Dərnəgülün qapıları aralanarsa

dernegulun-qapilari-aralanarsa-
Oxunma sayı: 799

Sətirlərə tökmək lazım bəzən görülənləri, yaşananları... Hər ölkənin, hər şəhərin öz içində saxladığı kiçik həyatlar var, amma bəzən yaşananlar o qədər ağır olur ki, tək bir həyat hekayəsi dinlənildiyi zaman tamam başqa bir miqyasa keçir, bir şəhərdə, böyük bir ölkədə kiçik bir hekayə olmaqdan çıxır.

Dərnəgüldə rastlaşdığım bir həyat hekayəsi kimi. Bir zamanlar universitet tələbələrinin qaldıqları Dərnəgül yataqxanaları 19 ildir ki, məcburi köçkünlərin yaşayış yerinə çevrilib. Deyirlər burada üç mindən artıq ailə yaşayır, on minə yaxın insandan bəhs edilir, gerçək sayları isə tam məlum deyil. Tək bir gerçək var, o da bir mətbəxdən və bir vanna otağından doqquz ailənin istifadə etmək məcburiyyəti...

Bəzən tək bir otaqda yeddi nəfər yaşamalı olur… şagirdi, anası, xəstəsi, yaşlısı, işləyən atası, ağlayan körpəsi…və daha necələri.

Özlərinə aid bazarları var, daha ucuz başa gəldiyi üçün bütün mallar digər rayonlardan gətirilir. Dərnəgül yataqxanalarının yerləşdiyi küçələrin arasından keçən yolun birində öz bazarlarını qurublar. Ət, meyvə, tərəvəz, alt paltarı, üst paltarı, kosmetika, nə axtarsan var burada. Özlərinin dərziləri, kişi və qadın salonları da.

Başqa yerlərdəki qiymətlər çox yüksək olduğu üçün özlərinə aid bu bazar sadəcə rahatlıq deyil, bundan da artıq, bir ehtiyacdır.
Bakının bir-birindən dəbdəbəli binaları gəlir gözümün qarşısına... “Koton”, “Promod”, “Mango” ve “Vero Moda”... sıraya düzülmüş bahalı alış-veriş mərkəzləri... “Hilton”lar... “Four Seasons”lar. Eyni şəhərdə paralel küçələrdə yaşanılan fərqli həyatlar və hər kəs bir-birindən xəbərdar və ya xəbərsiz həyat sürür.

Dərnəgülün qapılarını aralamalı, addım-addım dərbədər olmuş pilləkanları çıxmalı, bu yataqxanalardakı rütubət qoxusunu duymalı, qırıq pəncərələrdən içəri sızan soyuq rüzgarı hiss etməli və bir-bir həyat hekalələrini dinləməli...

Məlahət xanım 1962-ci il Füzuli rayonunda doğulub, üç uşaq anasıdır. 26 ildir, evlidir və hələ 31 yaşındaykən həyatının dönüm nöqtəsini yaşayıb.

İl – 1993. Ermənistan ordusu avqustun 23-ündə Füzuli rayonu işğal edir. İşğal altına alınan ərazi - 1386 km²dir. Azərbaycan ordusu eyni ilin dekabr ayından başlayaraq İrana yaxın 21 kənd və bir qəsəbəni işğaldan azad edir, amma ilk etapda işğal edilən 72 kənd və rayon mərkəzindən 55 minə yaxın insan öz torpaqlarından və yurdlarından qovulur. Məlahət xanım və ailəsi kimi. “Əynimizdəki paltarlar və üç uşaq xaricində heç nə götürmədik Füzulidən” – deyərək anlatmağa başlayır: “Birdən birə güllə-boran başladı, qaçmayan öldürülürdü. Biz bir maşına minib pis hava şəraitində dağlıq yollarla ordan çıxdıq”. İlk dayanacaqları Zaqatala olub, daha sonra Sabirabada köçmüşlər və son dayanacaqları Bakıdır – Dərnəgül yataqxanası. Füzulidə qoyub gəldikləri iki mərtəbəli evlərinin, səkkiz sot bağlarının artıq heç biri yoxdur, bu gündən sonra hər şey xatirələrdən ibarət olacaqdı.

Həyat yoldaşı, qayınanası və qayınatası ilə bir otaqda yaşayıblar bir müddət, ta ki bitişik otağı tələbələrdən satın alana kimi.

45 il rayon-rayon gəzən və sürücülük edən qayınatası Pənah bəy 77 yaşındadır. Bakıya köçdükdən sonra işləməyib amma nəvələrinə baxaraq dəstək olub gəlininə və oğluna. 2009-cu ildən bəri ayaqları tutulub, xidmətə, qayğıya möhtacdır.

Qaynanası - Roza xanım 1993-cü ildən 2003-cü ilədək xəstə olub. 2003-cü ildə isə vəfat edib.

Həyat yoldaşı Seymur bəy uzun illər tikinti sahəsində işləyib, iki ildir ki, köçkünlərin bazarında meyvə və tərəvəz satır. Ən böyük qızları Nuranə 25 yaşındadır, universitetdə hüquq fakültəsində təhsil alıb, indi evlidir, Füzulinin azad olunmuş kəndində yaşayır. Oğlu Turalın 24 yaşı var və restoranda işləyir, bir zamanlar aktyor olmaq arzusu varmış. “Artıq xəyalım yoxdu” - deyir indi.

Ən kiçik qızı Röyanənin 22 yaşı var, jurnalist olmaq istəyirmiş, amma universitetə daxil ola bilmədiyi üçün kompyuter kurslarına yazılıb, kursları bitirdikdən sonra kompyuter dərsləri verməyə başlayıb. Ədəbiyyata böyük marağı var.

Məlahət xanım özü Norveç Qaçqınlar Şurasının layihəsi çərçivəsində icma işlərindən cavabdeh olaraq məcburi köçkünlərlə birlikdə çalışmış, layihə 2008-ci ildə başa çatdıqdan sonra isə başqa yerə iş üçün müraciət etməmişdir. İndi qayınatasına baxır.

Fikrinizdə bitkin, yorğun və gücsüz bir Məlahət xanım canlanırsa əgər, o rəsmi silin ağlınızdan, çünki tam tərsinə həyatın içərisində və hadisələrin qarşısında dimdik duran bir qadın var. Amma güclü olmaq duyğuları acıları unutdurmur, zaman unutdurmur itirilənləri.

“Əgər bu gün torpaqlarımız qayıtsa heç düşünmədən, yalın ayaqla qaça-qaça gedərik Füzuliyə” – bütün məcburi köçkünlər bir ağızdan deyirlər. Hamısı Məlahət xanımın otağında toplaşıblar. Qızı Röyanə o vaxt dörd yaşında olmasına baxmayaraq bir saniyə də düşünmədən dönməyə hazır olduğunu deyir.

Zaman hər şeyin dərmanıdır deyirlər. Və növbəti dəfə anlayıram ki, elə deyil. Zaman alır acılara qatlanmaq, amma zaman acıları yüngülləşdirir də. Yaralar qaysaq bağlayır zamanla, izlər isə əbədidir. Və 19 il öncə yaşananların ardından çox zaman keçib. O günə aid acılar isə hələ çox təzə...