BDU yeni tədris ilinə necə hazırlaşıb?

bdu-yeni-tedris-iline-nece-hazirlasib
Oxunma sayı: 1341

Bu gün Bakı Dövlət Universitetində Bilik günü münasibətilə tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib.

Qeyd edək ki, 21 minə yaxın tələbənin təhsil aldığı Bakı Dövlət Universitetində 17 fakültə, 125 kafedra, 60-dək ixtisas var. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır, ümumilikdə 10-dan çox xarici dil tədris olunur. Bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 60 ixtisas üzrə 4269, magistratura pilləsinə 199 ixtisaslaşma üzrə 617, “SABAH” qruplarına isə 13 ixtisas üzrə 179 tələbə daxil olub. Bakalavr pilləsinə daxil olan tələbələrdən 6 nəfəri Prezident təqaüdünə layiq görülüb. Eyni zamanda, «SABAH» qrupları üzrə Azərbaycan dili və müəllimliyi ixtisası açılıb, bu qrupun bütün auditoriyaları texniki avandanlıqla tam təmin olunub. «SABAH»ın 25 nəfər tələbəsi Londonda yay məktəbində iştirak ediblər.

Bakı Dövlət Universiteti 200-dən çox xarici universitetlə əməkdaşlıq edir. Universitetlər arasında imzalanmış müqavilələrə, eyni zamanda, Erasmus-Mundos, Mövlanə proqramları, Koreya Fondunun dəstəyi və beynəlxalq qrantlar hesabına BDU əməkdaşları və tələbələri Çin, Koreya, Yaponiya, Türkiyə, Avropa ölkələri və Amerika Birləşmiş Şatlarında davamlı olaraq təcrübə keçirlər.
BDU nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» liseyini indiyədək bitirən məzunların hamısı yerli və xarici universitetlərə daxil olublar. Bu il liseyi bitirən 55 şagirdin yarısı qəbul imtahanlarında 600-dən çox bal toplayıb.
Bu il universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində dövlət və ictimai münasibətlər, Marketinq ixtisasları açılıb.

Hər il oldugu kimi, bu il də universitetdə yeni dərsliklər və dərs vəsaitləri, metodiki göstərişlər, fənn proqramları, tədris planlarının yazılması ilə yanaşı, bir çox şöbələr yenidən qurularaq istifadəyə verilib.
Yeni tədris ili ərəfəsində Bakı Dövlət Universiteti növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb. Ali məktəblərdə tədrisin keyfiyyətinə görə beynəlxaq Round University Ranking reytinqində BDU 750 universitet arasında 656-cı olub.

Xatırladaq ki, reytinq "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb. Bununla yanaşı, Bakı Dövlət Universiteti dünya universtitetlərinin nüfuzlu “QS World University Rankings 2015/2016” reytinqində də yer alıb. BDU reytinqdə 701+ yerdə qərarlaşıb.