“Ciddilik dərsləri” - Hekayə

ciddilik-dersleri-hekaye
Oxunma sayı: 1167

Daha doğrusu, bunu öz vəzifə borcunun sərt etiketinə yerləşdirməkdə çətinlik çəkirdi. Vəzifə borcu hər gün onu çoxsaylı təzə adamlarla tanış edib ünsiyyətə qoşur, adamlar onunla ciddiliyin ən yüksək hədlərində danışır və o gülümsəməyib ağzını açmasa, elə həmin cansıxıcı, darıxdırıcı rəsmiyyətlə də onu tərk edib gedirdilər. Sanki uçuşların təhlükəsizliyinin daha etibarlı təminatı üçün lazım olan bu rəsmiyyət və ciddiliyin yeri Həsənovun qəlbində iyul səmasının odlu gündüzü kimi bomboş qalırdı.

Həsənovun adamlara yazığı gəlirdi: istəyirdi ki, onlar yaxşı yaşasınlar, yalandan yox, sözün həqiqi mənasında xoşbəxt olsunlar. Amma adamların hamısını rəhbərlikdən icazəsiz xoşbəxt eləməyə Həsənovun ixtiyarı yox idi. Hətta kabinetinin qapısına yazılmış qara “C.Həsənov” lövhəciyinin özü də, sahibinin fikrincə, onu tanımadığı adamlara konstitusiya müddəasındakı “referendum” sözü qədər etimadsız təqdim edirdi. Bəzi belə məsələlərlə, elə konstitusiyanın özü ilə də bağlı Həsənovun xəyallarının mavi ənginliklərində fərdi fikri, plan və təklifləri vardı və onların reallaşması üçün C.Həsənovun bir seçici səsi yetərli deyildi; onun üçün C.Həsənov gərək dövlət qulluğunda çox yüksək post tutaydı. Postların isə təəssüf ki, hamısı tutulmuşdu və onların nə vaxt boşalıb, nə vaxt dolduğunu da yalnız Allahın ucalığından görmək mümkün idi. Həsənovun yüklərini daşıyan təyyarələr hələlik o yüksəkliyə qalxa bilmirdilər.

İş təyyarə və uçuşlarla əlaqəli olduğu üçün terrorla, narkotiklərlə, başqa bəd əməllərlə mübarizə aparanlar Həsənovun çalışdığı müəssisəni və onun əməkdaşlarını diqqətdən kənarda qoymurdular. Ona görə də Həsənov və onun yoldaşları işdə də, küçədə də, evdə də diqqətli olmağa və artıq-əskik hərəkətlərə, sözlərə yol verməməyə çalışırdılar ki, nəzarətçilər üçün əlavə problem yaranmasın. Axı, Həsənovun xoşbəxt eləmək istədiyi adamların sırasına onlar da daxil idi.

Müəssisədə başqa əməkdaşlarla Həsənovun münasibətlərini hər baxımdan “mülayim” adlandırmaq olardı: hərdən ona elə gəlirdi ki, əməkdaşların bir-birlərinə nümayiş etdirməyi sevmədikləri fərdi qayğılarının içində hamı üçün ümumi olan nəsə əsas bir şey var və bu haqda nədənsə heç kim danışmır. Həsənov cavan olsa da, ona elə gəlirdi ki, müəssisənin də, əməkdaşların da qarşısında böyük, ali məqsəd durmadığına görə onların gələcəyə istiqamətlənmiş ümumi səy və fikir birliyi, eləcə də kollektiv inkişaf perspektivi yoxdur. O fikirləşirdi ki, birlik olsa, ilk baxışdan adamda şən, romantik əhval yaradan bu müəssisə təkcə öz uçuşlarının reklamı ilə bütün ölkənin əhvalına müsbət təsir edib, hamının həyatına yeni bir nəfəs verər, adamları daha yaxşı güzəran yaşamağa səsləyə bilərdi. Ozon dəliyinin böyüməsi nəticəsində səma ilə yer kürəsinin arasında getdikcə ağırlaşan ölü sakitlik və sükutda insanları yaxşı nəyəsə səsləyə bilmək özü də bir xoşbəxtlik idi. Bəlkə də bu belə deyildi, sadəcə, təyyarələr, uçuşlar, aviayükdaşımalar vacib və ciddi məsələ olduğu üçün hamının diqqəti, qayğısı iş vaxtı yalnız xidməti vəzifəsinin dəqiq icrasına yönəlirdi.

Son yeddi-səkkiz ildə istehsalatda xata çıxarmadığı üçün, başda direktor Xumar xanım olmaqla, Həsənovun bütün müəssisəsi kef eləyirdi. Əgər məzmunca heç nəyi həll etməyən mənasız bir xahişnamənin yazılmasına günlərlə vaxt sərf etmirsənsə, yüklərin qeydiyyatı üçün ayrılmış vəsaitin bir abbasılıq qalığını şirkət büdcəsinə qaytarmaq üçün bütün mühasibatı yarım sutka ayaq üstdə saxlamırsansa, əgər qovluqda bir il əvvəl yük göndərmiş müştərinin pasportunun lazımsız kserosurətinin olmadığına görə dişin bağırsağını kəsmirsə, bütün bunların yoxluğunu kef eləmək kimi başa düşmək lazımdır. Bu mənada, əlbəttə, Həsənovla bir ölkədə yaşayan vətəndaşların çoxunu xoşbəxt saymaq olardı.

Buna baxmayaraq, onları baş idarəyə müntəzəm çağırır, nizam-intizam, cari işlərin gedişi və dəyəri haqda məlum məzmunlu hesabatlarını dinləyir, başqa ölkələrin səmasında baş verən təyyarə qəzaları haqda geniş fikir mübadiləsi aparmaqla bir parçasına Xumar xanımın idarəsinin məsuliyyət daşıdığı səmada uçuşların və yükdaşımaların təhlükəsizliyini möhkəmləndirirdilər. Deyirdilər ki, səmanın doğması, yadı olmur: təyyarə isə ən ciddi nizam-intizama, kollektiv məsuliyyətə hesablanmış bir qalaq metal yığınıdır... Mütəxəssislər elə deyirdilər. Çox sözlər deyirdilər, amma deyilməyənlər onlardan da çox olurdu. Əslində, deyilməyənləri hər kəs danışanın və ya sadəcə susan çoxluğun son dərəcə ciddi, yorğun sifətindən asanlıqla oxuyurdu. Onları səsləndirmək etiket qaydalarına daxil deyildi. Bəlkə də elə buna görə yumor hissini tamam itirməmiş bəzi mühəndislər və xidmət personalının müdirləri hər on beş gündən bir az qala həyəcan siqnalı üzrə dəqiqliklə çağırılan bu mövzusuz, gündəliksiz toplantılara “Ciddilik dərsi” adını vermişdilər.

Onlar növbəti dərsdən qayıdırdılar. Onlar özlərinin şagirdsayağı dərsdən qayıdışına gülmürdülər. Onlar məktəb və universitet illərində ayrı-ayrı dərslərdə baş vermiş məzəli hadisələri, dərsdən qaçmağı-filanı adətən piyada gedib-gəldikləri yaxın yol boyu çoxdan xatırlayıb qurtarmışdılar. “Ciddilik dərslərində” də son vaxtlar xatırlamağa maraqlı bir şey yoxdu, çünki onların müəssisəsinə qarşı bayağı eyhamlarla çıxış edən rəis müavini uzunmüddətli xəstəlik məzuniyyətlərindən dönmək bilmirdi. Hətta söz gəzirdi ki, Xumar xanım o vəzifəyə indi yanınca inamlı addımlarla gedən istedadlı mühəndis C.Həsənovun namizədliyini irəli sürüb. Bu barədə ona rəsmi bir söz deyilmədiyi üçün Həsənov da həmişə mövzunun yanından salamsız-kəlamsız keçib gedirdi.

Kənardan onlar, əlbəttə, məktəbliyə deyil, ər-arvada deyil, müdir və işçiyə oxşarlıqları ilə hər kəsi xatircəm edərək, uca pilləkənləri enib, meydan boyu köhnə şəhər məhəlləsinə doğru daim təmirdə olan səkinin aşağısı ilə getdilər. Meydana ox kimi sancılmış üçbucaq məhəllənin bir-birindən çox fərqli pinti darvazalarının və qaşınmaqdan xarab olmuş yüz yaşlı divarlarının yaddaşı olsaydı, onlardan insan bədbəxtliyinin sirlərini çox asanlıqla çıxarıb hökumətə təqdim etmək olardı. Divarlardan birinə qara balon boyası ilə hər kəsin razılaşa bilməyəcəyi şübhəli fikri, deyəsən, gecəynən təzəcə fısqırtmışdılar: “Pul var - ağıl lazım deyil!”

Bakının mərkəz çökəyinin qaşınan, sökülən, tikilən və satılan zənginliyində doğrudan da pulun varlığı hiss olunurdu, amma nəfəs almağa hava yox idi və adamlar bu boşluğu hökumətin yardımı olmadan, öz fiziki və digər imkanlarına uyğun üsullarla doldurmağa çalışırdı. Bu yay günündə adamlara hava elə pulun özü qədər lazımlı idi.
- Nahar vaxtıdı, - Həsənov astadan dedi. - Sizi qonaq eləyə bilərəm.
Nahar vaxtının olması, əlbəttə, Xumar xanıma da bəlli idi. O bu haqda konkret bir şey düşünə bilmədiyi üçün hələlik susurdu. Əslində, Xumar xanım kökəlməkdən qorxduğu üçün yemək istəmirdi, amma yay mövsümündə birə-iki artmış xidməti qayğıların çoxluğunda bu qaya parçası kimi sakit və möhkəm Həsənovla nahar eləmək imkanı da hər gün ələ düşən şey deyildi.
- Pulun çatar? – Xumar xanım dedi. – Fürsətdi, istifadə elə... – Və kiçik pauzadan sonra əlavə elədi: - Bəlkə maaşını artıram.
Prinsipcə, Həsənov az maaş almırdı, amma Bakının mərkəz çökəyində quru maaşla son iki yüz ildə kim xoşbəxt olmuşdu ki?!
- Çatar, - Həsənov dümdüz qaməti, enli kürəyi və iki düyməsi açıq, xəyal və arzu dolu sinəsilə irəli baxa-baxa dedi. – Çatmayanda iki yerdə işləyəcəm.
Səkini kəsən pilləkəndə oturmuş xanım kövrək addımları ilə gah pillələrin bir neçəsini enən, gah da eyni çətinliklə yuxarı qalxaraq, öz aləmində hansısa haqq-hesabın çürüdülməsi üçün metal məhəccəri ikiəlli silkələməyə çalışan qız uşağına boşqabdan nəsə yedizdirirdi. Amma uşaq arada xanımın ona tərəf uzatdığı dolu qaşığa məhəl qoymamaqla öz naməlum oyununu yeməkdən üstün tutduğunu bir maşının güclə keçə biləcəyi, tarixi və bioqrafiyası bəlli olmayan bu adsız, qədim küçənin heç zaman oxunmayacaq qara yaddaşına belə özünəməxsusluqla həkk edirdi. Həsənov bu tanış mənzərəni uzaqdan gördü, təyyarələr və uçuşlarla bağlı dünyanın çox vacib işlərini, ən azı “Ciddilik dərsi”ndə keçmiş iki saatın ideyalı məzmununu bir kənara qoyub, Xumar xanımla məhz yeməkdən danışdığına görə arzularla dolu geniş sinəsində yüngülvarı xəcalət çəkdi.
- Yox, yayın bu istisində yemək bir iş deyil, - Xumar xanım da tünd eynəyinin altından baxa-baxa, hündür dabanlarının asta, ahəngdar tıqqıltısı ilə müşayiət olunan nazəndə yerişinə zərrə qədər də xələl gətirmədən uşağın şıltaqlığına gülümsünərək dedi. – Görürsən? Uşaq da yemək istəmir.
Onlar pilləkənin böyrünə çatanda heç kimin, hətta yemək istəməyən uşağın da gözləmədiyi bir iş baş verdi.
Həsənov dəri qovluğunu xanımın ayaqları altında pilləkənə qoyub, uşağın özü kimi məhəccərin metal barmaqlıqlarından yapışdı və ucadan səslənərək, bütün göstəriciləri qaydasında olan sağlam ağzını açdı:
- Ver, mən yeyim! Tez ver! Ver, mən yeyim!
Bu an həqiqətən bir sıra ciddi hadisələr baş verdi.
Həsənov o qədər də eybəcər olmayan burnunu barmaqlıqlar arasına soxub, deyildiyi kimi, ağzını açmışdı, kənarda dayanan Xumar xanım da bu gözlənilməz olayı seyr etmək üçün nədənsə qırmızı boyalı ağzını bir qədər əyərək açıq qoymuşdu, pilləkənin üstündə oturmuş gənc ananın isə boyasız ətli dodaqları bütün üzünün ifadəsinə uyğun olaraq, bəlkə də ömründə ən səmimi təbəssümünü nümayiş etdirirdi. O ki qaldı uşağa, məsələni anlayıb nəyin baş verdiyini dərk edincə, uşağın anası südlü aşla dolu çay qaşığını tanımadığı C.Həsənovun yük terminalı kimi qüsursuz və səliqəli ağzına soxub orada saxlamışdı.
- Bax, gördün, Sel? – Xanım uşağa müraciətlə dedi. – Aşı verəcəm, əmi yeyəcək!
- “Əmi” yox, “Mühəndis Həsənov”, - aşın dadını “bəh-bəh”lə qeyd edən gənc kişi dedi və yenə yemək istədiyini bildirmək üçün ləzzətlə marçıldatdığı ağzını açdı.

Xanım Həsənovun adətən “trayektoriya”, “parametr” kimi sözləri səlis tələffüz edən türk ağzına ikinci, üçüncü qaşıq aşı da kürəyə kürəkdə xəmir kündələrini itələyən kimi itələdi. Bu əməliyyatı olduğu kimi kənardan seyr etmək, görünür, uşağın xoşuna gəldi və o tez yaxınlaşıb qaşığı anasının əlindən almağa çalışdı ki, onu günorta yeməyinin işgəncəsindən xilas etmiş adama özü qulluq eləsin. Amma xanım da uşağa və özünə verilən bu əzabdan bezikmiş kimi, dalbadal doldurduğu qaşıqla aşın hamısını çağırılmamış qonağa yedirtdi.
- Çox sağ olun! Dostum demişkən, son beş ildə belə dadlı aş yeməmişdim, - Həsənov təşəkkür eləməyi unutmadı. – Mümkünsə, salfetka da verin, zəhmət olmazsa... – Nəzakətlə dedi.
Xanım qonağın bu xahişini də yerinə yetirərək, dizinin üstündəki güllü-çiçəkli kətan dəsmalla onun ağzını yüngülcə sildi.
- Təşəkkürlər: öz adımdan da, hörmətli direktorum Xumar xanımın da adından, - Həsənov deyib, məzhəkəni seyr edən müdirini də tanımadığı gənc anaya təqdim etməyi unutmadı. – Bununla siz Xumar xanımı da günorta yeməyinin əziyyətindən xilas etdiniz. Harasa uçmaq istəsəniz, bir boşqab südlü aşla bizim şirkətə müraciət edə bilərsiniz.
Onlar yenə yanaşı getdilər. Darısqal küçə özünün daşınan və daşınmaz əmlak maneələrilə bir çox yerlərində onların qoşa addımlamasına imkan vermirdi.
- Bağışlayın, Xumar xanım, - Həsənov küçənin ortasında çıxardığı oyuna görə dil-ağız eləməyə çalışdı. – Nəsə, gözlənilmədən alındı: mənim belə tutmalarım olur hərdən.
- Maraqlı məzhəkəydi, - Xumar xanım dedi. – Qaşığı sənin ağzına soxanda, sən o xanımın üzünün ifadəsini görəydin!
- O an məni uşağın sifəti daha çox aludə elədi.
Xumar xanım başını aşağı salıb heç nə demədən öz-özünə gülümsünürdü, hərdən ağzını yüngülcə əyib, başının qısa trayektoriyalı, sərt hərəkətilə sanki təəccübünü ifadə edirdi. İndi elə bil onun bayaqkı nizami yerişinin ahəngi bir qədər pozulmuşdu. Adsız, dar küçə qurtaranda kölgəlik də qurtardı və onlar yaşıl xiyabanın o biri üzündən öz əlvan reklamı ilə adamları nahar yeməyinə səsləyən kafeyə gedib-getməyəcəklərini yəqinləşdirmək üçün böyük çinarın altında həmin an boşalan skamyada əyləşdilər. İyul şəhərliləri dənizə, dağa-bağa qovduğundan günortanın istisində mərkəz çuxuru bomboş, kimsəsiz görünürdü. Xiyabanın naşı dəllək əlindən çıxmış yarıçılpaq qızlara bənzəyən budanmış ağaclarının kölgəsi quşlara da bəs eləmirdi.

Bir an əvvəl onlara elə gəlirdi ki, oturan kimi bugünkü dərsin darıxdırıcı saatları, yoldakı məzhəkə, bəlkə də özlərinə dəxili olan daha vacib nələrinsə haqqında səmimi söhbət eləyəcəklər, ən azı, susmamaq üçün bağın o üzündəki tanış kafenin menyusunu məzəmmət edəcəklər. Ancaq onlar hələ indiyə qədər duymadıqları qəribə bir yad ab-havanın içində susdular və eləcə susa-susa da öz bətnindəki gizlinləri növbə ilə yoldan keçənlərə göstərməkdən qətiyyən utanmayan böyük reklam lövhəsinin abırsız sifətinə baxmağa məcbur oldular. Orada parfümeriya məmulatlarını və bir şairi təbliğ edirdilər: ətir, krem, şairin kitablarını göstərirdilər, müdriklik nümunəsi saydıqları iki misrasını yazırdılar. Son vaxtlar mərkəz çökəyində adamların səki ilə yerişinə mane ola-ola kimlərəsə qazanc gətirən belə metal sifətlərə tez-tez rast gəlmək mümkün idi.
- Sən bu şairlərə necə baxırsan? - Xumar xanım sanki bayaqkı məzhəkəni unutmaq və mövzunu dəyişmək üçün dedi. – Mən nəsə... Biri var, həmişə məni maşınımın yanında gözləyir: “Xuma xanim, təzə çitabım çıxıb e-ey!”
- Bunun, görünür, pulu çoxdu, - Həsənov başı ilə lövhəyə işarə elədi. – Şərqdə əsil şairlər həmişə acından ölüb. Bilirsiniz niyə?
- Bilmirəm, - Xumar xanım dedi. – Doğrusu, mənim onların nə istədiyindən başım çıxmır.
- Onlar heç nə istəməyiblər, - Həsənov dedi. – Çünki onlar ideya daşıyıcıları olublar. Əksinə, padşahlar da, xalq da həmişə onlardan nəsə istəyib.
Sonra onlar qarşıdakı kitabxanadan çıxmış iki tələbənin kimsəsiz pilləkənlərin üstündə şirin-şirin öpüşməsinə baxa-baxa yenə susdular. Nəhayət, qız dostunun ağuşundan çıxıb, pilləkənləri sürətlə aşağı enə-enə birdən dayanıb geri qanrıldı və lövhədəki şair üçün bütöv şeirə ilham zümzüməsi olacaq bir misra ilə ucadan mesaj verdi: “Gülləri qoyma qurusun!”

Qızıl güllər qarın üstündə qaldı
Qızıllar bir qara qəpiyə dəyməz.
Müxənnəs, nakəsdir fitvanı verən:
Aparın, aparın, ərməğan edin,
Bəlkə sağ qaldılar, bəlkə öldülər
Bəlkə bu ölkəni bir də böldülər.
Tehran cənnət oldu,
Yaddaş silindi,
Susdu tuti dillər.
“Vətən” deyənlərin harayı qaldı
Bəxtimiz gör gedib hara calandı.
Ağ qarın üstündə qara daş, qardaş...
Sizi bəyənmədilər, qara gədələr!

Dağların başında nəyiniz qaldı,
Yaddaşı var hər qara daşın,
hər ağacın da
Bir igidin də getdi, dağlar sozaldı
Sitəmlər sizə qaldı, düşmən bac aldı
Bac verən, bac alan sizi bəyənməz,
Qara gədələr!

Sonra asta səslə, öz-özünə danışırmış kimi, Həsənov bərq vuran kitabxana pəncərələrindən gözünü çəkmədən başqa şeirlər də oxudu. Bu dəqiqələr ərzində Xumar xanım başını çevirib qara eynəyinin altından Həsənovun yüngülcə düyünlənmiş nazik qaşlarına, qanı solmamış gənc dodaqlarının azad pıçıltısına, sərt ifadəli qıyıq gözlərinə diqqətlə baxdı. Və bu davamlı baxışlar heç vəchlə Xumar xanımın könlündə baş qaldıran qəribə qadın marağını doyuzdurmadı. Poeziya aludəsi olmasa da, Xumar xanım indi nədənsə çox istədi ki, bu şeirlərin müəllifi onun mühəndis yoldaşı C.Həsənov özü olsun. Bəlkə də bunun belə olmayacağından qorxaraq, xanım müəllif haqqında ondan heç nə soruşmadı.

Nəhayət, bu pıçıltının avazını və sözlərin bir-birinə pərçimlənən uzaq mənalarını, incə mətləblərini seçərək, tanış üzün ovsunundan özünü güclə ayıran Xumar xanım toxtayıb, yükü ekiplənib qurtarmış təyyarə kimi yerində tərpənməz qaldı. İndiyədək mahiyyətcə özünü poeziyaya yad bilən Xumar xanımın çaşmış müdir xəyalı mühəndis dostunun bu dodaqaltı mızıltısı boyu xoş bir yumşaqlıqla sürüşüb bağın və küçələrin qarmaqarışıqlığından çıxdı. O cür xoş ilğım Xumar xanımın qəlbində bəzən intim münasibətdən öncə yaranırdı və o da bütün qadınlar kimi çox vaxt bu isti hisslərin daha tutumlu və davamlı ehtirası üstündə qara metal təki yavaş-yavaş əriyib qaynamağa başlayırdı. İndi də elə oldu, amma bu xoşluq fiziki yox, ruhi idi: o yaxınlıqdakı beşmərtəbənin üstünə Həsənovun eskizləri əsasında quraşdırılmış təyyarə maketinə və aviayükdaşımaya aid sözlərə baxa-baxa onlarda da nəsə poetik bir hikmət gördü; ona elə gəldi ki, daşıdıqları yükün həcminin ildən-ilə artmasında, baş idarənin onların müəssisəsindən razılığında, hətta uçuşların təhlükəsizliyinin möhkəmlənməsində də Həsənovun indi pıçıltı və heyrətamiz codluqla ifadə etdiyi qəribə məzmunlu sözlərin əvəzolunmaz xidməti var.

Xumar xanım tanınmış bir nəslin qızıydı. Neçə il əvvəl Həsənovu işə götürdüyü anları xatırladı. Onu heç kim tapşırmamışdı, o əvvəlcədən heç bir süzgəcdən keçməmişdi, sanki səki ilə gedəndə təsadüfən qapını açıb içəri girmişdi və mühəndis olduğunu bir kənara qoyub tanımadığı müdirlə nəsə vəzifə borcuna dəxili olmayan, naməlum bir uca nöqtədə anlaşmağa çalışırdı. Xumar xanım həmin o uzaq nöqtənin məhz təmənnasız poetik bir ruhdan doğduğunu yalnız indi görüb aydınca dərk elədi və öz duyumundakı zir-zibilin içində yaşaya bilmiş genetik halallığa “Bərəkallah!” dedi.
Beş dəqiqə əvvəl Xumar xanım Həsənovla birlikdə nahar edib-etməmək haqqında düşünürdü, kökəlməkdən qorxa-qorxa pəhrizi xatırlayırdı və fikirləşirdi ki, hansısa formada nahar fasiləsini yola verib işə qayıdacaq, köməkçisinin gətirdiyi sənədləri imzalayacaq, kimlərinsə telefon zənglərinə cavab verəcək və istehsalat qayğıları ilə dolu daha bir günü uğurla başa vuraraq, bununla öz mövqelərini əmr və hakimiyyətin virtual məkanında bir az da möhkəmləndirəcək. İndisə o sanki bütün bunların insan üçün əsas məsələyə bir o qədər də dəxili olmadığını yüngülcə duydu. Tam dərk etmədi, sadəcə duydu və bayaqkı konkret fikirlərindən xeyli uzaqda çaşıb qaldı, nə edəcəyini, nə düşünəcəyini belə kəsdirə bilmədi. Özünün bu vəziyyətində Xumar xanım nə vaxtsa atasının tilovla çaydan tutduğu balığı xatırladı: qarmaqdan çıxarılmış balıq yenidən suya qovuşmaq üçün inadla çırpındı, tullanıb-düşdü, sanki özü ilə su arasında yer kürəsinin çox böyük quru məsafələrinin olduğunu anlayaraq sakitləşdi; ağzı, gözləri açıqdı, amma hələ ölməmişdi. Və balaca Xumar o balığı qorxa-qorxa yerdən götürüb şappıltı ilə suya tullamışdı.
Xumar xanım istədi ki, Həsənov öz incə mətləbli şeirlərini oxuyub qurtarandan sonra onu bu skamyanın üstündən götürüb balıq kimi suya tullasın.

2009