“Bizim xalqımız çox yazıqdır” - Müsahibə

bizim-xalqimiz-cox-yaziqdir-musahibe
Oxunma sayı: 679

Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasından 22 il ötsə də bu təşkilatın təyinatı və fəaliyyəti ilə bağlı fikir müxtəlifliyi hələ də gündəmdə olan mövzulardandır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində AXC ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Azərbaycan Xalq Cəbhəsi yaranışının 22-ci ildönümünü də arxada qoydu. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri kimi, AXC-nin Azərbaycanın ən yaxın tarixindəki yerini və rolunu necə qiymətləndirirsiniz?

- Xalq Cəbhəsinin Azərbaycanın yaxın tarixindəki rolunu ona görə yüksək qiymətləndirirəm ki, AXC digər xalq hərəkatları ilə birlikdə SSRİ-nin süqutuna səbəb oldu. Yəni sovet respublikalarında baş verən milli azadlıq hərəkatları SSRİ-nin dağılmasına gətirib çıxardı. Müstəqil dövlətimizin qurulması baxımından AXC-nin fəaliyyəti həmişə ehtiramla yad edilməli, xatırlanmalıdır. Amma AXC bir təşkilat olaraq bizim demokratiya və Qarabağla bağlı ümidlərini puça çıxardı. Biz bu barədə də danışmaqdan çəkinməməliyik. AXC-nin tarixinə nəzər salarkən, ilk növbədə bu təşkilatın meydanda yarandığını diqqətdən qaçırmamaq lazımdır. Bu hərəkat kabinetlərdə, otaqlarda müzakirələr nəticəsində yaranmayıb. Meydana axışan insanlar isə Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpasını istəyirdilər. Amma çox təəssüf ki, AXC bir təşkilat olaraq bu missiyanın öhdəsindən gələ bilmədi. Sonradan bu təşkilat siyasi partiyalara parçalanmaqla öz missiyasını yerinə yetirmədən fəaliyyətinə son qoydu. Eyni zamanda demokratik-hüquqi dövlətin qurulması ilə bağlı AXC-nin proqramında əks olunmuş müddəalar da həyata keçirilmədi.

- Bütün bu işlərin həyata keçirilməsinə nə mane oldu?

- Sözsüz ki, hərəkatın başında duran insanların Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy istisna olmaqla siyasi cəhətdən yetkin olmamaları, siyasi təcrübələrinin kifayət qədər azlığı bu prosesdə öz sözünü dedi. Gənc və təcrübəsiz insanlar qarşıya qoyulan missiyanın böyüklüyünü dərk etmədilər. Elan olunmuş hədəflərlə bağlı məsuliyyətin dərk olunmaması Xalq Cəbhəsini qarşısına qoyduğu məqsədlərə gətirib çıxara bilmədi. Xalq Cəbhəsi siyasi proseslərin burulğanında bir təşkilat kimi tam formalaşmamış, orada olan insanlar təcrübə toplamamış hakimiyyətə gəldi. 1989-cı ildə yaradılmış təşkilat artıq 1992-ci ilin mayında faktiki olaraq hakimiyyətə gəldi. İnsanlar bu qüvvəyə böyük ümidlər bağlayırdı. Onlar inandırdılar ki, yeni dövlətdə korrupsiya, rüşvət olmayacaq, qanunun aliliyi təmin ediləcək, ən əsası isə Qarabağın işğaldan azad olunması istiqamətində ciddi addımlar atılacaq. Amma Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra Azərbaycanın həm İranla, həm də Rusiya ilə münasibətlərində çox böyük gərginlik yarandı. İndinin özündə də problemlər var, ancaq o zaman bu münasibətlər daha gərgin idi. Daxildə isə uğursuz kadr siyasəti, vəzifəyə gətirilən insanların bayaq dediyimiz böyük missiyanın mahiyyətini dərk etməməsi ona gətirib çıxardı ki, AXC İdarə Heyətinin üzvlərinin hər biri bir partiya yaratdı. İş o yerə gəlib çatmışdı ki, bir komanda olaraq hakimiyyətə gələn insanlar qanlı döyüşlərin getdiyi bir vaxtda şəxsi mənafelərini düşünərək partiyalar yaradırdılar. Birini İsa Qəmbər, başqa birini onun qardaşı, digərini Arif Hacılının qardaşı yaratmışdı. Bundan başqa Etibar Məmmədov, İsgəndər Həmidov, Sabir Rüstəmxanlı da partiya yaradan şəxslər sırasında idilər. Hər partiyanın öz maraqları olduğuna görə, istər-istəməz parçalanma yaradır, hakimiyyəti zəiflədirdi.

Yeni parlament seçkilərinin keçirilməməsi ən böyük səhvlərdən biri idi. Azərbaycan Respublikası Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olsa da, cümhuriyyətin dövlət idarəetmə quruluşu tətbiq edilmədi. Biz parlamentli respublika qurmadıq. Köhnə Milli Məclisin saxlanılması və dövlət quruluşunun dəyişdirilməməsi ən böyük səhvlərdən biri idi. Azərbaycan 20 ildir ki, müstəqillik əldə edib, ancaq o vaxt hakimiyyətdə olanlar bu məsələni indi qaldırırlar. Bu, onların uzaqgörən olmamasının, prosesləri düzgün qiymətləndirə bilməməsinin göstəricisidir.

AXC müstəqilliyimizin qazanılmasındakı roluna görə, Azərbaycan tarixində müsbət mənada həmişə qalacaq. Amma demokratiya və Qarabağla bağlı xalqımızın ümidlərini puç edən təşkilat kimi də xatırlanacaq.

Mənfi rolun indiki dönəmdə yükü ondan ibarətdir ki, Azərbaycan xalqının siyasi dəyişikliklərə dəstək verməsi mümkünsüz görünür. O dövrdə gənclik dövrlərini yaşayan insanlar bu gün cəmiyyətin aparıcı qüvvəsidir. Həmin proseslər dövründə 20 yaşı olan insanların indi 40 yaşı, o hadisələrdən sonra doğulan insanların bu gün 17-18 yaşı var. Bu gənclərin aparıcı qüvvəyə çevrilməsi üçün daha 20 il vaxt lazımdır. Bir nəslin dəyişməsi üçün isə 40-45 ilə ehtiyac var. Bu baxımdan, hesab edirəm ki, insanların dəyişiklərdən çəkinməməsi və dəyişiklik proseslərini dəstəkləmələri üçün nəsil dəyişilməlidir.

Müxalifətin bu gün çox zəif olmasının ən böyük səbəbini, zənnimcə 93-cü ilin iflasında axtarmaq lazımdır. O dövr insanların yaddaşında çox dərin iz buraxıb. Həmin vaxt elə bir vəziyyət yaranmışdı ki, insanlar sovet dövrünün totalitar idarəetməsinin notaljisi ilə yaşayırdılar. Səmimi surətdə söyləmək lazımdır ki, bizim xalqımız çox yazıqdır...

- Bunun səbəbi nədir?

- Azərbaycan parçalanmış vəziyyətdədir, xalqın bir qismi farsların əsarəti altındadır. Bir qismi isə uzun illər rusların əsarəti altında olub. Xalq Hərəkatı başlayanda insanlarımızda müəyyən ümidləri vardı və bizim, bizimlə bərabər başqa millətlərin apardığı mübarizə SSRİ-nin dağılmasını şərtləndirdi. Hamı da bilirdi ki, Azərbaycan torpaqlarını Ermənistan Rusiyanın köməkliyi ilə işğal edib. Amma görün biz necə yazıq xalqıq ki, Rusiyanın müttəfiqi Ermənistan bizdən 1 ay qabaq müstəqilliyini elan etmişdi. 1918-ci ildə də belə olub. Bu fakt millətin nə qədər bədbəxt və yazıq olduğunu göstərir. Təəssüf ki, bu millət ayağa qalxıb hayqırdığı zaman xalqın başında duranlar qabiliyyətli, şir ürəkli, uzaqgörən və cəsarətli insanlar olmadılar. Bu da böyük bir xalq hərəkatını iflasa gətirib çıxardı.

- Daha öncə kadr siyasətinin uğursuz olduğunu söylədiniz, bir az da konkretləşdirsək, uğursuz simalar sırasında kimlərin adını çəkmək olar?

- Azərbaycan xalqının AXC-dən üz döndərməsinin əsas səbəblərindən biri də ən zəif halqa olan Pənah Hüseynovun baş nazir təyin edilməsi idi. Pənah Hüseynovun baş nazir təyin olunmasını xalq böyük narazılıqla qarşıladı. Hətta AXC-nin özündə də bu təyinat böyük narazılığa səbəb olmuşdu. Pənah Hüseynovun Vaqif Kərimovla teledebatda işlətdiyi bir cümlə əsəbləri tamamilə tarıma çəkmişdi. Yadınızdadırsa, Pənah Hüseynov canlı efirdə belə bir fikir səsləndirmişdi: "Xalqın 95 faizi istəməsə belə biz hakimiyyətdə qalacağıq". Bu teledebat vətəndaşlarımızın yaddaşından silinməyən bir hadisədir. İnsanlar həmin vaxt Daxili İşlər nazirinin canlı efirə qatılaraq "tüpürüm iqtidara da, müxalifətə də" deməsini də unutmayıblar. Bu teledebat əslində hakimiyyətin süqutunun başlancığı idi. Maraqlıdır ki, istənilən halda hakimiyyətdə qalacağını deyən Pənah Hüseyn Gəncədə qiyam başlayan kimi istefa verdi. Onun ən zəif halqa olması bu məqamda da özünü göstərdi. Mənim yadımdadır ki, Pənah Hüseyn Xalq Cəbhəsinin pullarını götürüb qaçmışdı. Xatırladım ki, Pənah Hüseyni həm də pulları oğurladığına görə Cəbhəyə buraxmadılar. Bilirsiniz ki, bununla bağlı Ali Məclisin xüsusi qərarı olub. Gəncədə qiyam baş verəndə prezidentin yanında toplaşıb, vəziyyəti müzakirə edərək qərar vermək əvəzinə Milli Məclis sədri, baş nazir və dövlət katibi prezidentdən xəbərsiz, gizli formada Daxili İşlər Nazirliyindən Heydər Əliyevə telefon açıb onu Bakıya dəvət edirlər. Bu, siyasi xəyanət idi. Digər maraqlı məqam odur ki, bu adamlar öz kabinetlərində oturub vəziyyəti müzakirə etmək əvəzinə Daxili İşlər Nazirliyinə yollanıblar. Halbuki bu müzakirələr ən azı səlahiyyəti daha çox olduğuna görə parlament rəhbərinin kabinetində aparıla bilərdi. Heydər Əliyev bu barədə Əbülfəz Elçibəyini məlumatlandıranda isə o, şoka düşmüşdü. Ötən günlərə nəzər salanda aydın olur ki, həmin hakimiyyət baş vermiş qiyamın qarşısını ala bilməzdi. İqtidarın daxilində birlik yox idi.

- Həmin günlərdə güc strukturları vəzifələrinin öhdəsindən necə gəlirdi?

- Güc strukturlarının başında dayanan şəxslərin də səriştəsizliyi, təcrübəsizliyi vəziyyətin acınacaqlı həddə gəlib çatmasına şərait yaratdı. Heç bir təcrübəsi olmayan adamlar güc strukturlarında yüksək vəzifələrə təyin olunmuşdular. Özü də müharibənin getdiyi bir vaxtda... Çətin ictimai-siyasi-tarixi şəraitdə xalq hərəkatının başında duran insanlar öz məsuliyyətlərini dərk etmədilər. Bu da ona gətirib çıxardı ki, Prezident Aparatı qarşısında hakimiyyəti dəstək üçün təşkil olunmuş mitinqlərə 2-3 mindən artıq adam gəlmədi. Doğrudur xalq qiyama dəstək vermirdi, ancaq bu fakt göstərir ki, xalq həmin vaxt hakimiyyəti də dəstəkləmirdi. Bu da qiyamın qalib gəlməsinə gətirib çıxardı. Hakimiyyətdə təmsil olunan şəxslər isə daha öncə qeyd etdiyim kimi, bütün güclərini səfərbər etmək əvəzinə diqqətlərini partiya quruculuğuna yönəltmişdilər.

- Maraqlıdır ki, vaxtilə eyni təşkilatın tərkibində hakimiyyətə gələn və onları hakimiyyətə gətirən təşkilatı parçalayaraq, müxtəlif siyasi partiyalar yaradan insanlar yenidən birləşmədən, bir araya gəlməkdən danışırlar... Məsələn, vəkil Qurban Məmmədov deyir ki, liderlər birləşməsə onların yeri cəhənnəm olacaq.

- O liderlər çox birləşiblər. Amma onların yeri heç vaxt cənnət olmayıb və olmayacaq da. Ona görə ki, Azərbaycan xalqı artıq onları hakimiyyətdə görüb. Bir-birlərinə nə qədər səmimi davrandıqlarını müşahidə edib. Ən çətin dönəmlərdə bunların milli maraqları nə dərəcədə müdafiə etdiklərinin şahidi olub. Ona görə də insanların o düşərgəyə dəstək verməsi mümkün deyil. İnsanlar gözləyirdilər ki, AXC-nin süqutundan sonra həmin şəxslər siyasətdən gedəcəklər. Ancaq bu baş vermədi, məhz buna görə xalqın həmin adamlara dəstək verməsi mümkünsüz görünür. Xalq bu iqtidardan narazı ola bilər, ancaq bu o demək deyil ki, xalq həmin qüvvələri müdafiə edəcək.

- O vaxtlar döyüş bölgəsində olan vəziyyəti necə qiymətləndirirsiniz?

- Döyüş bölgəsində müəyyən uğurlar qazansaq da, sonradan daxili çəkişmələrin nəticəsi olaraq Kəlbəcəri itirdik. Kəlbəcərin itirilməsi AXC hakimiyyətinin süqutunda hesab edirəm ki, çox ciddi rol oynadı. Bu itki müharibədəki böyük uğursuzluqlarımızın başlanğıcı oldu və daha 6 rayonu itirdik. AXC hakimiyyəti Qarabağla bağlı ümidləri doğrultmadı. Biz Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyi dərin ehtiramla xatırlamalıyıq. Hər halda o, edə biləcəyini etdi. Doğrudur Elçibəyin də çox böyük səhvləri olub, amma o Milli Azadlıq Hərəkatının lideri kimi Azərbaycan tarixində qalacaq. İnsanlar onu əsl demokrat kimi xatırlayacaqlar. O vaxt Milli Məclisin rəhbəri olmuş şəxs, baş nazir və dövlət katibi isə tarixdə siyasi xəyanətkar kimi qalacaqlar. İndi bu insanlar fikirləşirlər ki, nə vaxtsa ara qarışa bilər, xalq bu iqtidardan tam imtina edər, onlar da xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gələrlər. Bunlar hamısı xülyadır. Allah eləməsin, ölkəmizdə qarışıqlıq olsun, amma belə olsa onda başqa qüvvələr ortaya çıxacaq. O dövrün də öz qəhrəmanları olacaq. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Onlar nə qədər birləşsələr də nəticə eyni olacaq.

- Qüdrət bəy, AXCP özünü AXC-nin hüquqi və siyasi varisi hesab edir. Bu məqamla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...

- Mən hesab edirəm ki, AXCP-nin özünü AXC-nin varisi saymasına nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı çatmır. Əbülfəz bəy Bakını tərk edəndə Əli Kərimov dövlət katibi idi, ancaq Elçibəy paytaxtı tərk edəcəyi barədə ona nəsə deməyə ehtiyac görməmişdi. Çünki Elçibəy bilirdi ki, ona xəyanət edənlər sırasında Əli Kərimov da var. Məsələnin hüquqi tərəflərinə gəldikdə isə... Bu gün mən mətbuatda oxudum ki, ADP qərargahındakı tədbirdə iştirak edənlərin böyük əksəriyyəti İctimai Palatanın üzvləri imiş. Zal müsavatçılarla, ADP üzvləri ilə doluymuş. AXC-nin İdarə Heyətinin üzvlərindən cəmi 3 nəfər həmin tədbirdə iştirak edirmiş. İsa Qəmbər başqa partiyanın sədri, Pənah Hüseyn isə başqa partiyanın nümayəndəsi kimi orada iştirak edib. Bu gün Xalq Cəbhəsi adında üç partiya fəaliyyət göstərir. Digər tərəfdən Xalq Cəbhəsini quranların çoxu bu gün AXCP-də yox Müsavat Partiyasındadır. AXC ictimai təşkilat idi, sonradan onu partiyaya çevirdilər, Elçibəyin rəhmətə getməsindən sonra isə bu partiya iki yerə parçalandı. Daha sonra birləşdirici qurultay keçirildi və böyük əksəriyyət partiyanın birləşməsində iştirak etdi. Əli Kərimlinin ətrafında isə bir neçə nəfər qaldı. Bu baxımdan AXCP-nin özünü varis elan etməsinin nə mənəvi, nə də siyasi-hüquqi əsası var. Amma kim istəyirsə, özünü varis elan edə bilər, hətta Müsavat da, ADP-də, AMİP-də, VHP-də. Onların hər birinin özünü AXC-nin varisi elan etmək hüququ, haqqı var. Mən hesab etmirəm ki, Xalq Hərəkatında Sabir Rüstəmxanılının xidmətləri Əli Kərimlinin xidmətlərindən azdır. Əli Kərimli universitet təşkilatının əlaqələndiricisi idi, amma Sabir Rüstəmxanlı İdarə Heyətinin üzvüydü. Demək doğru olmazdı ki, Əli Kərimlinin Xalq Hərəkatında Leyla Yunusdan, Vurğun Əyyubdan, Nemət Pənahlıdan və başqalarından daha çox haqqı var.
Siz mənə sual verdiniz, mən də aydınlıq gətirdim, amma kim özünü varis elan edirsə, qoy etsin.

AXC Əbülfəz Elçibəyin ölümündən sonra siyasi məfkurə olaraq yoxdur. Amma AXC-nin yarandığı gün hər zaman xatıralanacaq, bu barədə həmişə deyiləcək. Sadəcə olaraq biz AXC-nin keçdiyi yolu, buraxdığı səhvləri diqqətlə öyrənib, səhvlərdən düzgün nəticə çıxarmalıyıq. Səhvləri ört-basdır eyləyib bunu Azərbaycanın şanlı tarixi kimi qiymətləndirməyin tərəfdarı deyiləm. İndi iqtidar birmənalı olaraq o dövrü lənətləyir, radikallar isə ideallaşdırır. Ancaq mən bu fikirdəyəm ki, gənc nəsil o dövrü olduğu kimi bilməlidir. Həmin zamandan ibrət dərsi götürülməlidir. Öz tariximizi dəqiq bilmədən irəli gedə bilməyəcəyik. İrəli getsək belə, qarşıda böyük səhvlər buraxacağıq, xalqımızı da məhrumiyyətlərlə üz-üzə qoyacağıq.

AXC-nin 22 illiyində bir çox məsələləri açıq söyləməyimin məqsədi ondan ibarətdir ki, səhvləri etiraf etməyin vaxtıdır. Kimlərsə düşünməməlidir ki, səhvlər etiraf olunmasa, xalqa deyilməsə heç kim bunları bilməyəcək. Əksinə, xalqa doğrunu deməyəndə, xalq fikirləşir ki, yox, bu insanlar düzəlməyib, bunlara etimad göstərmək olmaz. İndi həmin insanlar təmizlənmək əvəzinə bir yerə yığışırlar. O dövrdə qiyamı yatırılmalı olan, amma bunu bacarmayan insanlar bu gün müavin təyin olunurlar. Həmin adam qiyam vaxtı qaçıb gizlənmişdi və Əli Kərimli yaxşı bilir ki, onu müstəntiq tryukundan istifadə edərək necə tapmışam. Həmin adam vaxtilə dövlət katibinin telefonlarına cavab vermirdi. Yəqin bilirsiniz ki, söhbət kimdən gedir. Təmizlənmək əvəzinə birləşmə Azərbaycan cəmiyyətinə yaxşı heç nə verə bilməz. Səhvlər barədə açıq danışılmalı, xalqa məlumat verilməlidir. İnsanlar da görsünlər ki, kimlərinsə öz səhvlərini etiraf etməyə qabiliyyətləri çatır. Yuxarıda dediyim kimi AXC insanlarda dəyişikliklərə olan ümidin itirilməsinə şərait yaratdı. Ümidin itirilməsinin məsuliyyətini daşıyanlar isə İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli və o dövrdə vəzifə tutmuş digər şəxslərdir.

Üstündən illər keçdi, özünü milli düşərgəyə aid edən İsa Qəmbər və Əli Kərimli müxalifət olaraq 2000-ci ildə Qarabağ probleminin sülh yolu həll olunmasına dair öhdəlik götürməklə də ümumi prosesə böyük bir zərbə vurmuş oldular. Xalqı müharibəyə çağırmamaqla, xalqı müharibəyə səsləməməklə onlar xalqa xəyanət etdilər. İndi Dağlıq Qarabağ probleminin həllindən danışa bilməyən adamlar başqa problemlərdən söhbət açırlar. Yenə xalqa zərbə vurmaqda davam edirlər.

Ümumiyyətlə ötən dövr sübut etdi ki, onların potensialları həddindən artıq məhduddur. Bu gün xalqın bir çox məsələlərə biganə yanaşmasının başlıca günahkarı bu adamlardır. Ter-Petrosyanın partiyası ilə imzalanan müqavilə isə təsdiqlədi ki, bunlar kooperativ maraqlardan çıxış edən qrup halına gəliblər.