Bədxərclikdən necə yaxa qurtarmaq olar?

bedxerclikden-nece-yaxa-qurtarmaq-olar
Oxunma sayı: 2007


Bədxərc olan belə adamlar qənaət edə bilmir, əlinə pul düşən kimi lazımsız yerlərə xərcləyir, daim kiməsə borclu olur, bitib-tükənməyən kreditlərə görə başı ağrıyır. Psixoloqlar bu cür vəziyyətə son qoymaq üçün qənaət etməyi və pul yığmağı öyrənməyi məsləhət görürlər. “Qafqazinfo” “Ekspress” qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edir.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, hədsiz qənaətcil olan, daim pul yığan, özünə, balalarına belə pul xərcləməyə qıymayan xəsislərlə yanaşı, ifrat dərəcədə bədxərclər də olur. Hansı ki, belələri son qəpiyini mənasız bir şeyə görə xərcləyir. Onları qənaət etməyə öyrətmək çox çətindir. Belə insanlar pul xərcləməkdən zövq alır, nəfslərinə sahib çıxa bilmir, iradəsiz olurlar. Bir qədər laqeyd olan bu insanların yaxınları çox əziyyət çəkir, onların yerinə borclarını ödəməli olurlar. "Vəziyyət ağırlaşdıqca məsuliyyət hissləri oyansa da, özləri ilə mübarizə apara bilmirlər. Həm də bədxərc insanların əksəriyyəti hər şeyin yaxşısına sahib olmaq, rahatlığı sevdikləri üçün də bu vəziyyətə düşürlər".

Bədxərcliyə sürükləyən digər psixoloji amil alış-veriş etməklə mənəvi rahatlıq tapmaqdır: "Xüsusilə də qadınlar geyim, kosmetika və s. alaraq əhvallarını yüksəldirlər. Yaxşı olardı ki, bunu etmək əvəzinə, onların əhvalına mənfi təsir edən hadisələri təhlil edib dəyişdirməyə çalışsınlar. Alış-veriş nəticəsində yaranan rahatlıq müvəqqətidir. Əsas problemin kökünü tapmaq və həll etmək lazımdır".

L.Əhmədova belə insanlara pula qarşı diqqətli olmağı məsləhət görür: "Bəzən bədxərclər bildirir ki, onlar pulun nəyə xərclədiyinin fərqində deyillər. Yaxşı olar ki, xərclərinizi qeyd etmək üçün qeyd dəftəri tutasınız. Qeyd dəftərində böyük miqdarda xərclərdən tutmuş xırda xərclərə qədər hər şeyi yazın. Ayın axırı xərclədiyinizin pulun miqdarını toplayın. Nəticə sizi təəccübləndirəcək. Xərclərin siyahısına baxaraq, bəzilərini ixtisara salmağa çalışın".

Həmsöhbətimizə görə, xərclərin siyahıya alınması əvvəlcə yorucu görünə bilər, amma sonradan buna öyrəşiləcək: "Əgər bu proses sizə çox yorucu gəlirsə, ildə bir-iki ayı hesabat üçün ayırın. Həmin aylarda xərclərinizi qeyd edib, hansı ixtisarları aparmalı olacağınızı və nə qədər qənaət edəcəyinizi dəqiqləşdirin".

""Qənaət etdikdə qazanırsız" prinsipi ilə yaşasanız, pulunuz cibinizdə qalacaq" deyən Bakıdakı şirkətlərdən birinin rəhbəri Hafiz Mirzəyev gün ərzində lazım olan pulu hesablamağı məsləhət görür: "Yemək, yol, kommunal xərclər üçün nə qədər pul xərclədiyinizi hesablayıb həmin məbləği 30-a vurun. Alınan məbləğ bir aya bəs etməlidir. Qalan pulu isə yığa bilərsiniz. Bədxərcsinizsə, pulu özünüzdən uzaq yerə gizlədin, ya da müəyyən məbləği yığıb banka qoyun".

Onun dediyinə görə, özünə nəzarət etmədən pul yığmaq çətindir: "Nə qədər çox pul qazansan da, nəyə gəldi pul versən, ayın axırına pulsuz qalarsan. Maaşın yalnız vacib şeylərə xərcləsən belə, çatmırsa, kənara heç nə qoya bilmirsənsə, hər dəfə qəpikləri də yığaraq müəyyən məbləğə qənaət edə bilərsən. Ehtiyacın olduqda isə həmin puldan istifadə edə bilərsən".

Müsahibimiz bildirib ki, xərclərinə nəzarət edə bilməyənlər üçün pulunu banka qoymaq yaxşı üsuldur. Həm bankda pulun üstünə az da olsa faiz gələcək, həm də müqavilə imzalayaraq faizi itirməmək üçün bir müddət pulu bankdan çıxara bilməyəcəksiz: "Pul sizdən nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Onu asanlıqla xərcləyə bilməyəcəksiniz".

Qeyd edək ki, bankdan kredit götürmək də bədxərcləri pis vəziyyətə salır. Yığılan faizləri asanlıqla ödəyəcəyini zənn edən bədxərclər əlinə pul düşən kimi nəfslərini saxlaya bilmir və başqa şeylərə xərcləyirlər.

Qənaət etməyin digər yolu isə evdən çıxarkən az pul götürməkdir. Nə qədər az pul götürsən, o qədər az da xərcləyəcəksən. İstəklər imkana görə artır. Əgər özünlə hər zaman az miqdarda pul götürsən, həmin məbləğə uyğun gününü keçirməyi öyrənəcəksən.

H.Mirzəyev qeyd edib ki, borc almaq da artıq xərclərə gətirib çıxarır: "Nə borc almaq, nə də borc vermək məsləhət deyil. Hər iki halda pullarınızı itirə bilərsiz. Yaxınlara belə borc verdikdə, münasibətlər pozulur. Əgər kiməsə borc vermək fikrin varsa, ona sadəcə hədiyyə vermək istədiyin məbləğdə pul ver".

Onun dediyinə görə, pulu asan yığmağın bir yolu da qarşına hansısa məqsədi qoymaqdır: "Misal üçün, nəsə almaq istəyirsiniz və bunun üçün də bacardıqca qənaət edəcək və pul yığacaqsınız. Ya da pulu qarşıda ola biləcək pis gün üçün yığın. Hər bir insanın həyatında çətin günlər ola bilər. Kimsə xəstələnə, evsiz qala və s. ola bilər. Bunun üçün pul yığmağa başlayın".