BDU qalibləri mükafatlandırdı

bdu-qalibleri-mukafatlandirdi
Oxunma sayı: 717

Bakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclasında rektor, akademik Abel Məhərrəmov IV İslam Həmrəyliyi Oyunlarında  şotokan karate do idman növü üzrə qızıl medal qazanmış universitetin Filologiya, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin yetirmələri - Fəridə Abiyeva və Ayxan Mamayevi təbrik edib. 

BDU-dan “Qafqazinfo”ya daxil olan xəbərə görə, Abel Məhərrəmov azərbaycanlı idmançıların yüksək nəticələr göstərdiyini qeyd edib, qızıl medalçılar - Ayxan Mamayev və Fəridə Abiyevanın  uğurları ilə BDU kollektivinin də fəxr etdiyini bildirib, ölkəmizin adını daim zirvələrə ucaltmalarını arzulayıb.

Qaliblərin IV İslam Həmrəyliyi Oyunlarındakı  final görüşlərindən ibarət foto və video-çarx izlənildikdən sonra rektor çempionlara universitetin xatirə hədiyyələrini təqdim edib.

Görüşə görə təşəkkür edən qızıl medal sahibləri hər zaman universitet rəhbərliyinin diqqət və qayğısını hiss etdiklərini bildirərək BDU kollektivinə minnətdarlıq ediblər.