Jurnalistika vacib peşədir. Əli yanan, ürəyi bulanan, atılan, aldadılan, sevilən, zorlanan- yəni dara düşəndə qara camaatın mədət umduğu, kömək gözlədiyi, ədalət gözlədiyi, deyə bilmədikləri sözlərini, çatdıra bilmədikləri səslərini, dərdlərini-sərlərini duyuran adamlardır jurnalistlər. Təsəvvür edin, ədalət sarayından-məhkəmədən jurnalistə şikayət edir insanlar. Azərsudan, Azəristilikdən, Hacıbala Abutalıbovdan, səhiyyədən qaçanda, jurnalistlərə sığınır insanlar. Di gəl, bu işin də qara, sarı tərəfləri var. Həmişə düşünürəm, əgər xalq sənə inanırsa, səndən mədət umursa sən niyə yalan danışırsan? Nəyə görə dezinformasiyaya ehtiyac duyursan? Axı sənin işin də ən azı həkiminki qədər məsuliyyət və vicdan tələb edir. Ancaq indi artıq mənə hər şey gün kimi aydındır.
Yəqin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş verənlərdən xəbərdarsız. O fakültə ki, sabah bizim sözümüzü lazımı yerlərə çatdıracaq, dördüncü hakimiyyət üçün peşə sahibləri yetişdirir cəmiyyətə. Xəbəri olmayanlar üçün bir balaca özət verim hadisədən. Deməli, tələbələrdən biri dekanlıq barədə Facebook sosial şəbəkəsində status yazıb. Dekan müavini olan gənc xanım da alıb telefonu əlinə, cəmi sinif nümayəndələrinə səs yazısı göndərib. Deyib, “Yığışdırın özünüzü. Əgər bir də dekanlıq barədə sosial şəbəkələrdə tənqidi status yazsanız, ciddi cəza tədbirləri görəcəyik” Budur, gələcəyin jurnalistlərinə ilk qadağa elə təhsil ocaqlarından gəldi. “Yazmayın! Tənqid etməyin!” bütün bunlar bir yana, müavin xanımın dediyi onca hədə qorxunun, onca ürək bulandıran ifadələrin arasında çox gözəl bir həqiqət vardı. Dedi, “Dekanlığın mətbəxinin məlumatlarını çölə çıxarmayın.” Çox doğru ifadədir, “dekanlığın mətbəxi.”
Təbii, bu yazını yazmaqda məqsədim Aytəkin xanımın özü demiş, təziqini qaldırmaq deyil. Çünki o, tələbələri hədələyən ilk dekan müavini deyil. Tələbəni intihar həddinə çatdıran, oxuduğu peşəsini gözündən salan, ümidini bu gündən-sabahdan üzən nə dekanlar, nə müavinlər, nə müəllimlər görmüşük. Səsimiz ona görə Aytəkin xanıma çıxdı ki, bu artıq taleyin ironiyası idi. Çünki, jurnalisti belə susdurmaq, şəxsiyyəti təhqir etmək , hədələmək olmaz, xanım. Bəxtiniz onda gətirmədi ki, siz gəncləri susdurmaq istəyərkən onlar sizin öz səsinizi eşitdirdilər bizə, bizim də borcumuz gələcəyin haqq carçılarının haqqını müdafiə etməkdir, inciməyin.
Sizin işdən uzaqlaşadırılmağınızı istməzdim, inanın səmimiyətimə. Çünki bu, heç birimiz üçün heç nəyi dəyişməyəcək. İstədiyim gənc və gözəl xanımdan gələcəyin jurnalistlərinə dostcasına rəftar, dostcasına münasibətdir, vəssalam. Çünki bizim sındırılmış yox, qətiyyətli, sözü daşdan keçən jurnalistlərə ehtiyacımız var.
Son xəbərlər
Son Xəbərlər