Boş Kazanın danqıltısı – 2 fərqli yanaşma

bos-kazanin-danqiltisi-2-ferqli-yanasma-
Oxunma sayı: 700






Xəbər verildiyi kimi, 24 iyunda Rusiyanın iştirakı ilə Kazanda keçirilən Ermənistan-Azərbaycan danışıqlarında Qarabağ nizamlanmasının əsas prinsiplərinə dair anlaşma əldə olunmayıb. Tərəflər yalnız əsas prinsiplərin razılaşdırılması ilə bağlı aparılan danışıqlar prosesində tərəqqinin olduğunu qeyd edib. Görüşün nəticələrini AXCP sədrinin müavini, politoloq Razi Nurullayev “Qafqazinfo” xəbər portalına şərh edib.
“Azərbaycan Kazan görüşündən əvvəl Ermənistanı kompromisə məcbur etmək üçün bir sıra planlar hazırlamışdı. Bu planlardan biri də danışıqların nəticə verməyəcəyi təqdirdə hərbi blits-operasiya ilə bir neçə rayonu lokal əməliyyatla azad etmək idi. Bu planın və digər planlaşdırılan aksiyaların birmənalı olaraq puça çıxdığını söyləmək olar. ABŞ prezidentinin görüş öncəsi prezidentlər İlham Əliyev və Serj Sərkisyana telefon açması bir növ onları baza prinsipləri üzərində razılığa gəlməyə səsləmək idisə, digər tərəfdən sülh danışıqlarından başqa yol görmədiyinə bir işarə idi. Azərbaycan prezidentinin görüş öncəsi Brüssel səfəri və ABŞ prezidentinin zəngi aylardır üzərində hazırlıq aparılan planların üstündən xətt çəkdi. Azərbaycan Dağlıq Qarabağın itirilməsi yönündə ilk məğlubiyyət yaşadı.

Prezidentin Krans-Montana Forumuna qatılışı, enerji təhlükəsizliyi üzrə yüksək səviyyəli AB-Azərbaycan danışıqları, gələn il Azərbaycana təyin olunan Krans-Montana Forumu Azərbaycan iqtidarının fikirlərində radikal dəyişiklik yaratdı. Azərbaycan Avropa Birliyi və ABŞ-la münasibətlərin daha müsbət yeni mərhələyə daxil olması müqabilində Qarabağla bağlı mövqe itirilməsi faktı ilə razılaşdı.
Bu məsələnin müsbət tərəfləri də var. Bundan isə istifadə etmək Azərbaycan iqtidarının və prezidentinin üzərinə düşür. Ölkədə demokratik islahatlara geniş yol açmaq. Çünki, Avropa Birliyi və ABŞ heç bir halda Azərbaycanın demokratikləşməsi üçün göstərdikləri səylərdən geri çəkilməyəcəklər. Bununla bərabər, onlar Azərbaycanın enerji təhlükəsizliyi üçün oynadığı rolun da fərqindədirlər.
Belə nəticəyə gəlmək olar ki, masanın üzərində iki paket var, daha doğrusu Azərbaycanın qarşısında iki rol var:
1-ci yol indiki status-kvonu saxlamaq, amma, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində mövqelərimizin günbəgün itirilməsi ilə barışmaq. Bu o halda mümkün olacaq ki, Azərbaycan iqtidarı demokratikləşməyə qarşı inad göstərəcək və nəticədə Avropa Birliyi və ABŞ-dan gələn təzyiqləri yumşaltmaq üçün münaqişənin həllində liberal mövqeyini saxlayaraq, nəticəsiz danışıqlara davam edəcək.
2-ci yol isə Azərbaycan hökumətinin və prezidentinin demokratik islahatlara geniş yol açmaq, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ölkədə vahid strategiyaya nail olaraq, adı çəkilən ölkələrdən “minnət” götürməmək. Azərbaycan iqtidarının Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etmək istəyi varsa, ölkədə geniş demokratik islahatlara rəvac verməlidir.
Sonunda onu vurğulamaq istərdim ki, Azərbaycan Kazan görüşündən məğlub ayrıldı...

Cəbhə bölgəsinə diqqət

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu isə “Qafqazinfo”ya açıqlamasında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticəsiz qalmasının gözlənilən olduğunu bildirib: “Görüşdən öncə hansısa ciddi sənədin imzalanacağına dair böyük ajiotaj yaradılmışdı. ABŞ və Fransa prezidentlərinin Azərbaycan və Ermənistan dövlət başçılarına telefon zəngləri də bu ajiotajı artırırdı. Ancaq Kazanda bir şey bişmədi. Başqa cür olması da çətindir. Danışıqları dalana dirəyən böyük fərq ortadan qaldırılmayıb. Azərbaycan mərhələli həll yoluna tərəfdardır, Ermənistan isə Dağlıq Qarabağda referendum tarixinin bəri başdan sənəddə əks olunmasını istəyir. Tərəflərin yanaşmasında bu cidd fərq ortadan qaldırılmadan sülhə yaxınlaşmaq mümkün deyil”.

Böyük dövlətlərin bu dəfə də İrəvanın başını tumarladığını bildirən analitik Ermənistanın ciddi təzyiqlə üzləşmədikcə güzəştə getməyəcəyini deyib: “Kazan görüşü Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilən doqquzuncu görüş idi. Medvedev Dağlıq Qarabağa olduğu qədər heç bir münaqişənin həllinə bu qədər diqqət göstərməyib. Ancaq nəticə yoxdur. Çünki Kremlin strateji müttəfiqi Ermənistana təzyiq etmək fikri yoxdur. Biz nə qədər Rusiyaya yaxın olmaq istəsək, bu məqsədlə NATO-ya üzvlükdən yan keçsək, NABUCCO layihəsində iştirakımızı ləngitsək, neytrallığımızı elan etsək və şimal qonşumuza daha çox qaz ixracına çalışsaq da, Moskva Ermənistandakı rejimin maraqları əleyhinə addım atmayacaq. Kazan görüşü bunu bir daha təsdiq etdi”.

Elxan Şahinoğlu uğursuz Kazan görüşündən sonra cəbhə bölgəsində vəziyyətin gərginləşə biləcəyini vurğulayıb: “Ötən il bu vaxtlar prezidentlər Sankt-Peterburqda bir araya gəlmişdilər, müzakirələrin getdiyi günlərdə atəşkəs pozulmuşdu. Milli Qəhrəmanımız Mübariz İbrahimovu elə həmin günlərdə itirdik. Və ya bu ilin martın 5-də yenə Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Soçidə bir araya gəldilər. Prezidentlər qərara gəlmişdilər ki, atəşkəsin pozulması halları bundan sonra ciddi araşdırılacaq. Soçi görüşündən 4 gün sonra erməni snayperinin atəşi nəticəsində Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlov qətlə yetirildi və bu günə qədər bu olay araşdırılmayıb. Eyni təhlükəni yenə yaşaya bilərik. Kazan görüşündən sonra cəbhə bölgəsində bir müddət atəşkəsin pozulması halları intensivləşə bilər” .