Dövlət idarələrində ibadət otaqları qadağan olunacaq

dovlet-idarelerinde-ibadet-otaqlari-qadagan-olunacaq
Oxunma sayı: 739

“Qafqazinfo”nun məlumatına görə, bu həftənin çərşənbə günü "Dini fəaliyyət və dini birliklər haqqında" qanun layihəsi ölkə parlamentinin müzakirəsinə çıxarılıb.
Dini işlər üzrə dövlət agentliyinin rəhbəri Kayrat Lama Serif jurnalistlərə açıqlamasında bildirib ki, dövlət idarələri, təhsil müəssisələri, xəstəxanalar və hərbi hissələrdə belə otaqlar olmayacaq. Dövlət rəsmisinin sözlərinə görə, qanunun tələblərini pozan məmurlar cərimə olunacaqlar. Kayrat Lama Şerif ictimai yerlərdə və hava limanlarında ibadət otaqlarının saxlanılacağını deyib.
İctimai yerlərdə hicab geyinməyin qadağan olunması ilə bağlı suala münasibət bildirən Şerif deyib ki, belə qadağalar nəzərdə tutulmur. Xatırladaq ki, Qazaxıstanın baş naziri Kərim Məsimov hicabla bağlı ayrıca qanunun qəbul edilməyəcəyini demişdi. Kayrat Lama Serif də baş nazirin mövqeyini dəstəklədiyini ifadə edib.
Qazaxıstan parlamentinə təqdim olunan dini məsələləri tənzimləmək üçün nəzərdə tutulan bu qanun layihəsi çox sürətlə işlənib hazırlanmışdı. Ölkə prezidenti Nursultan Nazabayev dini birliklərin fəaliyyəti barədə daha sərt qanunun qəbulu üçün parlamentin həm aşağı və yuxarı palatalarına göstərişlər verdiyi bildirilir.
2009-cu ilin göstəricilərinə görə, Qazaxıstan əhalisinin böyük əksəriyyəti (təxminən 97% -i) bu və ya başqa dinə inandığını bildirib. Yalnız 3% əhali heç bir dinə inanmadığını deyib. Qazaxıstanda dini konfenssiyaların tərkibinin 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir.