“Bu incəlikləri Şəmsəddin Xanbabayev çox gözəl bilir” - Xaçmaz olayları

bu-incelikleri-semseddin-xanbabayev-cox-gozel-bilir-xacmaz-olaylari-
Oxunma sayı: 4031

Martın 28-də Quba sakini Təranə Həbibova Xaçmazda intihar edib. Bacısının ölüm xəbərini eşidən Cavid Həbibov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə hücum çəkib, ona şillə vurub və özü də döyülüb.

Yerli mənbələrin fikrincə, gənc qadını intihara yerli hakimiyyət və hüquq mühafizə orqanlarının onun ailəsinə qarşı ədalətsiz münasibəti vadar edib. Mərhumun ailə üzvləri dəfələrlə bildiriblər ki, hüquq mühafizə orqanları onların anası Nəcimə Babayevanın qətlini qəsdən araşdırmır.

Nəcimə Babayeva 2010-cu il sentyabrın 15-də öz mənzilində qətlə yetirilib. O, Xaçmazdakı “Arzu” Ticarət Mərkəzinin sahibi olub. Övladları əmindir ki, qətl bu obyekti ələ keçirmək üçün törədilib. Həbibovlar bildirirlər ki, Şəmsəddin Xanbabayev 2004-cü ildə icra başçısı təyin edildikdən sonra “Arzu” Ticarət Mərkəzinin onlardan alınması məqsədilə ailəyə təzyiqlər olub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev martın 29-da “Media forum” saytına açıqlamasında ittihamları təkzib edib. Martın 30-da isə “Media forum” saytına Həbibovlar ailəsinin üzvü Fuad Həbibov danışıb.

Fuad Həbibov deyib: “2006-cı ilə qədər Şəmsəddin Xanbabayevlə bizim aramızda heç bir narazılıq olmayıb. 2007-ci ilin fevral-mart aylarından isə münaqişələr başlandı. Həmin il iyunun 1-də bazarda qəsdən törədilən bir yanğın oldu. Bu yanğını bizim üzərimizə atmaq istədilər. Hətta cinayət işi açıldı. Lakin fövqəladə hallar naziri Kamaləddin Heydərova müraciət etdik, məsələ araşdırıldı, aydın oldu ki, yanğının bizə heç bir aidiyyəti yoxdur.

Bu hadisədən sonra icra başçısı bizim mərkəzin ərazisində dükan tikintisi üçün sərəncam verdi. Torpaq başçı tərəfindən satışa çıxarıldığı üçün məhkəməyə müraciət etdik. Sumqayıtda iqtisad məhkəməsində proses başlandı. 7 ay çəkən prosesdən sonra bizim xeyrimizə qərar çıxarıldı. Qarşı tərəf Sumqayıtda apellyasiya instansiyasına şikayət ərizəsi yazdı. 2010-cu ilin iyun ayında apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamnəsini qüvvədə saxladı. Bundan sonra anam sakit iş şəraitinə keçdi. İşə çox az gedirdi. Buna səbəb onun özünü qorumaq istəməsi idi.

Şəmsəddin Xanbabayev deyir ki, onun bazarda heç bir marağı olmayıb. Əgər belə idisə, niyə vaxtaşırı öz adamlarını yanımıza göndərirdi ki, burdan yol keçməlidir, bura Nəcimə Babayevanın yeri deyil. Və ya anamın sonuncu kitabında haqsızlıqlarla bağlı satirik məzmunlu şeirləri var idi. Bizim məlumatımıza görə, Şəmsəddin Xanbabayev və onun müavini Azər Haqverdiyevin təşkilatçılığı ilə bir qrup insan Xaçmaz Rayon Məhkəməsində iddia qaldırıb ki, həmin kitabda Nəcimə Babayeva xaçmazlıları, Şəmsəddin Xanbabayevi və prezidenti təhqir edib. Onlar 250 min manat təzminat və ticarət mərkəzinin bağlanmasını tələb etmişdilər. Səbəb olaraq mərkəzdə anti-santariya vəziyyətinin olduğu iddia edilirdi.

Əgər düşmənçiliyi yox idisə, niyə Xaçmazın mərkəzi küçələrini, demək olar ki, bütün küçələri asfaltlatmış icra başçısı bizim mərkəzdə yerləşən, dəhşətli gündə olan küçəni abadlaşdırmırdı? İcra başçısı deyir ki, onun bir “budka”sı da yoxdur. Bunu düz deyir. “Budka” sadə xalqın çörək yeridir. Xanbabayevin villaları, böyük obyektləri var.

Anam qətlə yetiriləndən sonra bizim o vaxta qədər udduğumuz məhkəmə proseslərinin hamısını digər instansiyalarda uduza-uduza gəldik. Hesab edirik ki, digər instansiyalarda çıxarılan qətnamələr qərəzli, sifarişlidir - istər Sumqayıtda, istər Bakıda apellyasiya məhkəməsinin çıxardığı qərar olsun, istərsə də Ali Məhkəmənin çıxardığı qərar. Nəticədə bizim ərazi üzrə texniki pasportumuzu ləğv etdilər.

Qayıdıram bacımın intihar etdiyi günə. Biz meyiti gördük və affekt vəziyyətinə düşdük. Çünki bu artıq bizim evdə baş verən ikinci ölüm hadisəsi idi. Bu gün araşdırma, istintaq gedir, amma biz bu araşdırmasız da bilirik ki, xüsusilə son iki ayda mənim bacım nələr çəkib. O, “anamın yanına getmək istəyirəm”, “anamın qanı yerdə qaldı” deyirdi. Bu il yanvarın 23-də Sumqayıt Apellyasiya Məhkəməsi bizim əleyhimizə sonuncu şikayət üzrə - torpağın əlimizdən alınmasına dair qətnamə çıxardıqdan sonra bacım tamam pis vəziyyətdə qaldı, inamını tam itirdi. Bu halda da sonda intihar etdi.

Bacımızın meyitini yerdə görəndə qardaşım Cavid maşına tərəf qaçdı, minib çıxıb getdi. Mən də, bacılarım da bildik ki, o hara gedir. Çünki artıq düşmənimiz bəllidir, bizim başımıza gələn bu faciələrin əsl səbəbkarının kim olduğunu biz bilirik. Düzdür, qətlə görə bu gün heç kim saxlanılmayıb, amma düşmənimizin kim olduğunu biz bilirik. Öz iddiamızda qalırıq.

Mən bacım Gülnarə ilə maşına oturub Cavidin ardınca getdik. 2-4 dəqiqə intervaldan sonra biz artıq icra hakimiyyətinin binasının qarşısında idik. Biz ora çatanda küçədə Cavidi təpiklənən vəziyyətdə gördük. Cavidi onların ayaqları altından almağa çalışdıq. Onu döyənlər arasında icra hakimiyyəti başçısının müavinləri Akif Mərdanov, Yetkin Mehmanov, Azər Haqverdiyev, icra başçısının köməkçisi Fuad, sürücüsü Mansur vardı. Məni də yıxdılar yerə, təpikləməyə başladılar”.

Cavidin əlində bıçaq olmasına dair deyilənlərə gəlincə, Fuad Həbibov bildirib ki, Cavid özünün, qardaş-bacısının döyüldüyünü görəndən sonra maşına gedib əlinə bıçaq alıb və bu, müdafiə xarakteri daşıyıb: “Cavidin əlində bıçağı görəndən sonra onlar bizi döyməkdən əl çəkib qaçdılar. Orada heç kimə bıçaqla xəsarət yetirilməyib, heç kim yaralanmayıb. Sadəcə qorxutmaq və müdafiə məqsədilə Cavid əlinə bıçaq alıb.

İkincisi, Cavid Şəmsəddin Xanbabayevi necə vurduğunu heç dəqiq xatırlaya da bilmir. Deyir heç bilmirəm necə vurmuşam, şillə ilə, yoxsa yumruqla. Əslində ümumiyyətlə bilinmir ki, Cavid onu vurub, ya yox. Deyir ki, heç nə yadıma gəlmir, gözümü qan tutmuşdu, affekt vəziyyətində idim. Bizim üçün maraqlıdır ki, cəmi 3-4 dəqiqə sonra gəlib Cavidə çatdıq, amma onu ilkin insident olan yerdən 30-35 metr aralıda, döyülən gördük. Xanbabayev bildirir ki, guya deyib onunla işiniz olmasın. Yaxşı, mənim qardaşımın boyu 168 santimetrdir, xüsusi idmançı bədən quruluşuna malik deyil, 44 yaşı var. Əgər Cavid Şəmsəddin Xanbabayevi vurubsa, həmin vaxt orada 7-8 nəfər olub, tutub qolundan burub saxlayardınız, polisi çağırıb təhvil verərdiniz. Bununla da insident bitərdi. Kim ixtiyar verib ki, bir nəfərin dava salması əvəzində onu 10 nəfərə yaxın adam salsın təpiyin altına? Belə çıxır icra hakimiyyətində işləmək bunlara tamamilə haqq verir ki, kimisə döysünlər, əzsinlər?

Qardaşımın qabırğası çatlayıb, başı əzilib. Cavidə Cinayət Məcəlləsinin 221.1 və 315.2-ci maddələri ilə iş açılıb. Araşdırmanı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları aparır. Bu idarənin əməkdaşları rayona ezam olunublar.

Anamın qətlə yetirilməsi üzrə gedən istintaqda isə heç bir yenilik yoxdur. Bizə deyirlər dəlil yoxdur. Prezident İlham Əliyev rayonumuza səfər edəndə bacım Gülnarə Həbibova binanın damına çıxıb oradan prezidentə müraciət etdi, şikayətimizi çatdırdı. Bundan sonra ittiham etdiyimiz əsas adamlardan biri - Rasim Məlikov Xaçmaz rayonunun prokuroru vəzifəsindən kənarlaşdırıldı. Bu bizdə çox ümid yaratmışdı. Amma 2012-ci il yanvarın 23-də Sumqayıt Apellyasiya Məhkəməsində açıq-aşkar ədalətsiz bir qərar çıxarıldı və bununla da anamın qətli ilə bağlı məsələnin üstü örtüldü. Ondan sonra bizim ümidlərimiz puça çıxdı”.

Şəmsəddin Xanbabayev “Media forum”a müsahibəsində bildirib ki, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin nümayəndələri Xaçmazdadır: “Onlar bu işlə ciddi məşğul olur, hər şeyi araşdırırlar. Yəqin ki, bu işlərin hamısını ortaya çıxaracaqlar. Amma onu deyim ki, Nəcimə Babayeva evdə öldürülüb. Onun qızı da evlərinin damından özünü ataraq intihar edib. Hər iki hadisə evdə baş verib. Anası öldürüləndə qızı yanında olub, evdə ikisi olub. Bu hadisə zamanı da iki bacı bir yerdə olublar. İndi özünüz nəticə çıxarın da, mən nə deyim...”

İcra başçısının bu fikirlərinə cavab olaraq Fuad Həbibov bildirib: “Sentyabrın 15-də anam qətlə yetiriləndən sonra rayonda hansı proseslər gedirdisə, bacım intihar edəndən sonra da eyni proseslər gedir.

Anam öldürüləndə Şəmsəddin Xanbabayev öz adamları vasitəsilə şayiələr yaydırırdı ki, guya bizim ailədə bazardan gələn pulu bölmək üstündə dava düşüb, ona görə də vurub bir-birimizi öldürmüşük. Belə bir fikir aşılamaq istəyirlər ki, birinci analarını öldürüblər, sonra da bacılarını pəncərədən atıblar. Şəmsəddin Xanbabayev “siz özünüz nəticə çıxarın” deməklə ictimai rəyi çaşdırmaq istəyir.

Bəli, mən Şəmsəddin Xanbabayevi ittiham edirəm. Düzdür, mən hələ ki, sübut edə bilmirəm anamın qətlinin sifarişçisi kimdir. Ancaq lap tutaq ki, anamı başqa adamlar öldürüblər. Soruşmaq istəyirəm: sən Nəcimə Babayevaya məxsus torpaq sahəsini niyə satışa çıxarırdın ki, kimlərsə də bundan istifadə etsin? İkincisi, torpaq sahəsi ilə bağlı məhkəmə proseslərinin gedişinə baxın. Bu proses anamın ölümündə maraqlı olan tərəflərin uduşu ilə nəticələnir. Yəni işin məntiqi sonluğu belədir: mənim prinsipial, sözünü deməyi bacaran anam aradan götürülür, məhkəmə əks tərəfin xeyrinə bitir, biz torpaqdan çıxarılırıq. Bu ardıcıllıq göstərir ki, hüquqi cəhətdən bazarın bizim əlimizdən alınmasına zəmin hazırlayırlar.

Bacım Təranə martın 28-də intihar edib. Biz onu martın 27-də digər bacılarım Kəmalə və Gülnarənin yaşadığı mənzilə gətirmişdik. Kəmalə və Gülnarə beşmərtəbəli binada yaşayırlar. Martın 28-də səhər təxminən saat 9-a qalmış Kəmalə evdən çıxıb işə gedib. O, evdən çıxanda Gülnarə ilə Təranə yuxuda olub. Kəmalə onları narahat etməyib, sakitcə evdən çıxıb, qapını bayırdan bağlayaraq işə yollanıb. Az sonra, saat 10-a 21 dəqiqə işləmiş Gülnarə ağlaya-ağlaya zəng edib Kəmaləyə deyib ki, Təranə özünü pəncərədən atdı.

2010-cu il sentyabrın 15-də anam öldürüləndə qardaşım prokuror Rasim Məlikova evin arxasındakı yad ayaq izlərini göstərib demişdi ki, bu izləri götürün, bunlar bizim ayaq izlərimiz deyil. Onda prokuror camaatın içərisində birbaşa qardaşıma belə cavab vermişdi ki, sən burda məni azdırma, ananı elə sən öldürmüsən, çünki sənə əmlak payı çatmayıb. Təsəvvür edirsinizmi, prokuror qardaşımı birbaşa orada, camaatın içərisindəcə ittiham edib. O, istintaqı apardığı beş gün ərzində - sentyabrın 21-dək olan müddətdə bacımı hədələyib ki, biz Bakıya şikayətə gedib işə paytaxtda baxılmasını tələb etməyək.

Ona görə də biz faktiki olaraq gizlincə, niyyətimizi heç kimə açıb demədən, dəqiq xatırlamıram, ayın 19-u, ya 20-də, səhər saat 6-7-də yollandıq Baş Prokurorluğa. Orada bizi qəbul etdilər. Bundan sonra iş rayon prokurorluğundan alındı və verildi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə. Bakıdan rayona kriminalistlər ezam olundu. Onlar sentyabrın 22-də izləri götürməyə gəlmişdilər. Amma 7 günə iz qalarmı? İzlər həm təbii şəkildə, məsələn, küləyin təsiri ilə itmişdi, həm də qapının üstündəki qan izlərini, əl izlərini rayon prokuroru sildirmişdi.

Mənim üçün tarix təkrar olunur. Anam öldürüləndə nələr baş verirdisə, indi bacımın intiharı ilə bağlı da həmin hadisələr baş verir. Təbliğat aparırlar ki, guya bu ölümlər evdən, ailədən təşkil olunub. Bunların hamısı eyni mərkəzdən idarə olunan prosesdir və bu prosesin incəliklərini Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev çox gözəl bilir”.