Brayzadan ilginc açıqlamalar

<b>Brayzadan ilginc açıqlamalar</b>
Oxunma sayı: 432

“ABŞ hökumətində hesab edirlər ki, biz bütün prioritetlərimizi Cənubi Qafqazda cəmləşdirmişik, lakin region ölkələri bunu hiss etmir. Əksinə, onlar özlərini yalnız hiss edirlər”, deyə Brayza ekspertlər və diplomatlar qarşısında çıxış edərkən bildirib.

Xüsusən o, administrasiyanın Türkiyə və Ermənistanın yaxınlaşdırılması səylərinin həyata keçirilməsi zamanı Azərbaycanın fikrinə məhəl qoyulmaması məqsədilə göstərdiyi səyləri tənqidə məruz qoyub.
“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması mümkün olsa çox gözəl olar. Amma bu mümkün deyil, üstəgəl bu, Dağlıq Qarabağ sülh prosesinə mənfi təsir göstərir.
Biz Ermənistan-Türkiyə yaxınlaşmasını nə qədər çox istəsək də, heç nə əldə edə bilmədik”.

Dağlıq Qarabağda sülh sazişinə toxunan Brayza vurğulayıb ki, ABŞ bu məsələ ilə “kifayət qədər yüksək səviyyədə məşğul olmayınca” heç bir sülh sazişi gözləməyə dəyməz. "Azərbaycan hökuməti sülh danışıqlarına etibarını tamamilə itirməsə hərbi əməliyyatlara başlamayacaq”, deyə keçmiş səfir bildirib.

Eyni zamanda, o qeyd edib ki, hərbi münaqişələrlə bağlı risklər artır. "Uzun illər ərzində biz Cənubi Qafqazda üç strateji maraq haqqında danışırdıq: təhlükəsizlik, energetika və daxili islahatlar. Onların hamısı vacibdir və ABŞ bu regionu itirmək istəmirsə onlara riayət etməlidir", Brayza belə hesab edir.

Azərbaycanda demokratiya məsələsinə toxunan Brayza qeyd edib ki, “vəziyyət hər şeyin üstündən xətt çəkiləcək qədər də pis deyil”.

“Hazırda Azərbaycanda ərəb baharı kimi üsyan üçün heç bir əsas yoxdur, prezident İlham Əliyev isə digərlərindən daha məşhurdur”, deyə o qeyd edib.
Azərbaycanın dövlət sistemini dəyişmək və yaxşılaşdırmaq istəyən çox sayda təcrübəli fəallar və gənclər var və bu qüvvələr dəstəklənməlidir.
Hazırki prezident ölkəni neft gəlirləri hesabına inkişaf etdirmək niyyətində olduğunu bildirir. Buna görə, ərəb ölkələrindən fərqli olaraq, Azərbaycanda gənclər hesab edirlər ki, küçələrə çıxsalar, hamı çox şey itirəcək, deyə Brayza bildirib.

Brayzanın demokratiya haqqında bəyanatı onun keçmiş bossu Deniel Fridin sualına cavabda səslənib. Frid hazırda Obama administrasiyasında işləyir.
Regional təhlükələrə toxunan Brayza İranın Azərbaycana qarşı düşmənçilik siyasətini qeyd edib.
“Bakı İran müharibəsinin qəti əleyhinədir. Belə bir müharibə Azərbaycan üçün böyük humanitar və sosial təhlükələr yaradar. Lakin ABŞ administrasiyası İran və Cənubi Qafqaz arasında nə baş verdiyini çox az anlayır”, deyə o əlavə edib.


Çıxış başa çatdıqdan sonra Brayza "Turan"ın Vaşinqton müxbirinə müsahibə verib.

- Bugünki çıxışdan sonra Bakıda bir çox demokratlar sual edəcəklər: Brayza Azərbaycan hökumətinin siyasətinin müdafiəçisi qismində çıxış edir, yoxsa Bakı və Vaşinqton arasında yaxşı münasibətləri saxlamaq üçün demokratlar administrasiyasına təzyiq göstərməyə çağırır? Bu iddialardan hansı doğrudur?

- Bu iddiaların heç biri doğru deyil. Mən müstəqil insanam və Tallində Beynəlxaq Müdafiə Araşdırmaları Mərkəzinin rəhbəriyəm. ABŞ-ın Azərbaycanla bağlı hökumətimizin, həm də mənim şəxsi mövqeyimi əks etdirən siyasətini hazırladığım üçün qürur duyuram.

- ABŞ administrasiyasını Qarabağ üzrə danışıqlarda yüksək səviyyədə iştirak etməyə çağırdınız. Bu, İsrail-Fələstin danışıqlarında olduğu kimi Ağ Evdə prezidentlərin görüşlərini gözləməli olduğumuz anlamına gəlir?

- Bunun real olduğunu düşünmürəm. Prezident Klintonun Yaxın Şərqdə nizamlanmada iştirakı kimi yüksək səviyyəyə nail olacağımızı hesab etmirəm.
Həmçinin, Minsk qrupunun həmsədri olan ölkənin prezidentinin danışıqlarda bu səviyyədə iştirak etməsinin yaxşı olduğunu da düşünmürəm, bu, tarazsızlıq yaradır.
İkincisi, nizamlanma prosesində ilişib qaldığımızı düşünürəm, belə ki, Azərbaycan və Ermənistan prezidentləri bir-birinə etibar etmir. Və mən etibarın öz-özünə yaranacağına inanmıram. Etibarı yaratmaq lazımdır və bunda ABŞ-ın rolunu görmürəm.

- Niyə prezident Medvedev, daha əvvəllər isə prezident Şirak bunu edə bildi, prezident Obama isə edə bilmir?

- Prezident Obamanın bunda şəxsən iştirak edəcəyini düşünmürəm. Amma dövlət katibi Klinton iştirak etməyə hazırdır. Başqa sözlə, Qarabağ nizamlanması məsələsi dövlət katibi səviyyəsində, bəzən isə prezident diplomatik gündəliyə daxil edilməlidir.

- İki il əvvəl Vaşinqtonda səfir Brayzanın Azərbaycan hökumətinin yaxın dostu olaraq demokratiya və insan hüquqları məsələlərinə məhəl qoymayacağından narahatlıq var idi. Sizcə Azərbaycan hökuməti Sizə qulaq asırdı?

- Mənim yanaşmam mühazirə oxumaqdan deyil, real maneələri müəyyən etmək üçün vəziyyətə olduğu kimi baxmaqdan ibarətdir. Məncə, vəziyyəti dəyişməyin real yollarını axtarmaq lazımdır. Və bunu bəyanat verməklə etmək olmaz, bu, yalnız iş gününü insanlarla keçirməklə, hakimiyyətin etibarını qazanaraq, onu məqsədimizin Azərbaycan hökumətini devirmək olmadığına inandırmaqla, Yaxın Şərqdə üsyanı bizim başlatmadığımıza və Azərbaycanda inqilab istəmədiyimizə inandırmaqla mümkündür.
Həmçinin, insanları inandırmaq lazımdır ki, onlar islahatlarda irəliləyiş etməlidirlər, əks halda uzaq gələcəkdə uğur əldə edə bilməyəcəklər.
Azərbaycanda real addımlarla bu etməyin çox yolları var. Mən vətəndaş cəmiyyəti və prezident administrasiyası arasında dialoq təşəbbüsü irəli sürdüm, bu yaxınlarda həmin dialoq başlamalıdır. Biz hüquqi islahatları, korrupsiyaya qarşı mübarizəni dəstəkləmək, iqtisadiyyatı rəqabətədavamlı və açıq etmək üçün başqa sahələrdə də işləmişik.

- Riçard Morninqstarın səfir təyin edilməsi haqqında nə düşünürsünüz?

-Bu, ən yaxşı seçimdir. O, ölkəni tanıyır, regionu tanıyır və strateqdir. Onun qarşısında yuxarıda qeyd etdiyim vəzifələr, həmçinin, Türkiyə vasitəsilə Avropaya qaz nəqli üzrə danışıqların yekunlaşdırılması, Minsk qrupunun fəaliyyəti, Xəzərdə təhlükəsizlik, Əfqanıstanın təchizatı vəzifələri durur.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi