Dilənçi payı

dilenci-payi
Oxunma sayı: 823

Mircəfər Bağırov Azərbaycanın ictimai fikrə təsir edə biləcək istedadlı, savadlı ziyalılarını edam etmək, sürgünə yollamaq yolunu seçmişdisə, Heydər Əliyev bundan daha dəhşətli bir yol seçdi: onları pulla satın aldı, onları alçaltdı, sındırdı, mənən öldürdü... Bəli, prezident təqaüdü adlı “nəzir” və buna bənzər başqa fəxri adlar Heydər Əliyevin Azərbaycan ziyalılarını heç etmək, yox etmək (başqa daha kəskin nə ifadə bilirsinizsə deyə bilərsiniz - X.H) üçün atdığı ən yekə addım idi, düz hədəfə vurduğu bir silah idi. Bu “silah” vaxtilə meydanlarda gur-gur guruldayan, xalqının azadlığının, müstəqilliyinin şərəfinə yekə-yekə poemalar guppuldadan bəxtiyarvahabzadələrin səsini batırdı, onları əydi, sındırdı, heç elədi... İnsanların böyük ümid bəslədiyi, inandığı, nə bilim, şeirlərini, poemalarını birnəfəsə dediyi şair-yazıçıları, ziyalıları pul, şan-şöhrət sındırdı... Ölsəydilər, bundan yaxşı idi. Heç olmasa Hüseyn Cavid, Mikayıl Müşviq kimi KİŞİ kimi anılardılar. Satılmış ziyalılar edam edilən, sürgünə göndərilən həmin ziyalılardan şer, roman yazmağın texnologiyasını əxz edincə, kaş ki KİŞİLİK, ŞƏRƏF, LƏYAQƏT nə deməkdir, onu öyrənəydilər...

***

“Prezident təqaüdü” adlı dilənçi payından danışmaq istəyirəm.
İlk öncə ziyalıların, cəmiyyətdə söz sahibi olan insanların həqiqətən də dövlət səviyyəsində qiymətləndirildiyini hiss etməsi üçün onu kompleksdən azad etmək, həmin yardımların əvvəlindəki “prezident” sözünü başqa bir sözlə əvəz etmək lazımdır (məsələn, “dövlət təqaüdü” və s.). Çünki bu ziyalıların içərisində hakimiyyətin mövqeyini dəstəkləməyənlər də var və onlara “prezident təqaüdü” adlı bir yardımın edilməsi onları ziyalı kimi qiymətləndirməkdən çox, sınmağa sövq etmək təsiri bağışlayır. İkinci bir tərəfdən, təqaüdün verilməsi mexanizmindəki senzura aradan götürülməlidir-sirr deyil ki, bu gün müxalif mövqedən çıxış edən yazarlar daha çox və daha istedadlıdır. Və zənnimcə balansı qorumaq, yəni bu yardımların həqiqətən də istedad sahiblərinə verildiyini sübut etmək üçün Yazıçılar Birliyinə üzvlüyün mütləq olmasını ləğv etmək lazımdır. Azad Yazarlar Ocağında bu təqaüdü haqq edən nə qədər istedadlı yazarlar var ki bu gün onların haqqını Yazıçılar Birliyinin zəli xislətli bisavad qələm əhli yeyir, özlərinin yeməyi azmış kimi “boşqabı” öz övladlarının, tanış-bilişlərinin qarşısına çəkirlər. Bu anormallığı tənzimləmək lazımdır...

Və nəhayət... Mənim də adımı iki il öncə prezident təqaüdü almağa təqdim etdilər. Kaş ki etməsəydilər. İki il bundan öncə aldığım təqaüd hələ də hər addımda üzümə çırpılır, başıma qaxılır. “Neynim, haram tikə yemək mənə düşmür” deyə bilərdim, əgər bu pullar xalqımdan-məndən, səndən oğurlanmasaydı. Məni təqaüdə təqdim edənlər və bu təqaüdü verənlər bu gün nə qədər mənim kimilərin halal haqqını yeyir, başqa yolla cibimizə girib bizdən oğurluq edirlər. Sonra taladıqları pulların dəryada damla misalı çox-çox az hissəsini bizə qaytaranda başımıza qaxınc edirlər. Sanki məsələn, mən prezident təqaüdü adlı ianəni almışamsa prezidentin və onun ətrafındakı adamların qara əməllərinə, xalqı səfalət içərisində yaşamağa məhkum edib, nə bilim, Dubayda mülk-filan tikdirməsinə göz yummalıyam. Yaxud Yazıçılar Birliyinin üzvü ola-ola bu birliyin ölü qurum olduğunu, yalnız yekəqarın əyalət şairlərinin lazımsız kitablarının təqdimatlarının və bu təqdimatlardan sonra “Xəyyami” yerlərdə zəqqumlanmaq üçün nitq irad etməkdən başqa əllərindən bir iş gəlməyən ütülü-kraxmallı “şair”-“yazıçı”ların işinə yaradığını görməməzliyə vurmalıyam. Niyə? Xeyir ola?

Bu təqaüdlə bağlı deyəcəyim son sözlər budur: Ayda 200 manat azdır, bu pula heç “Tommy Hilfiger”dən də düz-əməlli bir kofta alıb geyinmək olmur. Bizdən oğurladıqları pulların həcmini artırsınlar və Azərbaycanın gələcəyini quracaq istedadlı gənclərə layiqincə qayğı göstərsinlər.