Dörd yazarlıq masa

dord-yazarliq-masa
Oxunma sayı: 654

Ağlayan qadın “Qayıdaq” deyir, qayıtmayacaqlarını dördü də bilir. Qayıtmaq üçün gəlməyiblər. Niyə gəliblər? Heç biri dəqiq cavab verə bilməz. Onların heç birinin qayıtmaq imkanı yoxdu. Gedənlər heç vaxt qayıtmırlar. Qayıdanlar o gedənlər deyil. Dəyişiblər, qayıtmaq istədikləri yer dəyişib, zaman dəyişib. Köhnə hala qayıtmaq mümkün deyil, bu qayıtmaq özü yeni nədirsə. Nədir?.. Bunu düşünməyə vaxtları yoxdur.

Ümumiyyətlə, vaxtları yoxdur. İndi keçəcək zaman saat, dəqiqə, saniyə hesabı ilə getmir. İndi hesab başqadır. Hesaba qoyulan yaşantılardır. Kim hesablaya bilər bu, axşamın necənci ağrısı, neçənci sevgisi, neçənci həsrəti, neçənci məyusluğu, neçənci ümididir. Axşamın gözyaşıdırmı, gecənin gülüşdürmü… Fərqi yoxdu. Onlar hesablamağa gəlməyiblər…
Dörd nəfərlik masa… İki pivə qədəhi, 2 qəhvə fincanı. İki kişi, iki qadın. İkisi artıqdı, amma hansı cütlük alınmayıb, bunu heç birimiz bilmirik...
Üçü sərxoş, biri ayıq – onlardan daha çox sərxoş yəni. Araq qədəhində mineral su içmək daha təhlükəliymiş. Xəbərdarlığı Səhiyyə Nazirliyi etməyib. Həkimlər bu barədə bilmirlər. Onlar nəyi bilirlər ki? Əti və sümüyü kəsməyi, bədənin xəstəliyinin diaqnozunu təyin etməyi, müalicə yazmağı. Təcili tibbi yardım çağırın, diaqnozu biz deyərik: sevginin ağırlaşmış halı, üstəgəl xroniki intizar, ümidsizliyin rəqəmlə hesablamağın mümkün olmayan dərəcəsi, xoşbəxtliyə aludəçilik… Qoy müalicə yazsınlar, dərmanları taparıq, sonuncu pulumuzu toplarıq, Allah, şükür, acından ölmürük, dostlarımız kömək edər – yenə şükürlər olsun, sayları az deyil, lap xaricə əməliyyata yollarlar…

Təcili yardım gələnə qədər susaq… Əslində, gəlib çıxmayacaq. Bizim xəstə olduğumuz heç kəsin ağlına gəlmir. Özünümüalicə ilə məşğul olaq. Məsələn, gizli yaralara şeir sürtək, söz vuraq, musiqi bağlayaq… Yox… lənət şeytana, biz həkim deyilik…

Qadınlardan biri “Şamı yandırın” deyir. Romantika istəmirik, yox, içimizdəki qaranlıqdan qaçırıq. Kişilər “Ay qız, bir şam kifayət eləməz, bizim qaranlığımız daha böyükdür” demir. Sabah üçün yeməyə, geyməyə bir az ümid saxlamaq lazımdı…

Bayaq ağlayan qadın indi də gülür. İndi ağlamaq növbəsi o birinindi. Bilmir nəyə ağlayır, sevgisinə, taleyinə, tənhalığına? Nə fərqi. Heyif, ağappaq salfetlər korlanır. Kimin ağlına gəlib ki, bu ağ salfetləri bu qədər bol düzsün süfrəyə. Olmasa, gözümüzün yaşı da az axardı bəlkə…

Birinci qadın, axır ki, işıq axtarmağın mənasızlığını anlayır. Guya şamın titrək alovuna hirslənir, olmayan saxta qəzəbilə ona üfürür, söndürür, qırmızı şamın təpəsinə ağ salfet keçirir. Sonuncu ümidin, sonuncu işığın qəbrini qazırıq. Alışqanların alovu zəifdi. Həm onlar siqaret yandırmaq üçün lazım olan qısa zaman kəsiyi üçündü…

Qəhvələr içilib, pivələr boşalır. Sırada planlardır. Hə, kimin nə planı var? TV, sayt, Nobel… İlahi, heç birimizin planında xoşbəxtlik yoxdu… Harda gizlənib axı o məlun? Kimin üçünsə yanaşı kətildə, kimin üçünsə gəlməyən telefon zənginin səsində…

Dörd bədbəxt… Hərəsi bir tərəfə çəkir, biri Peterburqa, biri Dublinə, biri Gəncəyə, o biri Bakıya… Dostoyevski, Coys yada düşür. Nizaminin üstündən keçirik – məclis onun məclisi deyil, Füzulini yada salmaq məsləhət deyil, bir az üzü bəriyə gələk. Hə, Qulu Ağsəs yaxşıdı. Şeirindən başlasaq da, lətifəsinə çıxacağıq sonda. Qadınlar yaş kirpiklərinə gülüş asmaq istəyəcək - kişilər yavaşca güləcəklər ki, kipriklər bu yükü astaca gözlərə ötürə bilsin.

Biz bir-birimizi ötürürük, evlərimizə yox, sabaha, birigünə. Naməlum istiqamətə…

Ötürmək vaxtının ayrılmaq dəqiqəsidir. Ayrılmaq, sadəcə, getməkdir, nəyisə ayırmaq deyil, çünki sənin olan səninlə gedir. Sənin olan sənin içindədir, beynindədir, ruhundadır. Və bu mənada insan oğurluğu oğurluq deyil. Bu əmlakı müsadirə eləmək olmur…

İçimizdəki uşağı aparıb gedirik. O bizdən heç uzaqlaşmadı ki. O bizi daha çox qoruya bilər. Həkimdən, polisdən, hakimdən…