“Budurmu anoloqu olmayan inkişaf?” – Müsahibə

budurmu-anoloqu-olmayan-inkisaf-musahibe
Oxunma sayı: 674

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, KXCP İdarə Heyətinin üzvü Oqtay Gülalıyevin müsahibəsi:

-«Kür» Vətəndaş Cəmiyyəti Qərargahı il yarımdan artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində sizin gördüyünüz işlərin, eləcə də daşqınların yaratdığı fəlakətin aradan qaldırılması istiqamətində hökumətin atdığı addımların yekunları barədə nə deyə bilərsiniz?

- Kür daşqınlarından 18 aydan bir qədər çox vaxt keçir. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı daşqınların baş verdiyi ilk günlərdə yaradılıb və o vaxtdan mütəmadi olaraq bölgələrə səfər edib, araşdırmalar, monitorinqlər aparır, bu sahədə davamlı və sistemli olaraq işləyirik. 3000-dən artıq evə, təsərrüfata baxış keçirmişik, dəyən ziyanla bağlı Alternativ Qiymətləndirmə aparmışıq. 3 dəfə geniş şəkildə hesabat hazırlayaraq maraqlı tərəflərə, Nazirlər Kabinetinə, FHN- ə, Prezident Administrasiyasına və ictimaiyyətə təqdim etmişik. Daşqınların təsirinə məruz qalan, problemləri bu günə qədər həll olunmayan insanların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstəririk və s.

Qaldı görülən işlərə, dövlət başçısı İlham Əliyevin 19 may 2010-cu il tarixli məlum sərəncamından sonra Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s caylı sərəncamı ilə daşqınların nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrıldı. Eyni zamanda hökumət komissiyası yaradıldı və bu istiqamətdə bir sıra işlərin görülməsi Fövqəladə Hallar Nazirliyinə həvalə olundu.

Ötən müddət ərzində müəyyən işlər görülüb. Məsələn, FHN-in rəsmi məlumatına görə, fəlakət bölgəsində tikilməli olan 3205 evdən indiyə qədər 3143 ev tikilib ki, bu evlərin 2673- ü artıq istifadəyə verilib, qalan 470 ev isə tamamlanmaq üzrədir. Bundan başqa evlərinə ziyan dəymiş 8986 ailəyə müxtəlif formalarda yardım edilib. Nazirlər Kabinetinin 4 mart 2011-ci il tarixli 71s saylı sərəncamı ilə əkin sahələrinə ziyan dəyən 13177 ailəyə 6.004.170 manat birdəfəlik yardım göstərilib. Həmçinin Nazirlər Kabinetinin 197s saylı sərəncamına uyğun olaraq digər işlər görülür.

Amma bütün bunlara baxmayaraq, daşqınların nəticələrinin tam aradan qaldırıldığını demək düzgün olmazdı. Bu gün minlərlə insan var ki, evinin təmir edilməsi və ya tikilməsinə ehtiyac var. Eyni zamanda minlərlə insan kompensasiya ala bilməyib. Ümumiyyətlə, verilən kompensasiyaların həcmi kifayət qədər azdır, insanların problemlərini həll etmək üçün tələb olunan məbləğə adekvat deyil.

- Bir neçə gün öncə Kür daşqınlarının mülkiyyət hüquqlarına təsiri ilə bağlı Hesabat açıqladınız. Maraqlıdır, “Kür” Qərargahı müəyyənləşdirə bildimi daşqınların insanların mülkiyyət hüquqlarına hansı təsirləri olub?

- Bəli, biz daşqınların mülkiyyət hüquqlarına vurduğu ziyanla bağlı hesabat hazırlamışıq. Bu hesabat növbəti hesabatlarımızdan biridir. Araşdırmada qarşıya qoyduğumuz suallardan biri ondan ibarət idi ki, Kür daşqınlarından nə qədər insana ziyan dəyib? Araşdırmalar zamanı məlum oldu ki, daşqınlar nəticəsində əhaliyə dəyən ziyan indiyə qədər həm ümumiyyətlə qiymətləndirilməyib, həm də bu istiqamətdə görülən işlər obyektiv aparılmayıb. Hələ dəqiq rəqəm açıqlanmayıb ki, daşqınlarla bağlı hansı həcmdə ziyan dəyib. Digər tərəfdən, mülkiyyət hüquqlarına dəyən ziyanın həcmi və insanların sayı gizlədilib və yaxud az göstərilib. Belə ki, ziyan çəkən insanların sayı ilə bağlı göstəricilər Nazirlər Kabinetinin 197s saylı sərəncamında göstərilən rəqəmlərlə düz gəlmir. Məsələn, sözü gedən sərəncamda qeyd olunur ki, daşqınlar nəticəsində 3205 ev qəzalı vəziyyətə düşüb, 3222 evin təmirə, 700 evin isə bərpa gücləndirilməsinə ehtiyac var. Amma FHN- nin rəsmi məlumatına görə indiyə qədər üst- üstə 23211 ailəyə 15.732.854 manat həcmində yardım ödənilib. Göründüyü kimi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yardım verilmiş ailələrin sayını özündə ehtifa edən rəqəmlər arasında fərq var. Belə çıxır ki, ya ziyan dəyməyən ailələrə də yardım verilib, ya sərəncamda qeyd olunan rəqəmlər daşqınların təsirinə məruz qalan insanların sayı ilə düz mütənasib deyil. Mən 2- ci məqamı daha doğru hesab edirəm. Yəni daşqınların təsir dairəsi, ziyana məruz qalan insanların sayı çoxdur və sərəncamda qeyd olunan rəqəmlər reallığı əks etdirmir. Məhz həm də bu səbəbdən daşqınların nəticəsi tam aradan qaldırılmayıb.

Digər tərəfdən daşqınlar nəticəsində insanların evi ilə yanaşı onlara məxsus qeyri- yaşayış sahələrinə, yardımçı təsərrüfatlara, istehsal vasitələrinə, yük və minik maşınlarına, təsərrüfat texnikasına, avadanlıq və ev əşyalarına, eləcə də mal-qaraya və s. küllü miqdarda ziyan dəyib. Təəssüflə qeyd etmək lazımdır ki, sadalanan bu əmlaklar və mülkiyyət növləri ilə bağlı dövlət tərəfindən heç bir qeydiyyat, qiymətləndirmə aparılmamış və vətəndaşlara dəyən ziyana görə indiyə qədər təyinatı üzrə kompensasiya təklif olunmayıb.

- Yeri gəlmişkən, evi dağılan və ya qəzalı olduğundan yenidən tikilən ailələrdən rüşvət alındığına dair şikayətlər mövcuddur. Bu barədə sizdə hansısa məlumatlar varmı?

- Bu ilin may ayından oktyabr ayına qədər «Kür» Vətəndaş Cəmiyyəti Qərargahına təxminən 500-ə yaxın rəsmi müraciət daxil olub. Bu müraciətlərin əksəriyyətində evlərin tikilməsində ayrı-seçkiliyə yol verildiyi, eyni zamanda vətəndaşların hüquqlarının tapdalandığı, bəzi yerlərdə ehtiyacı olan deyil, ehtiyacı olmayan insanlara evlərin tikilməsi barədə məlumatlar yer alıb. Bu faktlar var və bunları danmaq mümkün deyil.
Biz mülkiyyət hüquqlarına ziyan dəyən və bu günə qədər hüquqları bərpa olunmayan 70 nəfərdən artıq şəxsin sənədlərini hazırlayıb İnzibati İqtisad Məhkəməsinə təqdim etmişik. Bilirsiniz ki, artıq məhkəmə prosesləri başlayıb. İlkin müsbət nəticələr də var. Məhkəmələr davam edir və son zamanlar məhkəmələrə müraciət edən insanların sayı artmaqdadır.

- Sizin daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı ötən müddət ərzində göstərdiyiniz təşəbbüslərin hökumət qurumlarının fəaliyyətinə nə dərəcədə təsiri oldu?

- Öncə onu deyim ki, bizim Qərargah insanlara mənəvi dayaq oldu. İlk dəfə idi insanlar görürdülər ki, vətəndaş cəmiyyəti institutları onlarla çiyin-çiyinədir. Ona görə də məsələnin mənəvi tərəfini önə çəkirəm. İnsanlar bizim Qərargahı tanıyır, bizimlə əməkdaşlıq edir, birgə mübarizə aparırıq. Bir faktı da deyim ki, son zamanlar bu məsələləri qaldırılanda hökumət qurumları və bir çox məmurlar deyirdilər ki, daşqınlar oldu, pul ayrıldı, evlər tikildi, nəticə göz qabağındadır, hər şey yaxşıdır. Yəni problem bitib. Ancaq biz öz ardıcıl fəaliyyətimizlə sübut etdik ki, problemlər bitməyib və daşqınların nəticələri tam aradan qaldırılmayıb. Daşqınlardan ziyan çəkən insanların ərizələri, evlərinin videosu və fotoşəkilləri, monitorinq və araşdırmalarımız, çoxsaylı müraciət, sorğu və digər vasitələrlə, eləcə də ictimaiyyət və mətbuatın köməyi ilə bu məsələləri qaldırdıq. Əgər bu gün 500 nəfərdən çox insan FHN-ə və bizə müraciət edir və haqqının tapdandığını bildirirsə, hökumətə qarşı 70 nəfər məhkəmədə iddia qaldırırsa, deməli, bu problem hələ qapanmayıb.

Biz, cəmiyyətə qapalı olduğu deyilən, QHT- lərlə o qədər də əlaqələri olmayan Fövqaladə Hallar Nazirliyi ilə əməkdaşlıq qurmuşuq və bir neçə dəfə nazir müavinləri, idarə rəisləri səviyyəsində görüşlərimiz, müzakirələrimiz olub. Bu müzakirələrdə FHN-ə evləri qəzalı olan insanların siyahısını təqdim etmişik. Təkcə keçən ayda 165 nəfərin siyahısı nazirliyə təqdim olundu. Müsbət bir haldır ki, FHN bizim təqdim etdiyimiz siyahı üzrə demək olar ki, evlərin böyük əksəriyyətinə komissiya göndərərək yenidən baxış keçirib. Bizdə olan məlumata görə, qanunsuzluğa yol verən yerli icra nümayəndələrinin FHN-nin təşkil etdiyi baxışda iştirakı minimuma endirilib. Yəni sırf FHN-in ayırdığı komissiya bu işləri həyata keçirib. Bir çox bölgələrdə vətəndaşlar FHN-in tərtib etdiyi baxış aktından razılıq edirlər. Bəzi yerlərdə müəyyən problemlər, razılaşdırılmayan məqamlar da var. Bir aya yaxındır ki, FHN-nin komissiyası ərazilərə baxış keçirilməsini davam etdirir. Komissiya bir sıra evlərin qəzalı olduğuna görə sökülüb yenidən tikilməsinə, bir sıra evlərdə bərpa gücləndirmə işlərinin aparılmasına qərar verib. Halbu ki bu evlərin taleyi unudulub, yaddan çıxmışdı. Yaxın vaxtlarda bu baxış yekunlaşacaq və güman edirik ki, ilk nəticələr «Kür» Vətəndaş Cəmiyyəti ilə müzakirə olunacaq.

- Daşqınlar nəticəsində evini itirənlərə ev tikilib verilsə də, orada camaatın quru döşəmə üstündə yatdığı, eyni zamanda bəzi bölgələrdə infeksion xəstəliklərin yayılması barədə məlumatlar da var...

- Təbii, elə insanlar var ki, bu gün onlar nəinki taxta və quru döşəmənin üstündə yatır, hətta bəziləri mal-qara tövlələrində yaşayırlar. Çünki onların evləri o qədər qəzalı vəziyyətdədir ki, orada yaşamaq mümkün deyil, təhlükəlidir. Bu durumu öz gözlərimizlə görmüşük. Hətta yeni tikilmiş qəsəbələrdə də böyük problemlər və analoji vəziyyət var.
Ümumiyyətlə, Kür daşqınları ölkənin sosial durumunu, regionlardakı çoxsalyı problemləri, məmurların insanlara münasibətini bütün çılpaqlığı ilə açıb ortaya qoydu. Məlum oldu ki, regionların böyük bir hissəsində kanalizasiya sistemi ümumiyyətlə yox səviyyəsindədir, drenaj sistemi işləmir. İndiyə qədər görülən bəndvurma, sahilbərkitmə işləri kortəbii və başdansovdu aparılıb. İllərlə Araz və Kür çayları lildən təmizlənməyib. Bəndvurma işlərinə ayrılan böyük miqdarda pullar mənimsənilib. Bu gün də təəssüf ki, bu problemlər qalmaqdadır. Digər tərəfdən bir sıra məmurların vətəndaşların şikayətlərinə ya cavab vermir, ya da başdan sovdu, formal cavab verirlər. Hətta bir rayonda icra hakimiyyəti formal şəkildə vətəndaşların müraciətinə cavab olaraq hamıya evinin normal şəkildə olması barədə məktub göndərərkən dünyasını 5 il öncə dəyişmiş mərhum adına da eyni məzmunda məktub göndərib. Təsəvvür edin ki, icra Hakimiyyətinin məktubu belə başlayır; “... rayon icra hakimiyyətinə göndərdiyiniz məktuba baxılaraq sizə bildirilir ki..., “. Bu dəhşətli olduğu qədər də biabırçılıqdır.

Keçən həftə biz yeni tikilən qəsəbələrdə olduq. Bu qəsəbələrin açılışı olanda deyirdilər ki, daşqınlar olan ərazilərdə analoqu olmayan, müasir standartlara cavab verən evlər tikilib. Amma bu gün insanların bir çoxu həmin evlərdə yaşaya bilmir. Darısqallıqdır, həyəti yoxdur o evlərin. Yeni tikilməsinə baxmayaraq evlərdə çatlar, qopmalar və çökmələr var. Ən mühümü isə həmin evlərin isitmə sisteminin olmamasıdır. Bir tərəfdən də həmin bölgələrdə işsizlik baş alıb gedir. İnsanların su, normal yaşayış, infrastruktur, yol, məktəb problemi var. Elə bölgələr var ki, orada uşaqlar məktəbə gedə bilmir. Həmin «müasir», Avropa standartlarına «cavab verən» qəsəbələrdə elə insanlar var ki, mal-qara üçün tikilmiş tövlələrdə yaşayırlar. Adama sual edərlər; Budurmu anoloqu olmayan inkişaf? Budurmu Avropa standartlarına uyğun tikilən evlər?

- Allah eləməmiş, yenidən daşqınlar olsa, eyni fəlakət baş verə bilərmi? Yoxsa görülmüş işlər bunun qarşısını alacaq?

- Ötən müddət ərzində daşqınlar olacağı təqdirdə eyni fəlakətin baş verməməsi üçün müəyyən addımlar atılıb. Ən əsası Mingəçevir Su Anbarında suyun səviyyəsinin tənzimlənməsinə nəzarət artırılıb. Artıq bilirsiniz ki, bu anbar FHN-in balansına verilib. Biz bu yaxınlarda ora səfər etmişdik, orada suyun tənzimlənməsi ilə yanaşı anbarın mühafizəsinə də nəzarət gücləndirilib. Bundan başqa Kür və Araz çaylarında bəndvurma işlərinə başlanılıb. Hazırda bu istiqamətdə monitorinqlər aparırıq. Hələlik monitorinqlər başa çatmadığı üçün ilkin nəticələri açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, bəndvurma işlərinə həm əvvəlki illərdə, həm də son illərdə böyük həcmdə vəsait ayrılsa da, görülən işləri qənaətbəxş hesab etmək olmaz.

Ən əsas məsələlərdən biri isə Kür və Araz çaylarının lildən təmizlənməməsidir. Kürün deltasının təmizlənməsi, bəndvurma və sahilbərkitmə işlərinin keyfiyyətlə görülməsi istiqmətində ayrılan vəsaitlər düzgün və aidiyyatı üzrə xərclənmədiyindən işlər hələ tam və dolğun başa çatdırılmayıb. Hətta bu istiqamətdə bəzi işlərə heç başlanılmayıb. Bu baxımdan mən deməzdim ki sizin qeyd etdiyiniz təhlükə tam aradan qaldırılıb.
Həm də təbiət hadisələri elədir ki, onu proqnozlaşdırmaq mümkün deyil. Amma 2010-cu ilin sel fəlakəti təbiətin deyil, yanlış idarəetmənin fəsadları kimi meydana gəlmişdi. Bu gün təəssüflər olsun ki, bu fəsadlar tam aradan qaldırılmayıb.

- Siz xeyli müddətdir QHT sektorunda fəaliyyət göstərirsiniz. Bu sahədə də son illər böhran yaşanır. Artıq xarici donorların əksəriyyəti bizim QHT- lərin layihələrini maliyyələşdirməkdən imtina edib. Bu günlərdə Soros Fondu da Azərbaycanda fəaliyyətini dayandırdı. Bunun səbəbləri nədir və Soros Fondunun fəaliyyətini dayandırmasını necə dəyərləndirirsiniz?

- Təbii ki, Azərbaycanda fəaliyyət göstərən xarici donor təşkilatlarının fəaliyyətini dayandırmasının tərəfdarı deyilik. Bu, bizdə narahatlıq doğurur. Amma Soros Fondu ilə bağlı bir məqama aydınlıq gətirmək istəyirəm. Bu məsələlər ictimaiyyətə bir az yanlış formada çatdırılır. Açıq Cəmiyyət İnstitutu- Soros Fondu Azərbaycanda fəaliyyətini dayandırmayıb. Sadəcə, bu qurum öz idarəetmə formasını dəyişir. 2012-ci ildən başlayaraq Azərbaycandan təqdim olunacaq layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi Fondun Bakı ofisi deyil, Nyu York və Budapeşt ofisləri tərəfindən həyata keçiriləcək. Düzdür, bu idarətemə Fondun Azərbaycanda fəaliyyətini müəyyən qədər daraldır. Amma bütövlükdə mənim bildiyimə görə, Açıq Cəmiyyət İnstitutu Azərbaycanda öz fəaliyyətini davam etdirəcək.

Sualınızda qeyd etdiyiniz “QHT sektorunda böhran yaşanır” fikrinizlə razıyam. Böhranın bir səbəbi ölkədə yürüdülən ümumi siyasətlə bağlıdırsa, digər səbəb bizim vətəndaş cəmiyyətinin özü ilə bağlıdır. Məhz bu səbəblərdən vətəndaş cəmiyyətinin təsir gücü və ölkədə söz sahibi olmaq imkanları çox aşağıdır. QHT- lərin böyük əksəriyyətini “ələ baxan” QHT- yə çeviriblər. Mətbuatı da həmçinin... Bu gün QHT- lərin və medianın üzləşdiyi çox saylı elə problemlər var ki, bu onların müstəqil və dürüst fəaliyyət göstərməsinə mane olur; qeydiyyat, ofis, maliyyə təminatı, texniki dəstək, qanunvericilik boşluqları, siyasi monopoliya və s. Amma yenə qeyd edirəm ki, vəziyyətin bu şəkil almasının bir günahı da vətəndaş cəmiyyətinin öz günahıdır. Bu ayrıca bir mövzunun söhbətidir və kifayət qədər böyük problemdir.

- Oqtay bəy, etiraf etmək lazımdır ki, bu gün ölkədə əsas müxalif güc mərkəzi kimi İctimai Palata çıxış edir. Sizin partiya da bu quruma qoşulmuşdu. Amma sonradan KXCP bu qurumdan uzaqlaşdı və indi Rusiyaya meyillilikdə günahlandırılan ALP və VİP-lə ittifaq bağlayır. Bu məsələyə münasibətiniz necədir?

- Əvvəla, mən İctimai Palatanın təsisçilərindən biriyəm. Düzdür, son zamanlar qurumun tədbir və sessiyalarına mütəmadi qatıla bilmirəm. Amma İctimai Palatada fəaliyyətimi davam etdirirəm və bu yaxınlarda Kür daşqınları ilə bağlı İctimai Palatanın gözəl bir tədbirini keçirdik. Tədbir kifayət qədər reaksiya doğurdu. Bundan başqa mənim İctimai Palataya mülkiyyət hüquqları və fövqəladə vəziyyətlərin idarə olunması ilə bağlı müəyyən komissiyaların formalaşdırılması barədə təkliflərim olub. Bu məsələlərlə bağlı Palatanın Koordinasiya Şurasının üzvləri ilə müəyyən müzakirələrimiz də olub və hazırda bu müzakirələr davam edir.

İkincisi, mən KXCP-nin İctimai Palatada fəaliyyətini dayandırmasının əleyhinə olmuşam və bu gün də o fikirdəyəm. Ümumiyyətlə, son vaxtlar siyasi proseslərlə bağlı geniş danışmıram və danışmaq da istəmirəm. İstədiyim odur ki, ölkədəki antidemokratik rejim dəyişsin. Azərbaycanda demokratik dəyərlər inkişaf etsin, azad seçkilər, iqtisadi islahatlar həyata keçirilsin. Xalqımız malik olduğu iqtisadi və intelektual potensialına uyğun firavan yaşasın, torpaqlarımızı işğaldan azad edə bilək. Bu istəklərin reallaşa bilməməsində müxalifətin də müəyyən məsuliyyəti var və bunun əsas səbəblərindən biri kimi müxalifətin bir araya gəlməməsini görürəm. Müxalifət xalqın içinə getməli, hökumətin yürütdüyü yanlış, yarıtmaz və xalqa zidd siyasətə vətəndaşın problemləri prizmasından yanaşmalıdır. Müxalifət yaradıcı olmalıdır. Ayrı-ayrı qütblərə çəkilib, kiçik birliklər yaratmaqdansa birgə olmaq, geniş koalisiya yaratmaq lazımdır. Bütün umu-küsülər kənara qoyulmalıdır. Müəyyən problemlər, narazılıqlar varsa, bunun açıq müzakirəsini keçirib aradan qaldırmaq lazımdır, müxalifətin böyük birliyi yaranmalıdır. Mən bütün fəaliyyətin bu istiqamətdə cəmləşməsinin tərəfdarıyam.

- Belə başa düşdük ki KXCP-nin İctimai Palatadan getməsinin əleyhinə olduğunuz kimi, ALP və VİP-lə bir araya gəlməsinin də tərəfdarı deyilsiniz?

- Mən bununla bağlı fikirlərimi partiyanın İdarə Heyətində səsləndirmişəm. Hesab edirəm ki, bütün məsələləri mətbuatda müzakirə etmək düzgün deyil. Yalnız onu deyə bilərəm ki, müxalifətin daha geniş səmimi, gerçək birliyinin tərəfdarıyam və bu birliyə doğru bütün təşəbbüsləri dəstəkləyirəm. Eyni zamanda bizim partiyanın da, partiya sədrinin də bu istiqamətdə çağırışları, Ali Məclis, qurultay səviyyəsində qərarlarımız olub. Bu yöndə işlərin davam etdirilməsini daha vacib hesab edirəm.

Zöhrab