Bu da son

bu-da-son
Oxunma sayı: 676

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın final mərhələsinin qarşılaşmalarını izləyiblər.

Final mərhələsini izləyən tamaşaçılar və idmançılar dövlət başçısını və xanımını hərarətlə qarşıladılar.

Sentyabrın 26-dan oktyabrın 8-dək davam edən dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bakı çempionatında, həmçinin Azərbaycanın paytaxtına gəlmiş dünyanın ən güclü boksçuları 2012-ci il London Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparıblar.

Çempionatın final mərhələsində idmançılar 10 çəki dərəcəsi üzrə yarışıblar. Final mərhələsində Azərbaycanı iki idmançı təmsil edib. 91 kiloqramda mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ukraynalı Aleksandr Usik ilə qarşılaşıb. Gərgin idman mübarizəsində keçən oyunda 25:15 hesabı ilə məğlub olan Azərbaycan boksçusu dünya çempionatında gümüş medal qazanıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov isə ingiltərəli idmançı Entoni Coşuanı 22:21 hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına sahib olub. M.Məcidov, həmçinin dünya çempionatının ən yaxşı boksçusu elan edilib.

Azərbaycan prezidenti İlham Əliyev idmançıları təbrik edərək onlara medallarını təqdim edib. Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı qalib idmançılarla və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu və Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilə xatirə şəkilləri çəkdirib.