Dindarların məhkəməsinə silahla gəldilər

dindarlarin-mehkemesine-silahla-geldiler
Oxunma sayı: 667

Müttəhimlər Əlvan Hüseynov və Rövşən Məmmədovun vəkili Anar Qasımov “Turan”a bildirib ki, prosesdə zərərçəkmiş polislər iştirak edib: “Onların ikisində silah və gözyaşardıcı qaz vardı. Təhlükəsizlik baxımından onların zaldan çıxarılması barədə vəsatət verdim. Hakim vəsatəti təmin etdi”.

Vəkil prosesdə medianın iştirakı, video çəkilişlərin aparılması barədə də vəsatət qaldırıb. Hakim vəsatəti qismən təmin edərək yalnız bir media işçisinə qısa video çəkiliş aparmağa imkan verib. Anar Qasımov hüquqlarını müdafiə etdiyi şəxslərin konkret kimə zərər yetirdiyinə aydınlıq gətirilməsi üçün ittiham tərəfinin açıqlama verməsini tələb edib. Prokuror bunun üçün vaxt istəyib.

Proses sentyabrın 8-də davam edəcək.

Mayın 6-sı Bakıda - Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə 15 nəfər tutulub. Aksiyanın istintaqı Cinayət Məcəlləsinin 221.2.2.(ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə aparılır.