“Dağlıq Qarabağ münaqişəsi təhdidlə həll oluna bilməz”

dagliq-qarabag-munaqisesi-tehdidle-hell-oluna-bilmez-
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya xarici işlər naziri Eymon Qilmor bu gün İrəvanda keçirilən mətbuat konfransında deyib: “Ümid edirəm ki, bu istiqamətdə Parisdə keçiriləcək (iyunun 18-də) görüşdə irəliləyiş əldə etmək mümkün olacaq”.

Onun sözlərinə görə, insidentlərin araşdırılması mexanizminin yaradılması ona görə mühümdür ki, tərəflər cavab hərəkətlərin qarşısını almaq üçün təmas xəttindən snayperlərin çıxarılmasına zəmanət versinlər: “Bu barədə İrəvanda deyirəm, Bakıda da deyəcəm”.

“Atəşkəs rejimini pozmaqda konkret günahkar olanları cəzalandırmağın vaxtı gəlib çatmayıbmı?” sualını cavablandıran ATƏT sədri bildirib ki, İrlandiya dondurulmuş münaqişələrin həllində böyük təcrübəyə malikdir. Onun sözlərinə görə, uğur əldə etmək üçün keçmiş səhvlərdə günahkar axtarmaq lazım deyil: “Problemin gələcək nizamlanması ilə bağlı düşünmək lazımdır. Dağlıq Qarabağ münaqişəsi güc və ya təhdidlə həll oluna bilməz”.