“Bu proqram təşkilatın qürur mövzusudur” - Fotolar

bu-proqram-teskilatin-qurur-movzusudur-fotolar
Oxunma sayı: 676

Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru Qasımcomərd Tokayevlə görüşüb. Görüşdə Leyla Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışıb.
Sonra Leyla Əliyeva BMT-nin İnsan Hüquqları Şurasının iclas salonuna, Millətlər Liqası Muzeyinə və BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Millətlər Liqasının arxivində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə buraxılmış xəritəsi ilə tanış olmuşdur. Muzeyin və kitabxananın əməkdaşları Leyla xanım Əliyevaya 1920-ci ilin axırlarında Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqasına üzvlüyə qəbul edilməsi barədə sənədin layihəsini nümayiş etdirmişlər. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Millətlər Liqasının qarşılıqlı münasibətlərinin tarixini əks etdirən başqa eksponatlar da saxlanılır.

Sonra BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) Cenevrədəki regional bürosunda ətraf mühit üzrə Beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva ilə UNEP-in direktoru vəzifəsini icra edən və Avropa üzrə regional nümayəndə Yan Dusikin görüşü olub. Görüşdə Leyla Əliyeva və Yan Dusik Xəzər dənizinin ekoloji aspektlərini, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, "yaşıl iqtisadiyyat"ın və Azərbaycanda həyata keçirilən "yaşıl iqtisadiyyat" layihəsinin aktual məsələlərini müzakirə ediblər.

Leyla Əliyeva Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə, o cümlədən ekologiya mövzusunda beynəlxalq uşaq fotomüsabiqəsi keçirilməsinə dair IDEA və National Geograpic-in məşhur fotoqrafı Reza Diqqətinin birgə layihəsi barədə məlumat verib. Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı bu təşkilatın xüsusi qürur mövzusudur. Ceyranların çoxaldılması və onların vəhşi təbiətə buraxılması həmin proqramın tərkib hissəsidir. Leyla Əliyeva bildirib ki, iki həftə bundan əvvəl IDEA ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün 20-dən çox ölkədən rəssamları dəvət edib. Onun sözlərinə görə, bu yolla həmin gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvana cəmiyyətdə diqqət güclənəcək. Bundan əlavə, IDEA 300 min ting əkməyi planlaşdırır. Leyla Əliyeva bildirib ki, Moskvada, Moldovada, Gürcüstanda və Litvada IDEA-nın nümayəndəlikləri açılır. Ətraf mühit üzrə IDEA kampaniyasının təşəbbüskarı onu da bildirib ki, mayın axırlarında Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Cənubi Qafqazda ilk dəfə tələbələr üçün ekoloji resurs mərkəzi açılıb.