BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

bdu-da-elmi-suranin-novbeti-iclasi-kecirilib
Oxunma sayı: 2196

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə 2017-ci ildə BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı hesabatla çıxış edib. 

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev BDU ilə AMEA-nın birgə əməkdaşlığının elm və təhsilin inkişafına öz təsirini göstərməsindən, Akademiyada işləyənlərin böyük əksəriyyətinin BDU məzunu olmasından, BDU-nun elmi hesabatlarının hər il daha da təkmilləşməsindən danışıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə birinci yeri tutmuş təbiət fakültələri üzrə Kimya və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası, Humanitar fakültələr üzrə Jurnalistika, Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrası mükafatlandırılıb.

2017-ci ildə əldə etdikləri ən yüksək elmi nailiyyətlərinə görə, Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Ralfrid Həsənov və Tarix fakültəsinin Azərbaycan tarixi (Təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev “İlin alimi” fəxri adına layiq görülüblər. Kimya fakültəsinin Metalkompleks katalizatorları ETL-nin elmi işçisi Ofelya Balayeva, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova 2017-ci ildə yüksək uğurlar əldə etdiyinə görə Fəxri fərmanla təltif olunublar.