Gülalıyev bildirib ki, onlar İmişlidə olduqları vaxt 38 evə FHN mütəxəssisləri ilə birgə baxış keçirmək istəyirlər və bununla bağlı həmin evlərin siyahısı onlara təqdim olunub: “Hazırda cavab gözləyirik. Nazirlikdən bu təklifimizə ümumi cavab müsbətdir. Ümid edirik ki, yaxın günlərdə İmişlidə və digər rayonlarda daşqınların təsirinə məruz qalmış evlərə “Kür” Qərargahı üzvləri ilə FHN nümayəndələri tərəfindən birgə baxış keçiriləcək. Və bundan sonra biz öz tərəfimizdən monitorinqin nəticələrini açıqlayıb əsl həqiqətlər, mövcud vəziyyət və İmişlidə evlərin tikintisi zamanı yol verilən pozuntular barədə ictimaiyyəti məlumatlandıracağıq”.