Dünyanı qlobal su qıtlığı gözləyir

dunyani-qlobal-su-qitligi-gozleyir
Oxunma sayı: 677

Yaranmış vəziyyət su resurslarının idarə olunmasına yanaşmanın radikal surətdə dəyişdirilməsini tələb edir”. AzərTAc-ın məlumatına görə, BMT-nin dünyanın su ehtiyatlarının vəziyyəti haqqında məruzəsində belə deyilir.

Məruzədə qeyd olunur ki, su təchizatı və kanalizasiya infrastrukturu dünyada şəhər əhalisinin artımının öhdəsindən çətinliklə gəlir: “Üstəlik, şəhər əhalisinin 2050-ci ilədək iki dəfə artaraq 6,3 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Hazırda dünyada çirkab sularının 80 faizindən çoxu kollektorlara daxil olmur və təmizlənmir. 2050-ci ilədək dünyada ərzağa, xüsusən heyvandarlıq məhsullarına tələbatın 70 faiz artacağı gözlənilir. Ərzaq məhsulları istehsalının genişlənməsi nəticəsində kənd təsərrüfatında qlobal su istehlakı (bu gün şirin su ehtiyatlarının 70 faizi onun payına düşür) azı 19 faiz artacaq.

Su ehtiyatlarına artan tələbatın öhdəsindən gəlmək üçün yeraltı su mənbələrindən getdikcə daha çox istifadə olunacaq. Son 50 ildə yeraltı suların çıxarılması üç dəfə artıb. Bəzi yeraltı rezervuarlarda su ehtiyatlarının bərpası qeyri-mümkündür, çünki su son dərəcə aşağı səviyyəyə çatıb. Bununla əlaqədar olaraq bir çox ölkələr öz milli yurisdiksiyasından kənarda, xüsusən Afrika qitəsində münbit torpaqlar alırlar.

İqlim dəyişmələri yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcək. O, yağıntının paylanmasında, torpağın rütubətində, buzlaqların əriməsində, çay axarında, habelə yeraltı suların vəziyyətində əks olunacaq. Artıq indinin özündə daşqın və quraqlıq kimi su ilə bağlı olan təhlükəli təbiət hadisələrinin tezliyi və sərtliyi artıb”.

Məruzə müəllifləri iddia edirlər ki, 2030-cu ilədək iqlim dəyişmələri Cənubi Asiyada və Cənubi Afrikada ərzaq istehsalına əhəmiyyətli təsir göstərəcək: “2070-ci ilədək Mərkəzi və Cənubi Avropada hiss ediləcək su qıtlığı təkcə bu regionda 44 milyon adamın həyatına təsir edəcək”.