Dörd plastmas ağ qab - Hekayə

dord-plastmas-ag-qab-hekaye-
Oxunma sayı: 905



Dörd plastmas ağ qab


Bir azdan bu otaqda adam öləcək. Onu parçalayacaqlar. Kəsici bıçaqların hər birinin ayrı adı var. Itidirlər, par-par parıldayırlar. Uclarına baxan kimi nə isə kəsməyə həvəslənirsən. Otaqdakı ölü sakitlik bir azdan birini öldürməyə kömək etməyə hazırdır. Maniəsiz ölüm səhnəsi izlənsiz deyə. Kimsə kimsəyə mane olmasın, ölən də rahat ölsün, öldürən də rahat öldürsün deyə. Yan otaqda dörd plastmas ağ qab qoyulub. Qapaqları elə bərk bağlanıb ki, içindəki ilə maraqlanmadan ötə bilmirsən. Qapaqları tələsik açıb-örtən adamın əli görünmədi, qutulardan tələsik ağ buxar çıxdı.
- Neçə saat qalıb?
Qadın əlini gah ovuşdurur, gah xalatının cibinə salıb-çıxarır. Sualın cavabını gözləmir . Cavab almaq üçün sual vermədiyi bəllidir.
- İki.
Kişi saata baxır, dəftərə qeydlər edə-edə cavab verir. Qeyd dəftərini bağlayır,
təqvimin səhifəsini çevirir. Təqvimin hər səfisəsində bir aforizm yazılıb. Oktyabrın iyirmi beşini göstərən səhifədə “Ölüm hələ ayrılıq deyil. Nə zamansa görüşəcəyimiz yer olacaq. Bir odur ki, siz məni dəyişmiş görkəmimdən, mən sizi itmiş yaddaşımdan tanıya bilməyəcəm.”, iyirmi altısını göstərən səhifədə isə “bu dünyada əldə edə bilmədiklərimi o biri dünyada əldə etmək təsəllisi ümidimin son fırıldağıdır” sözləri yazılıb.
Otaqda etinasız vida əsintisi var.
Təyyarə uğultusu eşidilir. İkisi də pəncərəyə boylanır. İkisinin də ürəyindən təyyarəni quşa bənzətmək keçir. Ümid gətirən qaranquşa, məsələn. Təyyarə alçaqdan uçduğundan dəmir qanadları, uğultusu onu quşa oxşatmaq istəklərini heç edir.
- Bir azdan onları da təyyarə ilə aparacaqlar.
Qadın ağ plastmas qutuya baxaraq deyir.
- Təkcə onu yox, yanındakını da. İkisi gedəcək. İkisi qalacaq.
- Nə gedəcək, nə qalacaq, bəlli deyil. Bəlkə heç biri getmədi. Hətta, üçünü aparsalar
belə, bu qutu dolmayacaq, məncə. Onun getməsini istəməz. Buna dözməz.
Kişi sonuncu qutuya baxaraq deyir.
- O, lap uşaqdı.
On altı yaşı tamam belə olmayıb. Qərar vermək daşı çeynəmək qədər çətindi.
- Ən böyük qəddarlıqdı, həm də ən böyük mərhəmət.
Kişi küncdəki şkafın daxıllarını nə isə axtarırmış kimi açıb-bağlayır. Nə isə axtarmadığı
bəllidir.
- Saçları çox gözəldi.
Qadın ah çəkir.

Elə o anda fərqli məkanda, bir-birinə oxşar dörd otaqda yaşananlar:

1-ci otaq

- Məktəbə getmədiyim günlərin dərslərini oxumayacam.
Güləndə yanaqları batan oğlan deyir.
Anası gülümsəyir, portağal soyur, bir müddət çölə boylanandan sonra pəncərəyə
yaxınlaşıb bir-iki dəqiqə üzünü hamıdan gizlətməyə çalışır.
- Eşidirsən? Oxumayacam, deyirəm.
- Oxumalısan. Mütləq oxumalısan.
Ana əsəbi halda geri çevrilir.
- Şaşa deyir mənim dovşanım ölüb.
- Şaşa yox, Saşa. Bir də ki, dovşan ölməyib. O, sadəcə səfərə çıxıb. Əvəzinə isə başqa
dovşanlar qoyub. Evə qayıdanda onları görə biləcəksən.
- Söz ver ki, mən də dovşanım kimi ölməsəm, buraxdığım dərslərin ev tapşırıqlarını
eləməyəcəm.
Oğlan yalvararaq xahişini təkrar edir.
- Yaxşı... Söz verirəm.
Ana təslim olur. Ümidlə qapıya boylanır. Otağa girən kişi başını bulayır. Deyəcək yeni
söz, xeyir xəbər yoxdur deməkdir gözlərə baxmadan məyus-məyus baş bulamaq.

2-ci otaq

- Saat tıqqıldayır. Maşınlar ötüşür. Adamlar bir-birindən xəbərsiz, bir-birinə dəxli yoxmuş kimi gah yanaşı, gah üz-üzə, düzünə, əksinə, paralel, çarpaz addımlayırlar. Toqquşanda səslər ucalır. Gülümsəyənlərin belə hamısı əsl tanış, bir-birindən xəbər tutmuşlar deyillər.
- Məni bağışlamalısan. Səni sevmişəm. Bu, xəyanət deyildi. İnandırıcı sələnməsə də, həyatımda səndən başqası olmayıb kimi hiss edirəm özümü.
Bu, bir rəsmi, iki qeyri rəsmi arvadı, saysız birgecəlik qadını olan kişinin etirafı idi.
Ərinin dediyi sözləri əvvəlcədən bilirmiş kimi qadın hər sözdən dərhal sonra başını tərpədərək təsdiqləyir, dəsmalın künclərini çevirir.
Kimsə yeni xəbər gətirməyə tələsmir, hamı gözünü fərqli yerə zillədiyindən baxışlar toqquşmur.

3-cü otaq

Güzgüsünü gətirdilər. Güzgü gümüşü deyil, xalis gümüşdü. Diblərdən saçlarının
boyası gedib deyə gileylənir. Qeyri-ixtiyari getmə ehtimalı olan başqa şeylərə baxır. Dırnaq boyasına, gözündəki sürməyə. Başına bağladığı “Prada” markalı şərfini düzəldir. Yataq dəsti “Versage” dəndir. Göy paltarın altından “Lacoste” köynəyin ancaq marka yaxalığı görünür. Çarpayısının yanında “United Nude” dan olan əcaib ev ayaqqabıları qoyulub. Kipriklərini iynə ilə ayırmağa çalışır. “Dolaşıq kirpiklər kölgə salıb dolaşıq dünyamızı daha da dolaşıq göstərməsin” deyir, gülümsəyir. Dodaqlarını qulaqlarına doğru bacardıqca çox aparır. Mühüm bir əməliyyatı uğursuz yerinə yetiribmiş kimi “daha gülümsəyəndə yanaqlarım batmır” deyib ah çəksə də, təbəssümünə davam edir. Qətiyyətli səslə “Kim dedi ki, ölümlə nəzakətsiz davranmaq olar? Öz işini vicdanla görənlərə niyə nifrətlə baxaq ki? Bir də o, da bizim deyilmi? Onun da üzünə özünə baxırmış kimi baxmalısan. Yad ki deyil... Sənin ölümündür. Varlığından son, ən mühüm vardır. Mən gözəl ölmək istəyirəm. Bircə deməyin ki, dəli olmuşam. Kraliça Maria Antuanetta tənqidlərə məruz qalırdı. Deyirdilər ki, o süni mədəniyyəti ilə hamını bezdirib. Bu, lazımsız və gülüncdür. Edam olunarkən bu cəsur qadın ayağını tapdalayan cəlladına “bağışlayın cənab, mən bunu bilmədən etdim” deyib.
Hamının üzündə təbəssüm görünür. Kədər qarışıq. Bu səhnəni çəkmək üçün yaxşı rəssam olmaq lazımdır. Təbəssümün gözünə kədər qatıb çəkmək rəssam üçün böyük sınaqdır.

4-cü otaq

“Xabri ən pis hökmdar özünə hökm edə bilməyəndir deyib.”
Bığlı kişi iki gün əvvəl mitinqdə danışdığı sayaq əlini otaqda çertyoj çəkirmiş kimi
yelləyir. Xəstə güclə nəfəs alır, o, isə davam edir...
- Eşit, gör nə deyirəm...
Bu otaqda kimsə Xabrini tanımır. Bəziləri bundan xəcalət belə çəkir. Belə ağıllı söz deyib, bizsə, onu tanımırıq. Hamı Xabrini tanıdığına, ondan belə dəyərli misallar çəkdiyinə görə minnət və sevgi dolu baxışlarla nadir natiqə baxır. Fikri dağılmasın, sözü yarımçıq qalmasın deyə.
- Orqanizm güclü mühəndislə işləyən istehsal müəssisəsidir. İlkin və təkrar emalı,
güclü nəqliyyat sistemi, daşınma və yerləşdirmə, tullantı mərkəzləri, daha nə olsun? Hazırda səninkində bir az çətinlik var. Dünyada da iqtisadi böhran deyilmi? İnfilyasiyanın həddi kəllə-çarxa çatmayıbmı? Balans pozulub, vəssəlam. Xammalın keyfiyyətsiz olub. Bir halda ki, siyasətçisən, birinci özünə hökm etməyi öyrən, xəstə bədəninə bir az da sən dəstək ol.
Yaşlı qadınlar “kişi lap qızıl xırdalayır” deyib pıçıldaşırlar. Əsl siyasətçi inandıra biləndir. Güclə nəfəs alıb verən xəstənin üzündə sözlə təbəssüm yaradandır. Gələcəyə ümid verəndir.
Hamı bir anlığa sakitləşdi, elə bil. Müvəqqəti rahatlığı uzatmaq onlardan asılı olmasa da, kimsə bilsəydi belə, o an diqqəti yayındırmamaq üçün “ən pis hökmdar özünə hökm edə bilməyəndir” sözünun müəllifi Xabri deyil, Katondur deyə pıçıldamazdı.

Ən böyük hökmsə, artıq verilmişdi. Ağ plastmas dörd qutunu tələm-tələsik bağladılar. Xüsusi geyimli enlikürək oğlanlar onları təyinatı yerlərə təslim etməyə tələsdirildilər. Həkimlər papaqlarını çıxardılar, dərindən nəfəs alıb, alınlarının tərini sildirlər. Tibb bacıları bir qurtum su içmək üçün otaqlarına tələsdilər.
- Dördüncü qutu da boş qalmadı. Ürəyi ona qoydular.
Təqvimə baxa-baxa tibb bacısı pıçıldadı.
Dörd ağ qutu atanın üzünü beyni çoxdan ölən qızının güclə alıb-verdiyi nəfəsinə dayayıb saçlarını sığallayaraq “aparatı saxlayın, orqanların verilməsinə razıyam” sözlərindən sonra doldu.
Bir böyrək səkkiz yaşlı uşağa, o biri böyrək xəyanətkar həyat yoldaşına, qaraciyər qırx beş yaşında hələ də ağ atlı oğlanın gələcəyinə inanaraq bahalı paltarlarla hazır dayanan bank işçisi qadına, ürək nəyisə dəyişəcəyinə özü də inanmayan, xəstə ürəyi ilə ürəksiz futuralist çıxışlar edən qoca siyasətçiyə göndərildi.
Atanın gözlərində yaş görünmürdü. Nifrətlə baxırdı həkimlərə, qızını parçalayan iti bıçaqlara. Cavabsız sual eşirdi içini. Niyə onun qızı? Tükdən asılı təsəlli ovudurdu güclə keyimiş ruhunu. Kaş, yeni sahibləri layiq olaydılar qızının böyrəyinə, ciyərinə, ürəyinə...