“Camaatı adam yerinə qoyan var?” - “Sunami”

camaati-adam-yerine-qoyan-var-sunami
Oxunma sayı: 1028

…Əvvəllər elə bilirdi ki, ölkə başçısı sərəncam verdi, vəssalam, məsələ öz-özünə həll olunacaq... Hələ qabaqda nə qədər ağır yollar keçəcəyindən, necə dəhşətli bürokrat əngəllərlə üzləşəcəyindən xəbərsizdi. Aylarla davam edən vaxt və əsəb xərcindən sonra yolun bərpasına başlandı. Önçə Bakıdın gələn yol, sonra şəhərcik... hələ teleskoplar, yəni elmin özü yada düşmürdü...
Bunu dərd eləmirdi. Önəmli olan işin başlanmasıdır...
- Şahin müəllim, sizin yanınıza gəliblər...
Köməkçisi Əliydi. Telefonu gözləməyib özü dayanmışdı qapının ağzında. Adətən mühüm adamlar olanda belə edir.
- Buyursunlar...
İki nəfərdi. Bu yerlərin adamına bənzəmirdilər. Ayağa qalxıb görüşdü, yer göstərdi.
- Xoş gəlmisiz! Buyurun əyləşin...
- Sağ olun! Sızi də xoş gördük!
- Eşidirəm! Xeyir olsun!
- Şahin müəllim, Qalib müəllim danışmış olar sizinlə...
- Hansı Qalib müəllim?
- Həmkarınız... Akademik!
- Keçən həftə görmüşdüm. Mənə bir söz demədi...
Qonaqların üzündən yüngül təbəssüm keçdi; yəni sizə nə deməliydi, niyə deməliydi?
Amma nəzakət yerindəydi. Əllərindəki kağızı ona uzatdılar.
- Yeni qonşularınızı tapşıracaqdı... Burda istirahət mərkəzi tikmək iştəyirlər. Sərəncamı da gətirmişik.
- Kim verib sərəncamı?
- Rayon icra başçısı...
Şahin sərəncamı açıb baxdı. Aydındır!.. O torpağın mübahisəsi çoxdan gedir...
- Yanlış sərəncamdır. İcra başçısına aidiyyatı yoxdur bu yerin... Nazirlər Kabinetinin qərarı ilə bizim ərazi sayılır.
- Sovetlər dağılandan sonra onun qanunları da qüvvədən düşmüşdür.
- Sovet dağılsa da, rəsədxana yerindədir.... Prezidentin sərəncamını da eşitmisiniz.
- Biz icraçıyıq, Şahin müəllim. Qalib müəllim ağsaqqal adamdir. Prezidentlə yaxınlığını da hamı bilir.
- Yaxşı, danışaram Qalib müəllimlə...
Gələnlər xudahafisləşib getdilər. Şahin Akademiyanin Prezidentinə zəng vurub təzə xəbəri çatdırdı:
- Rəsədxananın yeridir. Sabah yeni binaları harda tikəcəyik?
Prezidentin cavabı kəsəydi:
- Məni qarışdırma bu işə!
-Necə qarışdırmayım? Sizin əlinizdə çətin deyil! Qalib müəllim ağıllı adamdır. Rəyasət Heyətinin üzvü kimi bilir buranı nə əziyyətlə qorumuşuq. Özü də sizlə bir yerdə gəlib görüb axı...
- Kaş gəlməyəydik! Elə oraları görəndən sonra həvəsə düşüb. Haralara əli çatır, bilmirsən?
- Onda neyləyək, çıxaq burdan?
-Mənimlə məsləhətləşdiyini demə, özün danış onunla. Bəlkə işçilərin narazılığından ehtiyat eləyə...
- Nə ehtiyat? Bizdən ehtiyat edəcək o?
- Baxma, istəməzlər camaatı üstlərinə qaldırsınlar...
- Elə bil Bakıda yaşamırsınız, Zeynal müəllim! Camaatı adam yerinə qoyan var?
- Belə danışma! Dövlətin Akademiyasında işləyirsən. Əlində o boyda rəsədxana var.
- Bunu mən demirəm. Xalq deyir hər yerdə. Küçədə, bazarda...
- Bazarla nə işin var, ay Şahin!.. Sən Qalibin özüylə danış.
- Məsləhət görürsünüzsə, danışaram. Bir şeyə ümidim var...
- Nəyə?
- Bilirsiniz, yeni üsul tapıblar. Nə qədər iş adamı, narkotika alverçisi, əyri yollarla pul qazanan varsa, giriblər vəzifəlilərin qoltuğunun altına... Harda bir gözəl bina, müəssisə tikirlərsə, çıxırlar prezidentin, ya da ona yaxın adamların, nazirlərin adına. Sonra maraqlananda görürsən heç onlara aidiyyatı yoxdur. Yəqin bu da məsuliyyətdən yayınmanın bir yoludur. Bəlkə heç prezidentə catmir bu xəbərlər...
Telefonun o başında qısa gülüş eşidildi:
- Yaxşı, gələrsən danışarıq...
Şahin qalxıb pəncərədən bayıra baxdı. Bayaqkı adamları gətirən maşın uzaqlaşırdı...


***

...Rəsədxananın hasarının böyründəcə tikinti materialı tökülmüşdü, fəhlələr işləyirdi. Şahinin olmadığı günlərdə rəsədxana ilə meşənin arasındakı yüksəklik boyu iki-üç sıra yer rahatlanıb hər tərəfə fin evlərinin materialları tökülmüşdü, quraşdırma işlərinə yenicə başlanmışdı... “Bir neçə gündə bu qədər işi necə görüblər?” - deyə düşündü Şahin, sonra öz sualına özü də cavab verdi: “Pul olandan sonra nə var ki! Həm də dövlət işi, rəsədxana deyil ki yubansın! Necə müddətdir təmir uzanır, gör halını pozan var? Amma özləri ücün iki-üç gündə bir şəhərciyin təməlini atıblar... Kimdir axı Nazirlər Kabinetinə, icra başçısına hökm verən, özü ortaya çıxmadan işləri öz-özünə düzülüb-qoşulan “böyük” adam? Əgər buranı doğrudan da Qalib müəllim tikdirirsə, soruşmaq gərək, hardandır səndə bu qədər imkan? Axı, sən də mənim kimi alim babanın birisən, qohumların gələnə kimi maaşı-maaşa zorla çatdırırdın. Nə baş verdi? İmkan düşən kimi elm yaddan çıxdı, hamınız oldunuz biznesmen, gizli şirkət müdiri, ev tikən, körpüsalan, bazar müdiri, neft ixracatçısı, silah alverçisi?..”
Bunları düşünən Sahin hələ də Qalib müəllimi bu sıraya qatmırdı... “Alim adamdır, özü də elə-belə, əldəqayırma alimlərdən deyil. Şəraiti də var. Bir yox, bir neçə laboratoriyası... Evdə də bir özüdür, bir arvadı. Nəyinə gərəkdir ömrünün bu yaşında turizm şəhərciyi salmaq, özü də burda, dağların başında! Qan təzyiqi imkan verər bura qalxmağına? Yəqin kimsə adından istifadə edir. Əgər belədirsə... Daha doğrusu, bunu elə mənimlə görüşdüyü birinci gün deyərdi... Söz çıxıbsa, sənə aidiyyəti olsa da irəli durmalısan, olmasa da...”
Yolun qırağında ilk evi quraşdıranlara yaxınlaşdı:
- Kimdir böyüyünüz?
Bir az aralıda sürücülərlə söhbət edən ortayaşlı kişini göstərdilər:
Göstərdikləri kişi özü yaxınlaşdı:
- Xoş gördük, Şahin müəllim! Hirslisiniz, bilirəm! Bəlkə bir az kənara çəkilək?
Təcrübəli, işdə-gücdə bişmiş adama oxşayırdı. Rəsədxananın qapısından içəri keçdilər.
Şahinin dişi bagırsağını kəsirdi:
- Kim icazə verib burda tikinti apamağa?
- Biz buyruq quluyuq, Şahin müəllim. Ağa deyir sür dərəyə, sür dərəyə!
- Kimdir ağanız?
- Bilib demirəmsə, Allah balamı öldürsün! Kim tikir, kimin əmriylə tikir, xəbərim yoxdur... Biz icraçıyıq, balaca adamlarıq.
- Qalib müəllim tikdirir buranı?
-Vicdanım haqqı bilmirəm. Siz hörmətli adamsınız, özünüz öyrənə bilərsiniz.
Şahin ona inandı. Bu gizlilik, üzə çıxmamaq sistemindən xəbəri vardı. Oğru qanunları ilə yaşayır və cəmiyyəti də oğru qanunlarına öyrədirdilər...
- Düz deyirsən, sənin nə günahın! Sistem belə qurulub...
- Allaha and olsun, Şahin müəllim, xəcalət çəkirəm qabağınızda. Desinlər, bu dəqiqə şələ-şüləmi götürüb rədd olum burdan! Neyləyək? Biz də çörəyimizin əsiriyik...
Şahin otağına girmədən maşınını geriyə, rayon mərkəzinə doğru çevirdi, on beş-iyirmi dəqiqəlik yolu necə keçdiyini bilmədi. İcra başçısını çoxdan, cavanlıqdan tanıyırdı. Onun aspirantlıq illərində texniki şöbədə məktubdaşıyan, ara diliylə desək, kuryer idi. Sonra bəxt üzünə gülüb, özünə sincab ferması yaradıb, onun pullarından verib olub yolunu belə bilmədiyi bu rayonun icra başçısı. Camaatın dərdi başından aşsa da, onun aləmində burda görüləsi bir iş yoxdur. Yəqin “iş” deyəndə yalnız alış-veriş nəzərdə tuturdu. Qaz vurub qazan dolduracağını düşünən bir adam üçün dağ rayonunda, əlbəttə, “işsizlikdi”. Ara-sıra rəsədxanaya gələndə peşmançılığını Şahindən gizlətmirdi...
Elə bil onun gələcəyini gözləyirmiş:
- Bilirəm, hirsli gəlmisən üstümə! Guya vəziyyətdən xəbərin yoxdur?
- Sən eləmisən! Nazirlər Kabinetinin sərəncamı ilə həmişəlik rəsədxananın sərəncamına verilmiş yeri satmısan başqasına, bəlkə də qohumlarından birinə.
İcra başçısı yerindən sıçradı:
- Əziz canına and olsun, mənlik deyil! Mənnən soruşan kimdir, a kişi! Elə bilirsən satmazdım? Üstümə gəlsələr, gizlətmirəm, mən də qabaqlarında dayana bilməzdim. Ancaq o boyda elm müəssisəsinin yerinə hər adam göz dikə bilməz. Kimsə yekələrdəndir...
- Guya sən tanımırsan öz rayonunda iş gördürənləri...
- Tanıyıram, niyə tanımıram? Nazirlər Kabineti, ya da Əmlak Komitəsi! Qabaqlarında bir söz deyə bilərəm?
- Deyə bilərdin! Deyə bilərdin ki, bu yerin sahibi var - Elmlər Akademiyası...
- Qurban olum, Şahin müəllim, hirslənmə, bir söz deyim: Elm kimin yadına düşür indi? Özü də bizdən niyə inciyirsən? Sənin dostların deyildi Akademiyanı bütöv satmaq istəyən? Biz neyləmişik? Vaxtilə o torpaq ayrılıb sizə verilib, istifadə eləməmisiniz, indi də başqasına verilir. Mənim nə günahım? Gedib baş nazirin əlindən tutacaqdim ki, amandı, qol çəkmə?
- Hər halda, baş nazir bilir bu ərazini kimə bağışladığını...
- Əlbəttə bilər! Amma mənə hesabat verməyəcək ki! Deyirlər Pirimverdi gələcək yanına... Buyursun Pirimverdi! Pirimverdi olmasın, itləri olsun. Sənədləri qoyur bu stolun üstünə, məni də üstdən aşağı süzüb gedir. Bir də gördüm, karvan karvan dalınca düzülüb. Elə bil, Bakı köçürdü dağa. Mən onun qarşısını necə alaydım?!
- Saleh! (İcra başçısını adıqla çağırdı) Sən uşaq başı aldatmırsan! Bu tikintini kimin apardığını gözəl bilirsən, ancaq demirsən, canın sağ olsun.
- Bilsəm nə vardı ki! Yaxam qurtarardı sənin əlindən.
- Bir rus nağılı var, yəqin oxumusan…
- Nağıl düşür yadıma? - Saleh mövzunun dəyişilməsinə sevindi.
- “Get ora, bilmirəm hara, gətir onu, bilmirəm nəyi…”
- Bunun bizim işimizə nə aidiyyəti?
- Sözünüzü bir yerə qoyub mənim ürəyimi partlatmaq istəyirsiniz! Ay kişi! Kim tikir istirahət yeri adına o qəhbəxananı orda? Adını de, birdəfəlik gedib sakit oturum yerimdə. Bəlkə doğrudan da gücümüz çatan adam deyil. Ya da məqsədini deyəcək, mən də bizim rəhbərliklə danişib xeyir-dua verəcəyəm.
Saleh məsələni mürəkkəbləşdirmək istəmirdi.
- Axırı elə o cür olar. Mən acizəm bu məsələdə.
Şahin dediyindən əl çəkmirdi:
- Amma istəsən, dayandıra bilərdin bu işi.
- Deyirsən gedim, ərizəmi verim Prezident Aparatına, çıxım işdən?
- Get, ver. Deyərlər kişi adamdır!
- Göylərə baxa-baxa ayağın yerdən üzülüb, Şahin! Kişiliyə qiymət verən var? Tək özümə qalsa nə var! Oğul-uşaq… Nəslini kəsirlər adamın.
Sahin ayağa qalxdı:
- Lazim deyil sənin köməyin. Ölkə başsız deyil…
- Lap gözəl! Şikayət elə məndən. İncimərəm!..